Məhkəmə qərarları › İş №2-1(103)-973/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-973/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-973/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə (hazırda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “ona 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1453/2019 saylı 21 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. EZ seriyalı ******* saylı hərbi biletininə əsasən 20.05.1983-cü il tarixdən 17.05.1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01-132 saylı 18.04.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 1985-ci ildə geoloji kəşfiyyat fakultəsinin “Neft və qaz yataqlarının geologiyası və axtarışı” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş, 1990-cı ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyanın 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən 52 yaşdan, yəni 10.11.2016-cı il tarixdən təyin edilərək hazıradək hesablanmaqla yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********6 saylı 16.03.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuş, 1985-1990-cı illərdə əyani təhsil almış və 1982-ci ildən əmək kitabçasında qeyd edilən işlərdə çalışmış, 1990-cı ildən hal-hazıradək isə dənizdə işləyir. 01.01.2006-cı ilədək tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajını toplamış, bu səbəbdən də, 52 yaşında əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiyası 52 yaşdan əvvələr qüvvədə olmuş qanunvericilikə müəyyən olunmuş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə ki, 22.08.1990-cı ildən 02.06.2009-cu ilədək işlədiyi geoloq və partiya rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın Xİİ bölməsinin “b” bəndində 2130100b17541 kodu ilə güzəştli iş stajı kimi təsdiq edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1453/2019 saylı 21 may 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşından, yəni 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 07 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 05.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Apellyasiya icraatı zamanı cavabdeh DSMF-nun Bakı şəhəri Suraxanı rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İşdən görünür ki, iddiaçı 01.01.2006-cı il tarixədək onun 20 ildən artıq ümumi staja malik olmasına, bu dövrün 10 ildən çoxunun güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili barədə sənədini, hərbi biletini, əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 22.08.1990-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 22.08.1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Komya İnstitutunu bitirmiş gənc mütəxəssis kimi kəşfiyyat partiyasına geoloq vəzifəsinə qəbul edilmiş, 01.04.1992-ci ildə həmin kəşfiyyat partiyasında İİ kat. geoloq vəzifəsinə keçirilmiş, 01.07.1992-ci ildə İ kat. geoloq vəzifəsinə keçirilib, 19.07.1993-cü ildə kəşfiyyat partiyasının rəisi (13-cü dərəcə) keçirilmiş, 01.11.1999-cu ildə 14-cü dərəcə təyin edilmiş, 01.05.2003-cü ildə struktur dəyişikliyinə görə kəşfiyyat partiyasına 14-cü dər. Rəis vəzifəsinə qəbul edilmiş və onunla əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 03.02.2006-cı ildə X13 və topoqrafiya idarəsi mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən ARDNŞ-nin “Geofizikavə Geologiya İdarəsinin tabeliyinə verilmiş, 02.06.2009-cu ildə X4 16-cı dərəcə ilə ekspedisiya rəisi vəzifəsinə təyin edilmiş, 31.08.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 01.09.2012-ci ildə ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunub, 22.01.2014-cü ildə həmin idarədə 15-ci dərəcə partiya rəisi vəzifəsinə, 01.12.2015-ci ildə isə 16-cı dərəcə partiya rəisi vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumi stajı 15 il 4 ay təşkil edir. İddiaçının 20.05.1983-cü ildən 17.05.1985-ci ilə qədər (1 il 11 ay 27 gün) hərbi xidmətdə olduğu, 11.08.1985-ci il tarixdən 27.07.1990-cı ilə qədər (4 il 11 ay 14 gün) təhsil aldığı dövrlərə gəldikdə isə, məhkəmə kollegiyası həmin dövrlərdə qüvvədə olmuş əmək pensiyaları münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından hesab edir ki, həmin dövrlər şəxsin ümumi stajına daxil edilməlidir. Belə ki, 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək hərbi xidmətdə olduğu 1 il 11 ay 27 gün, təhsil aldığı 4 il 11 ay 14 gün və əmək kitabçasında qeyd olunan işlərdə işlədiyi 15 il 4 ay nəzərə alınmaqla 20 ildən artıq ümumi stajının olduğu müəyyən olunur. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla tələb olunan 10 il güzəştli stajına münasibətdə isə qeyd olunmalıdır ki, bu şərt də hazırki iş üzrə ödənilir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş SOCAR-ın Geofizika və Geologiya idarəsinin SOCAR**********80020123X00011 saylı 18.01.2017-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən “Xəzərdənizneftqaz” X8 X18 idarəsində geoloq, X13 və Topoqrafiya İdarəsində rəis, X2 ekspedisiya rəisi, ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. 24.08.1990-cı il tarixli 100k saylı əmrə əsasən “Xəzərdənizneftqaz” X8 X18 idarəsində geoloq vəzifəsinə qəbul olunmuş, 20.07.1993-cü il tarixli 51-k saylı əmrə əsasən Kompleks X18 partiyasında 13-cü dərəcəli partiya rəisi, 01.05.2003-cü il tarixli 9k saylı əmrə əsasən X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, 02.06.2009-cu il tarixli 69k saylı əmrə əsasən X2 ekspedisiya rəisi vəzifəsinə keçirilmiş, 30.08.2012-ci ild tarixli 55k saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, 01.09.2012-ci il tarixli 107k saylı əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunmuş və hal-hazirda işləyir. Onun 24.08.1990-cı ildən 17.01.2017-ci ilədək iş stajı 26 il 5 aydır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Apellyasiya baxışı zamanı İddiaçı 24.08.1990-cı ildən 17.01.2017-ci ilə qədər “Xəzərdənizneftqaz” X8 X18 partiyasında işlədiyi geoloq, 13-cü dərəcəli partiya rəisi, X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, X2 ekspedisiya rəisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi Kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısında nəzərdə tutulan hansı vəzifənin funksiyaları ilə eynilik təşkil etməsi və hansı ştrix kod altında olan vəzifəyə uyğun olması (ştrix kod dəqiq göstərilməklə) barədə məhkəməyə məlumat verilməsi ilə bağlı SOCAR Geofizika və Geologiya İdarəsi ASC-yə müvafiq sorğu məktubu göndərilmişdir. Həmin sorğuya SOCAR Geofizika və Geologiya İdarəsi ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən “Xəzərdənizneftqaz” X8 X18 idarəsində geoloq, X13 və Topoqrafiya İdarəsində rəis, X2 ekspedisiya rəisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. O, 100-k saylı 24.08.1990-cı il tarixli əmrə əsasən “Xəzərdənizneftqaz” X8 X18 idarəsində geoloq vəzifəsinə qəbul olunmuş, 51-k saylı 20.07.1993-cü il tarixli əmrə əsasən Kompleks X18 partiyasında 13-cü dərəcəli partiya rəisi, 9-k saylı 01.05.2003-cü il tarixli əmrə əsasən X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, 69-k saylı 02.06.2009-cu il tarixli əmrə əsasən X2 ekspedisiya rəisi vəzifəsinə keçirilmiş, 5-k saylı 30.08.2012-ci ild tarixli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, 107-k saylı 01.09.2012-ci il tarixli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunmuş və hal-hazirda işləyir. Onun 24.08.1990-cı il tarixdən 25.05.2021-ci il tarixədək cəmi iş stajı və güzəştli iş stajı 30 il 9 aydır. İddiaçı işlədiyi geoloq və kəşfiyyat partiyasının rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün). neft, qaz, qaz kondensanti, kömür və şistin emalı X.1 bəndində “Rəhbərlər və mütəxəssislər” 1100000b yarımbəndində: 1100000b-17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, 1100000b-23886 dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri göstərilmişdir. SSRİ Neftqazsənayesi Nazirliyinin 220 saylı 29.04.1988-ci il tarixli əmrinə əsasən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyi ləğv edilmiş və “Xəzərdənizneftqaz” İstehsalat Birliyi yaradılmışdır. X9 X15 əsasında Kompleks X18 İdarəsi təşkil edilmişdir. Quruda və Dənizdə Neft və X5 birləşdirilmiş və onların bazasında “AZneft” İstehsalat Birliyi yaradılmışdır. X1 və Kompleks X18 İdarəsi yaradılmışdır. ARDNŞ-nin 64 saylı 30.12.2007ci il tarixli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında 104 nömrəli 10 avqust 2012-ci il tarixli əmrinə əsasən X13 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X14 Ekspedisiyası yaradılmışdır. Geofizika və Geologiya İdarəsinin tabeliyində olan X14 Ekspedisiyası ARDNŞ-nin 13-1000-01-SM-05-000033 saylı 27.12.2013-cü il tarixli əmri ilə X14 İstehsalat Bölümü adlandırılmışdır. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 10 ildən artıq işlədiyi “geoloq, kəşfiyyat partiyasının rəsi, ekspedisiya rəisi” peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə və peşəyə aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiqlənmişdir. Beləliklə, iddiaçının 52 yaşının tamam olduğu, 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğu üçün Kollegiya hesab edir ki, bu barədə cavabdehin imtinası (yaş həddinin tamam olmaması səbəbi ilə) əsassız olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçının “ona pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbin təmin olunması barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əvvəla 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi, bu Qanunun 13cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanundan çıxarılmış 26.2-ci maddəsində və ona Qeyd hissədə göstərilmişdi ki, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 26.07.1997-ci il tarixli 358-İQD nömrəli Qanunla edilmiş dəyişiklik (01.08.1997-ci il tarixdən qüvvəyə minmişdir), eləcə də “Əmək pensiyaları haqqında” Qanuna 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla edilmiş dəyişiklik (01.01.2010-cu il tarixdən qüvvəyə minmişdir) bununla hüquqi vəziyyəti ağırlaşdırılan halların iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə geriyə şamil oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, hazırki işdə iddiaçının 52 yaşının 10.11.2016-cı il tarixdə tamam olduğuna görə ona 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə pensiya təyin edilməsi üçün əsas verən “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin (əvvəlki redaksiyasının) 01.01.2010-cu il tarixədək, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun isə 01.01.2006-cı il tarixədək qüvvədə olduğunu, həmçinin hazırki qanunvericiliyə əsasən pensiyanın əmək haqqıya görə hesablanmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçıya 10.11.2016-cı il tarixdən pensiyanın 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla təyin olunması mümkünsüzdür. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı- “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən hesablanması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiya iddiaçının “yaranmış pensiya fərqinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə münasibətdə isə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğu üçün məhkəmə qərarı yaranmış pensiya fərqinin “birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, “yaranmış pensiya fərqinin ödənilməsi” barədə iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1453/2019 saylı 21 may 2019-cu il tarixli qərarı qismən, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qərar qalan- iddiaçıya 52 yaşının tamam olduğu 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində cavabdeh ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1453/2019 saylı 21 may 2019cu il tarixli qərarı qismən, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qərar qalan- iddiaçıya 52 yaşının tamam olduğu 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində cavabdeh ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar