Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-974/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Xətai rayon İcra Hakimiyyətinin 254 saylı xx.xx.1998-ci il tarixli Sərəncamı ilə vətəndaşın mənzilə olan ehtiyacını nəzərə alaraq, qəsəbədaxili ərazilərdə fərdi yaşayış evləri tikintisi üçün torpaq sahələrinin ayrılması rayon İcra hakimiyyətinin səlahiyyətində olması haqqında Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27.01.89-cu il tarixli 13/713 saylı Qərarını, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, Dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamənin 13-cü maddəsinin “Q” bəndinə əsasən vətəndaş X3 Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0,015 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə dair cizginin ona verilməməsi səbəbindən həmin cizginin çəkilərək ona verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış A-282-091 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin lisenziyası olan layihə-smeta bürosu tərəfindən çəkilmiş cizgisini rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinə aidiyyəti üzrə baxılacaqdır. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Xətai rayon İcra Hakimiyyətinin 254 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında yerləşən ərazidə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.015 ha torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, ona Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evi tikilməsi üçün 0,015 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmin vaxtdan torpaq sahəsini daş hasarla əhatəyə alaraq, fərdi yaşayış evi tikərək orada yaşayır və bu gün torpaq sahəsi onun faktiki istifadəsindədir. Fərdi yaşayış evini özəlləşdirmək üçün sənədləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin cizgisi təqdim edilmədiyinə görə sənədlər geri qaytarılmışdır. Lakin həmin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisi ona verilməmişdir. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmişdir, yalnız sərəncamın arxiv surəti ona verilsə də orada qeyd edilmişdir: “Qeyd: Sərəncama vət. X3 məxsus cizgi sənədi əlavə edilməmişdir". O, hazırki tələblə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. O, caabdehin imtinasını əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərək İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Xətai rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisinin 2022-ci ildə çəkilərək verilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoymaqla mövcud torpaq qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və «X5» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli Qanununa əsasən 1 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bag evləri, fərdi və kooperativ qarajlar üzərində hər hansı sənədin verilməsi və ya təsdiq edilməsi yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Göründüyü kimi, iddiaçı prosessual müddəti ötürməklə yanaşı, hazırda qüvvədə olmayan və yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olmayan vəzifəni Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoymuşdur. Belə ki, mübahisələndirilən Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixdə təsdiq edilmiş sərəncamı “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən, Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ1 hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktların qüvvəsi geriyə şamil edilmir. Xətai rayon İcra Hakimiyyəti Başçısının sərəncamı 23 iyul 1998-ci il tarixdə təsdiq edilmişdir, lakin iddiaçının məhkəməyə müraciəti əsasında iddia ərizəsi 2022-ci il tarixdə icraata qəbul olunmuşdur. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-də qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları il müəyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı tələbi “Xətai rayon İcra Hakimiyyətinin 254 saylı xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında yerləşən ərazidə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.015 ha torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamın mübahisələndirilməməsinə, onun qüvvədə olmasına, həmçinin cavabdeh inzibati orqan tərəfindən torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinin öz təsdiqini tapmamasına, cavabdehin iddiaçnın tələbinin təmin edilməsindən imtina etməkdə haqlı olmamasına, bu halın iddiaçının hüquqlarının pozulmasına səbəb olmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə səas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsində adı çəkilən torpaq sahəsi ilə bağlı ayrıc aktının iddiaçıya verilməsinə istinad etsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Əksinə, birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşların fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar müraciətləri araşdırılarkən torpaq sahəsinə dair cizgi və qeyd edilən digər hüquqi sənədlər vətəndaşların özünə təqdim edilir. Həmçinin Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2022-ci il tarixli məktubu ilə vətəndaş X3 torpaq sahəsinin ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 254 saylı Sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Sərəncamın “qeyd” hisəsində vətəndaş X3 məxsus cizgi sənədinin sərəncama əlavə edilmədiyi göstərilmişdir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2246/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-974/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-974/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver