Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-974/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 352/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş və Rusiya Federasiyası tərəfindən təsdiq olunmuş ona məxsus olan diplomunun tanınması və şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı iddiaçının razılığı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1836/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildə Türkmənistan Respublikasının vətəndaşı kimi Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına qəbul olunmuşdur. Əyani və ödənişli (ildə 830$) təhsil almaqla yanaşı digər xərclərini də (yemək, yaşamaq, yol xərci və viza üçün 3 aya 40$) çəkərək ali təhsil almaq üçün valideynləri pul xərcləmişdir. 2005-ci ildə həmin İnstitutun magistr dərəcəsini bitirmiş və Azərbaycan vətəndaşı ilə ailə qurduğu üçün Azərbaycan vətəndaşlığını qəbul edib Masallı rayon Göyəçöl kəndində qeydiyyata alınmışdır. Ali təhsil sənədi olan diplomun qanuna uyğun olmasını təsdiq etmək üçün 2018-ci ildə Rusiya Federasiyasının Təhsil Nazirliyinə müraciət etmiş və araşdırılma aparıldıqdan cəmi 40 gün sonra diploma apostel vuraraq təsdiq etmişdirlər. 19 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin elektron portalında qeydiyyatdan keçməklə tələb olunan bütün sənədləri daxil edib və ödənişləri ödədikdən sonra araşdırılmasına başlaması barədə elektron poçt ünvanına (Elektron ünvan ) məktub göndərilmişdir. Müraciətindən 5 ay sonra 08 aprel 2019-cu il tarixdə müsahibədə iştirak etməyi üçün onu Bakı şəhərinə Akkreditasiya və Nostrifikasiya İdarəsinə dəvət etmişlər. Təkrar müraciətinə 16 oktyabr 2019-cu il tarixdə Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyı tərəfindən xüsusı razılıq (lisenziya) verilməməsi əsası ilə imtina verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddia ərizəsinə yazılı etiraz onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfındən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. İddiaçı təhsil aldığı bildirilən Rusiya Federasiyası X2 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılığı (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. Rusiya Federasiyası X2 Əlaqələr, iqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı və bəzi əcnəbi ali təhsil müəssisələrinin Azərbaycan Respublikasındakı filialları Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərinin icrasına məhəl qoymadan qanunsuz (lisenziya olmadan) fəaliyyət göstərdiklərinə görə Təhsil Nazirliyin kollegiyası, lisenziya komissiyası və məhkəmə qərarları ilə fəaliyyətləri dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-352/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının 2000- 2005-ci illərdə təhsil almasını iddia etdiyi Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”nun Bakı filalının müvafiq qaydada dövlət qeydiyyatına alınması və Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İddiaçı bildirir ki, onunla eyni qrupda olan X7 və Zülfüqarov Mehmanın diplomları təsdiq olunduğu halda iddiaçıya Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının lisenziyasının olmadığı bildirilir. Halbuki, Rusiya Federasiyası X2 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialı 1998-ci ildən 2007-ci ilədək fəaliyyət göstəribdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu” tərəfindən verilmiş qeydiyyat nömrəsi 9647 olan, 30.11.2006-cı il tarixli diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 5 il olmaqla 2000-ci ildə “X2 əlaqələr, iqtisasiyyat və hüquq İnstututu”na qəbul olunmuş, 2003-cü ildə “X2 əlaqələr, iqtisasiyyat və hüquq İnstututu”nun adı Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”olaraq dəyişdirilmiş, İddiaçı 2005-ci ildə Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”- nu bitirmiş, Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il qərarı ilə o, “hüquqşünaslıq” istiqaməti üzrə “hüquqşünas” bakalavr dərəcəsi ilə təltif edilmişdir. - Qeyd olunan diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 16.02.2018-ci il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.10.2019-cu il tarixli elektron məktubdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitunun Bakı Filialında təhsil almışdır. Diqqətinə çatdırılır ki, Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alınaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən F6DC7B3F7E nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı 2000-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”nun Bakı Filialına “Hüquqşünaslıq” ixtisası üzrə daxil olaraq təhsil almış və Dövlət İmtahan Komissiyasının 29 iyun 2005-ci il qərarı ilə ona “Hüquqşunas” ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müəssisəni bitirməsinə dair qeydiyyat nömrəsi 9647 olan, 30.11.2006-cı il tarixli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostol olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqət çəkir: “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin iş materiallarında olan qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 27.02.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Sözügedən qətnamədən görünür ki, qətnamə ilə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. Cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müraciəti əsasında iddiaçı ilə inzibati icraat zamanı aparılmış müsahibədə onun təhsil aldığı fənlərin mənimsənilməsinin, tədris dilini bilməsinin qənaətbəxş olmaması barədə nəticəyə gəlinməmiş, əksinə tədris olunan dili bilmə bacarığı müsbət rəylə qiymətləndirilmişdir. Yeganə imtina əsası sözügedən İnstitutun akkreditasıyasız Bakı filialında təhsil alması ilə bağlı olmuşdur. Bununla bağlı bildirilir ki, yuxarıda qeyd edilən qətnamədən də aydın olduğu kimi həmin təhsil ocağında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması inzibati orqana həvalə edilmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinin də bildirdiyi kimi Filialın fəaliyyəti dayandırılana kimi faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə qaydasında fəaliyyəti dayandırıla kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edildikdən 2 il əvvəl- 2005-ci ildə Filialı bitirmiş və bununla əlaqədar olaraq 30.11.2005-ci il tarixində ona diplom verilmişdir. Odur ki, iddiaçı 29.06.2005-ci il tarixində təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-1761/2020 saylı 30.09.2020-ci il tarixli qərar). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda adı çəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsassız olmuşdur. Buna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 352/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-352/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş BCA ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-974/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-974/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver