Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-975/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşı tamam olduğu tarixdən, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu tarixdən, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəlldlüdür. İddiaçıya məxsus İİ-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X7 sədr vəzifəsini icra etmiş, xx.xx.1981-ci il tarixdə X9 sədr vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1981-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutuna köçürülmüş, xx.xx.1982-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə elmi işçi vəzifəsinə təyin edilmiş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan Xalq Cəbhəsi Təşkilatı Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə AX4 Təşkilat Şöbəsinin müdiri vəzifəsindən AXC-nin sədr müavini vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993- cü il tarixə istefa haqqında ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilmiş və xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisinin üzvlüyündən azad edilmişdir. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh orqanın S**********0 **********9 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə qaldırılan məsələ ilə bağlı sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2014-cü il tarixli 2-1 (102)-951 /2014 nömrəli Qərarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı 25 ildən az olduğundan, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsi Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilmədiyindən ərizəçiyə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, ona 24 fevral 2022-ci il tarixindən 180,00 manat məbləğində yaşa görə müavinət təyin edilərək müvafiq kart hesabına köçürülür. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 65 yaşı, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1992-ci il tarixli № 354-Xİİ saylı qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, 1992-ci ilin dekabrından 2014-cü ilin sentyabırına kimi hakimiyyətdə müxalifətdə olan Müsavat Partiyasının Başqanı olmuş və hal-hazırda partiyanın Məclis üzvüdür. 2022ci il fevralın 24-də 65 yaşı tamam olub. O, keçmiş Ali Sovetin sədri (hal-hazırda müvafiq olaraq Milli Məclisin sədri) kimi pensiya almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilmısindən imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixindən onun fərdi hesabına hər hansı məbləğdə sosial sığorta haqqı ödənilməmiş, təqdim olunmuş əmək kitabçasında qeyd olunan iş yerləri üzrə sığorta stajı da 25 ildən azdır (13 il 2 ay 6 gün (xx.xx.1979-xx.xx.1981-ci il, 1.05.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər). Bundan əlavə əyani ali təhsil müddətinə dair hər hansı sənəd təqdim edilmədiyindən orta stajının hesablanması zamanı nəzərə alınmayıb. Eyni zamanda onun fərdi hesabında əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyil (xx.xx.2006-cı il tarixinədək iş stajı pensiya sığorta kapitalına rilməklə 10.763,99 manat təşkil edir). İddiaçı müraciətində Milli Məclisin sabiq deputatı kimi güzəştli - qulluq stajına görə əlavələrlə birlikdə pensiya hesablanmasını xahiş etmişdir. Bununla əlaqədar ilk olaraq bildirilir ki, Qanunun 20-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələr pensiya hüququ qazanmış şəxslərə münasibətdə tətbiq edilir. Yuxarıda göstərilən şərtlərdən heç olmasa biri pensiya hüququ yaranmış olsaydı, İddiaçı sabiq deputat kimi pensiya tələbi müraciətinə baxıla bilərdi. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən tələbə şərti olaraq baxıldığı halda belə, iddiaçının sabiq deputat kimi pensiya hüququnun olmadığı müəyyənləşdirilir. Belə ki, Qanunun 1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatatlarının müəyyən şərtlər daxilində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ var. Analoji tələblə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 20 avqust 2014-cü il tarixli 2-1 (102Ј-951/2014 nömrəli Qərarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz.” Buna görə də qeyd olunan məhkəmə qərarı ilə sözügedən iddia rədd edilmişdir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (102)-549/2019 nömrəli Qərarında da təkrarlanır. Bundan əlavə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsində deputatların səlahiyyət müddəti qurtardıqdan sonra onların təminatları nəzərdə tutulmuşdur. Bu normaya görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1,1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən həmin Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. O da bildirilir ki, hazırkı işin predmeti üzrə əsas məsələ Milli Məclisin üzvü yoxsa Milli Məclisin deputatı kimi məfhumların fərqləndirilməsindən ibarət deyildir, əsas şərt deputat institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusundadır. Belə ki, 30 oktyabr 1991-ci il tarixində "Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin Qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. Azərbaycan Respublikası Alı Sovetinin Milli Şurasını Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil etmişdir. “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-cı il tarixdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majorıtar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Həmçinin xx.xx.1995-ci il tarixində qəbul edilmiş və xx.xx.1995-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. 30 oktyabr 1991ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında" Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrünun səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. O da əlavə olunur ki, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə vermişdir. Yəni 1991-1995-ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış və keçid dövrünün bitməsi ilə əlaqədar olaraq funksiyalarına xitam verilmiş bir qurum olduğundan onun üzvlərinin hüquqi statusunu Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının statusu eyniləşdirmək olmaz. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11,1-ci, 20.11,2-ci "add ələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. "Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq izibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının muəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xdmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət rulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavə ala bilər. Həmin Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, zovlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda sə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşdə olan sənədlər əsasında müəyyən edilir ki, iddiaçının dövlət qulluğunda iş stajı qanunla müəyyən edilən həddən azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında araşdırılma aparılmış, qanunvericiliyin tələblərinə cavab vermədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxaraq müəyyən etmişdir ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrin ödənilməsi üçün dövlət qulluqçusu statusuna malik olması zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda isə (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsini rəhbər tutaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən yəni 25 ildən az olduğundan, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1,1ci maddəsi Azərbaycan Respublikasının Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilmədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı (25 ildən az) 13 il 01 ay 6 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 10.763,99 manat yəni tələb olunan sığorta kapitalından, 34.560 manatdan azdır. Eyni zamanda İddiaçı Milli Məclisin sabiq deputatı kimi güzəştli qulluq stajına görə əlavələrlə birlikdə pensiya hesablanmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Qanunun 20ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələr pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilir. Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür. Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı, Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qullu stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək ümumilikdə iş stajı 13 il 01 ay 06 gündür. İddiaçı xx.xx.1991 -ci il tarixdə AR Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə AR Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993-cü il tarixdə istefa ərizəsi nəzərə alınaraq vəzifəsindən azad edilmişdir. xx.xx.1993- cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisin üzvlüyündən azad edilmişdir. İddiaçının üzvlükdən azad edildiyi tarix nəzərə alınsa belə, onun xx.xx.1979- xx.xx.1993 dövrlər üzrə ümumi iş stajı 13 il 06 ay 29 gün təşkil edir. Bu da iddiaçının dövlət qulluğu stajının 15 ildən, ümumi əsaslarla yaşa görə pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajının 25 ildən az olduğunu göstərir. Bundan əlavə olaraq, əmək kitabçasında qeyd olunan bütün vəzifələr dövlət qulluğu vəzifəsi hesab edilmir. Həmçinin bildiririk ki, həmin vəzifələr dövlət qulluğu vəzifəsinə aid edilsə belə, iddiaçının həmin vəzifələr üzrə işlədiyi müddət 15 ildən azdır. Buna görə də məhkəmənin qərarı qanuni və əsaslıdır, ləğvinə heç bir əsas yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşının tamam olduğu tarixdən, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “”ümumi iş stajının 25 ildən az olması, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsi Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının nəinki dövlət qulluğu stajının, həmçinin ümumi iş stajının 15 ildən az olmasına, eyni zamanda iddiaçının keçmiş Ali Sovetin sədri kimi işlədiyi müddətin dövlət qulluğu vəzifəsində işlədiyi müddət kimi nəzərə alınmamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanununun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X7 sədr vəzifəsini icra edən, (01 il 26 gün), xx.xx.1981-ci il tarixdə X9 sədr vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1981-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutuna köçürülmüş, xx.xx.1982-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə elmi işçi vəzifəsinə təyin edilmiş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş (09 il 04 ay 05 gün),xx.xx.1990-cı il tarixdə Azərbaycan Xalq Cəbhəsi Təşkilatı Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə AXC Təşkilat Şöbəsinin müdiri vəzifəsindən AXC-nin sədr müavini vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş (01 il 01 ay 23 gün), xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993- cü il tarixə istefa haqqında ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilmişdir (01 il 06 ay 13 gün), xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisinin üzvlüyündən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İsa Yunis oğlu X8 təqdim olunmuş sənədlərinə əsasən ümumi iş stajının 25 ildən az olduğu (13 il 2 ay 6 gün, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10763,99 manat təşkil edir, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində hər hansı məbləğ qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 13 il 2 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10763,99 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından onun ümumi iş stajının 25 ildən az olması və əvvəllər işlədiyi vəzifəsinin dövlət qulluqçusu olmaması səbəbindən imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş X5 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəye minənədək (31,08.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı xx.xx.1979-xx.xx.1982-ci illərdə Azərbaycan SSR X2 Elm Mərkəzində, xx.xx.1982-xx.xx.1984-cü illərdə Azərbaycan SSR X4 və Orta Şərq xalqları institutunda, xx.xx.1984-xx.xx.1990-cı illərdə Azərbaycan SSR X1 institutunda və xx.xx.1990-xx.xx.1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsində müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda elm mərkəzlərində, institutlarda və Azərbaycan Xalq Cəbhəsində mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığı üçün həmin dövrlərdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçı xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, adı çəkilən Siyahıda Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığı üçün xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.1979cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi üçün və ümumi stajı 25 ildən az olduğu üçün ona pensiya təyin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-975/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-975/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver