Məhkəmə qərarları › İş №2-1(103)-973/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-973/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-973/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı»nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X20) “daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X18) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X11 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və xx.xx.2016cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının «Torpaq sahəsinin ayrılması haqqında» 904 №-li, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində «Dərman bitkilərinin tədarükü və istehsalı» üçün zavod layihələşdirilməsinə və tikintisinə 10 000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarükü və istehsalı zavodu üzərində Azərbaycan Əczaçılar İttifaqının mülkiyyət hüquqları Dövlət reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 3-cü şəxs X18 tərəfindən inşa olunmuş «Ülvi» şadlıq evinin müəyyən hissəsi, İddiaçının mülkiyyətində olan əmlakının yerləşdiyi torpaq sahəsinə müdaxilə olunmaqla inşa olunduğundan, tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-222\2017 saylı, xx.xx.2017- ci il tarixli qətnaməsi ilə-iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X18 və X14 qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması olmaqla cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd-şərtsiz təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə- Apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5699M9 №-li Qərarı ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X12 nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir.” Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd" əqdlərə aid olmayıb,"hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə öz-özlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-193/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-222/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan Əczaçılar İttifaqına məxsus olan Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10 000 kv.metr torpaq sahəsindən cavabdeh X18 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsi cavabdeh X18 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Əczaçılar İttifaqına təhvil verilməsi və qalan hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən aşağıdakılar müəyyən edilmişdir: Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində “Dərman bitkilərinin tədarükü və istehsalı" üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır. 25 avqust 1994-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsinin şimal qərb hissəsində Dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli inşaat pasportu təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimalqərb hissəsi, Y.Əliyev küçəsində yerləşən Azərbaycan Əczaçılar İttifaqına məxsus qeyri-yayış sahəsinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1619,1 kv.m təşkil etməsi göstərilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində yerləşən Dərman Bitkilərinin tədarük və istehsalı zavodunun Azərbaycan Əczaçılar ittifaqının mülkiyyətində olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X11 istifadəsinə verilmiş, xx.xx.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində həmin 0,15 ha (1500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə X15 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 xüsusi mülkiyyətinə verilmişdir. X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindən isə daha dəqiq müəyyən edilmişdir ki, cavabdeh X15 məxsus tikilinin 549 kv.m. (208 kv.m. + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin nəzərə almır ki, cavabdeh X18 faktiki isifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi cavabdeh X18 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən cavabdeh X18 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdeh X18 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyil. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh X18 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırki işdə həmin tikilinin sökülməsi iddiası təmin edilə bilməz. Eyni zamanda kollegiya izah edir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırki iddianın irəli sürməsinin qarşısını almır. İddiaçı hazırkı iş üzrə 3-cü şəxs X11 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m. hissəsində (X5 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m («Ülvi» şadlıq sarayına aid hissəsində) + 341 kv.m. («Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Əczaçılar İttifaqının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-807/2022 saylı xx.xx.2022ci il tarixli qəraddadı ilə Azərbaycan Əczaçılar İttifaqının şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10022/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxsin vəsatəti təmin edilmiş və iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan “Azərbaycan Əczaçılar İttifaqı”nın cavabdehlər X15 və X14 qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" firması) “qanunsuz tikililərin sökülməsi özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1904/2022 saylı xx.xx.2022-ci il tarixli qəraddadı ilə Azərbaycan Əczaçılar İttifaqının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “X11 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2007-ci il tarixli, 000246 nömrəli şəhadətnamənin və xx.xx.2016- cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m «Ülvi» şadlıq sarayına aid hissəsində və 341 kv.m «Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6063/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti birgə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X11 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m «Ülvi» şadlıq sarayına aid hissəsində və 341 kv.m. «Ülvi» şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması hissəsində iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı «Azərbaycan Əczaçılar İttifaqı» cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X11 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən «Torpaq sahəsinin ayrılması haqqında» 904 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamın surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 5/58 nömrəli məktubunu nəzərə alınaraq, Azərbaycan Əczaçılar İttifaqının Bakıxanov qəsəbəsinin şimal-qərb hissəsində «Dərman bitkilərinin tədarükü və istehsalı» üçün zavod layihələşdirilməsinə və tikintisinə torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 001261 nömrəli, xx.xx.2002-ci il tarixdə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, “Dərman bitkilərinin tədarük və istehsalı zavodu” Azərbaycan Əczaçılar İttifaqının mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında X11 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X18 ünvan 1 ünvanında yerləşən məişət evi (ümumi sahəsi 3024,2 kv.metr) üzərində mülkiyyət hüquqlarını əldə etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X11 adına tərtib edilmiş reyestr nömrəsi **********64-06301 olan, xx.xx.2016-cı il tarixli Texniki Pasportun surətindən görünür ki, qeyri-yaşayış binası-məişət binasının yerləşdiyi torpaq sahəsinin ünvanı ünvan 2ir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X15 məxsusdur. - Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu trəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 vərəsələri X19 və X16r. Şəhadənamə verilən miras əmlak ünvan 1 ünvanında istifadədə olan 0,09186 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış (məişət binası) binasından ibarətdir. - Bakı şəhəri 16 saylı notarial ofisin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, “Miras payın bölüşdürülməsi” Müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən) X2. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş **********64-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası X12 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə olan, “X1 fərdi yaşayış evini tikmək üçün ayrılmış torpaq sahəsi qohumu X4 adına qanunləşdirilməsi haqqında” Azərbaycan Respublikası Sabunçu rayon icra Hakimiyyəti Başçısının sərəncamı 1454 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 843 nömrəli fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı ləğv olunmuş, Bakıxanov qəsəbəsi, Gürcüstan qəsəbəsində 31 saylı yerdə 780 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X4 adına qanuniləşdirilmişdir. - Azərbaycan Respublikası Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 395 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamı əsasında ünvan 1 ünvanında vətəndaş X6 tərəfindən tikilmiş üç mərtəbəli yaşayış evinə ünvan 3 ünvan verilməklə hüquqi qeydiyyata alınmasına sərəncam verilmişdir. - JN-1288H KOD 00500016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, 0,078 hektar sahəsi olan Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində yerləşən 31 saylı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X4 mülkiyyətinə verilmişdir. - ******* nömrəli AN-İ xx.xx.2004-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqısı” Müqaviləsindən görünür ki, ümumi sahəsi-582,3 kv.m yaşayış sahəsi-163,1 kv.m olan 7 otaqlı ünvan 1 ünvanında yerləşən faktiki 782,60 kv.m torpaq sahəsində yerləşən evi satıcı- X6, alıcı- X3 mülkiyyətinə vermişdir. - X15 Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsində məişət evinin tikintisi üçün 0,15 ha torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11463 nömrəli İnşaat pasportu verilmişdir. İnşaat pasportundan görünür ki, ayrılan sahəni əhatə edən ərazi şimaldan və şərqdən boş sahə ilə, cənubdan Y.Əliyev küçəsi ilə, qərbdən isə “Qaraxan” firması ilə əhatə edildiyi göstərilmişdir. - Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə məişət evinin layihələndirilməsi və tikintisi üşün X15 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında 0,1500 hektar torpaq sahəsinin verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixli 161 nömrəli Ayrıc Aktı tətib edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0 maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.9. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçı “Əczaçılar İttifaqı”na ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli Sərəncamla rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərə əsasən torpaq sahəsi 3-cü şəxsə iddiaçı “Əczaçılar İttifaqı”ndan əvvəl ayrıldığı müəyyən olunur. Həmçinin hazırkı iş üzrə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxs X11 mülkiyyət hüququ Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixdə verilmiş şəhadətnamə əsasında qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3397 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: xx.xx.2007-ci il qeydiyyat tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X15 ayrılmış torpaq sahəsi ilə xx.xx.2002-ci il qeydiyyat tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə və xx.xx.2002-ci il tarixli, 001722 nömrəli texniki pasporta əsasən “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.(ara sərhəddi daş hasarlıdır). Qərardadın ikinci sualı üzrə: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X15 ayrılmış torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi yuxarıda qeyd olunan texniki pasporta nəzərən üst-üstə düşmür (“Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.1994-cü il tarixli 94/347 nömrəli AKT-da (cizgidə) dəqiq istinad nöqtələri və məsafələri qeyd olunmamışdır). Qərardadın üçüncü sualı üzrə: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 904 saylı Sərəncamı ilə “Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixli, 000246 qeydiyyat nömrəli Şəhadətnamə ilə X15 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə X15 ayrılmış torpaq sahəsi ilə, xx.xx.2002-ci il tarixli, 001261 qeydiyyat nömrəli Şəhadətnamə ilə “Azərbaycan Əczaçılar İttifaqına ayrılmış torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Əczaçılar İttifaqı”na ayrılmış torpaq sahəsi ilə X15 ayrılmış torpaq sahəsi üst- üstə düşmədiyi müəyyən edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən göstərilən ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X12 mülkiyyətində olan torpaq sahəsi iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”dan daha əvvəl ayrıldığından, ekspert rəyinə əsasən hər iki şəxsə məxsus daşınmaz əmlakların yerləşdiyi torpaq sahələri üst-üstə düşmədiyindən, 3-cü şəxsə müvafiq şəhadətnamə verilərkən cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğu müəyyən olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı «Azərbaycan Əczaçılar İttifaqı»nın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar