Məhkəmə qərarları › İş №2-1(103)-975/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-975/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-975/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımının göstərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7306/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi onun bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımının göstərilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7306/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 28.08.1998-ci il tarixindən 07.06.2016-cı il tarixinə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Hərbi-Əks-Kəşfiyyat Xidmətində. Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olmuşdur. 07.06.2016-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “J" bəndinə ( öz arzusu ilə ) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının MTN-də həqiqi hərbi xidmət dövründə dəfələrlə MTN-in poliklinkasında, DTX-nin Hərbi Hospitalında müalicə olunmuşdur. Səhhətində yaranmış ciddi problemlərlə əlaqadar olaraq AR DTX-nin Kadrlar Baş İdarəsinin göndərişinə əsasən AR DTX Hərbi Tibb Baş İdarəsinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən ona 22.02.2017-cı il tarixdə №211 saylı Xəstəlik Şəhadətnaməsi verilmişdir. X1 əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən 21.11.2017-cı il tarixində 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. Qeyd etməyi zəruri hesab edir ki. əlilliyiə səbəb olan xəstəliyi xidməti vəzifəsinin icrası zamanı aldığı xəsarətlə bağlıdır. İddia tələbi qanunvericiliyin tələbinə uyğun olduğu halda məhkəmə yuxarıda göstərilənləri nəzərə almayaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul elmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdeh iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan: - RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 568-ci məhəllə, ev 2, 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; - "xxxx" ASC-nin “Səbail” filialının 27 aoktyabr 2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı mənzil alınması məqsədilə 29 may 2013-cü il tarixli və 100.LN.1502.290513.00001 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən (hal hazırda Kapital Bank ASC-də olan) 50.000 (əlli min) manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı 27.10.2021 tarixinə həmin kredit üzrə əsas məbləğ üzrə 31.233,29 azn və 90,23 azn faiz borcu olmaqla 31.323,52 azn borc öhdəliyi vardır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ipoteka borcunun ödənilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və iddiaçıya imtina məktubu ünvanlanaraq bildirilmişdir ki, “ərizənizdə qeyd etdiyiniz məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Bundan sonra iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun bank krediti üzrə borcunu ödəməkdə əvəzsiz maliyyə yardımının göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İşin hallarından aydındır ki, iddiaçı ipoteka yolu ilə aldığı yuxarıda qeyd edilən məzillə bağlı cavabdeh inzibati orqana müraciət edərək mənzil almaq üçün "xxxx" ASCdən aldığı ipoteka kreditinə dair qalıq bank borcunun Bakı şəhəri Cavabdehndən tutularaq tam həcmdə əvəzsiz ödənilməsini xahiş etmiş, lakin cavabdeh orqan bu tələbin onun səlahiyyəti xaricində olduğunu bildirərək iddiaçının müraciətini təmin etməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əgər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... qanunun ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçulara aid abzası (kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir) hazırkı tələbin maddi əsasını təşkil edir. Lakin həmin müddəa mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olmadığından ona münasibətdə tətbiq edilə bilməz.” Kollegiya məhkəmənin mövqeyilə razılaşaraq qeyd edir ki, “mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımının olması” qanunda göstərilsədə, bu məqsədlə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı, lakin hərbi qulluqçuların mənzil məsələlərinin həll edilməsi məqsədilə diğər normativ aktlar qəbul olunması müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası nəticəsində Azərbaycan Ordusunda 20 təqvim ili və daha cox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirinin sədrliyi ilə komissiya yaradılmış, müvafiq hərbi quluqçuların siyahısı tərtib edilmiş və dövlət vəsaiti hesabına binalar inşa edilərək artıq 1992- 1993-cü illərdə Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş şəxslər mənzillə təmin olunmuşdur. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçuların daha tez mənzil əldə edilmələrinə şəratin yaradılması məqsədilə hərbi qulluqçular həm də, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslər sırasına daxil edilmişlər. Belə ki, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 3.2.4-ci bəndinə əsasən ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Lakin işin hallarından görünür ki, iddiaçı yuxarıda qeyd edilən imkanlardan istifadə etməmişdir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilməsi”nə dair dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanı üçün vəsait nəzərdə tutulmadığından, həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra qəbul edilmiş digər normativ aktlarda hərbi qulluqçuların mənzillə təmin edilməsinin yeni nizama salınması həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7306/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar