Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-976/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(81)-5178/2019 saylı qərarından cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(81)-5178/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün, ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat, və bir vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim E.Əliyeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 18.06.2020-ci il tarixli 2-1(103)-928/2020 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5178/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qərarı qismən ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissədə - ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, həmin hissədə iddia təmin edilməmiş. qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi V.Məmmədov, hakimlər E.Nağıyeva və H.Həmidov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 20.10.2020-ci il tarixli 2-1(102)- 1975/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2-1(103)-928/2020 saylı qərarı qismən – dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin və iş eyni hissədə təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi K.Bədəlov, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov). Məhkəmə kollegiyasının 27.01.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün, ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat, və bir vəzifə maaşı həcmində müavinatin, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin “İddiaçı dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün, ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat, və bir vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1956-cı il tarifində Naxçıvan MR, Culfa rayonu, Bəyəniyar kəndində doğulmuşdur. 1987-2002-ci il tarixinə qədər AR Təhsil Nazirliyində, 1982-1986-ci il tarixləri ərzində Dövət Statistika İdarəsində şöbə müdiri vəzifələrində işləmişdir. O, 01.10.2006-cı il tarixdən etibarən dövlət qulluqçusu kimi 2ci qrup əlilliyə görə müddətsiz pensiya alır. Dövlət qulluğunda stajı 17 ildən artıqdır. Onun DSMF Yasamal rayon şöbəsində dövlət qulluqçusu kimi ikinci qrup əlilliyə görə müddətsiz pensiya hesablanarkən dövlət qulluqçusuna çatası əlavə haqqın, mükafatın, müavinətin və ixtisas dərərcəsinə görə əlavələrin hesablanması haqqında məlumatı yoxdur. Hesab edir ki, pensiya düzgün hesablanmamışdır. Pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində mükafat və birqat vəzifə maaşı miqdarında maddi yardım hesablanmalıdır. Həmin məbləğin hesablanaraq pensiya hüququnun yarandığı gündən (ixtisas dərərcəsinə uyğun) ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 27.11.2019-cu il tarixli məktubu ilə imtina olunmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci və 12-ci bəndlərinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq və dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçı tərəfindən belə arayışlar təqdim edilmədiyindən məlum olur ki, o, işlədiyi dövrdə iddia etdiyi əlavə haqq və müavinətləri almamışdır. Belə olan halda ona işlədiyi dövrdə ödənilməyən hər hansı vəsaitin pensiya təyinatı həyata keçirilərkən nəzərə alınması düzgün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən, “əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir”. Bu halda isə iddiaçıya ödənilməmiş vəsaitin pensiya hesablanarkən nəzərə alınması ümumilikdə əmək pensiyasının “itirilmiş gəlirlərin kompensasiyası” prinsipinə ziddir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində doğulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İddiaçının ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı 03.01.1984-cü il tarixdən 03.03.1986-cı il tarixədək Naxçıvan MSSR Statistika İdarəsi Əhalinin siyahıya alınması şöbəsində rəis, 16.02.1987-ci il tarixdən 01.03.2002-ci il tarixədək Naxçıvan MSSR Maarif Nazirliyində inspektor vəzifəsində işlədiyi, 2006-cı ildən İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsi müəyyən edilir. İş materiallarında olan pensiya işindən görünür ki, İddiaçı dövlət qulluqçusu kimi il ərzində üç vəzifə maaşı mislində mükafat almışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətinə 11.07.2019-cu il tarixli imtina məktubunda bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən sizə 6 yanvar 2006-cı il tarixində dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, əmək pensiyanız hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının tələbləri pozularaq Naxçıvan MSSR Statistika idarəsində işlədiyiniz şöbə rəisi vəzifəsi Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmalı olduğu halda, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Bundan əlavə qulluq stajına görə əlavə haqqın məbləği hesablanarkən qulluq etdiyiniz dövrdə mövcud olan iş stajınıza (həmin dövrdə 5 il qulluq stajı) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanına uyğun olaraq vəzifə maaşınızın 5 faizi miqdarı əvəzinə 10 faiz hesablanmışdır. Nəticədə təkcə pensiya işinin tərkibində İdarəyə köçürülmüş sənədlərə əsasən 01.01.2014-31.10.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə 10001,44 manat məbləğində artıq vəsait ödənildiyi aşkarlanaraq (2014-cü il tarixindən əvvəlki dövrlərə aid məlumatların əldə edilməsi ilə müvafiq məbləğin artacağı ehtimal edilir) əmək pensiyanızın məbləği 769,56 manatdan azaldılaraq 571,58 manat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, araşdırma zamanı pensiya işinizə aid sənədlərdə işlədiyiniz dövrdə ərizənizdə qeyd etdiyiniz “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin sizə ödənildiyinə dair məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin pul təminatlarının sizə münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Beləliklə, iddiaçının dövlət qulluğu üzrə müxtəlif vəzifələrdə çalışması və ona 06.01.2006-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi işin mübahisələndirilməyən hallarına aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 32.1- 1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 01.01.2019-cu il tarixdən qüvvədə minmiş 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran norma olduğundan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.7-ci maddəsi iddiaçıya münasibətdə hüquqi vəziyyəti yaxşılaşdıran norma kimi tətbiq edilməklə ötən müddət üçün ödənilməmiş əmək pensiyası fərqi iddiaçıya «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən ödənilməlidir. Dövlət Sosial Müdafiəsi Fondu orqanlarının ötən müddət üçün ödənilməmiş əmək pensiyası fərqini tam ödəmək öhdəliyi yalnız «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindikdən sonra yarandığından həmin qanunun qəbul edildiyi tarixədək iddiaçının əmək pensiyası fərqinin ödənilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, hər bir normativ akt əgər aktın özündə bu barədə göstəriş yoxdursa yalnız qüvvəyə mindiyi tarixdən sonra tənzimlədiyi hüquq münasibətlərinin subyektləri üçün həmin normativ aktda nəzərdə tutulmuş hüquqlar yaradır. Hüquqi vəziyyəti yaxşılaşdıran normanın geriyə qüvvəsi onun qüvvəyə mindiyi dövrədək yaranmış hüquq münasibətlərinin iştirakçılarına tətbiq edilməlidir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. İddiaçının “pensiyanın məbləği hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaşının 15%-i məbləğində əlavə nəzərə alınması” tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edimişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Qanunvericilik əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən, pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artırmalar da nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin “«Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» 20 iyun 2008-ci il 776 saylı Fərmanının 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına vəzifə maaşının 15 faizi həcmində əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək pensiyasının hesablanması zamanı “hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması” tələbi əsaslı və qanunidir. Həmçinin hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edildiyindən həmin tarixdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri vəzifələri də qeyd edilmişdir. Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişidir. Həmin “Siyahı”nın 1.15-ci bəndinə əsasən Naxçıvan MSSR nazirlik, dövlət komitələrinin aparatında şöbə rəisi vəzifəsi hazırkı Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan təminedici şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması aparılmışdır. Göstərilənlərə əsasən iddiaçının işlədiyi vəzifənin hazırkı Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarında, yəni 3-cü kateqoriya dövlət orqanlarında mövcud olan şöbə müdiri vəzifəsinə uyğunlaşdırıldığı və müvafiq nomrativ hüquqi aktla şöbə müdiri vəzifəsinin hakimiyyət səlahiyyəti verilən dövlət vəzifəli şəxslərin siyahısına aid edildiyi üçün ona pensiya hesablanarkən hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının “bir vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi bu hissədə də əsaslı və qanunidir. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi dövlət orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin verilməsi səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından və sair asılı edilməmişdir. Həmin müavinətin verilməsi dövlət qulluqçusunun yalnız məzuniyyətə çıxması ilə şərtləndirilmişdir və dövlət qulluqçusunun məzuniyyət hüququ məhdudlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının “ixtisas dərəcəsi nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi bu hissədə də əsaslı və qanunidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.6.3-cü maddəsinə əsasən 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin beşinci təsnifatına aiddir. Həmin Qanunun 11.1.7.1-ci maddəsinə əsasən 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri inzibati vəzifələrin altıncı təsnifatına aiddir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 16.2.6-cı maddəsinə əsasən inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilir. Həmin Qanunun 16.2.7-ci maddəsinə əsasən inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən isə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5-ci və 17.6-cı maddələrinə əsasən dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri-müvafiq dövlət orqanının rəhbəri. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qaydaların 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Qaydaların 15-ci bəndinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək kitabçasında ixtisas dərəcəsinin verilməsi ilə bağlı müvafiq qeydlər olmasa da, iddiaçının dövlət qulluqçusu olması işin mübahisələndirilməyən halı olduğundan, ilk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş bütün şəxslərə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilməli olduğundan (imperativ olaraq), iddiaçının tutduğu vəzifə qanunvericiliyə uyğun olaraq inzibati vəzifələrin beşinci təsnifatına (şöbə müdiri) aid olduğundan və həmin təsnifat üzrə ən kiçik ixtisas dərəcəsi 2-ci dərəcə dövlət qulluqçusu olduğundan, həmçinin ixtisas dərəcəsindən qanunvericilikdə yalnız bir halda, yəni Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə məhrum edildiyindən, iddiaçının isə Azərbaycan Respublikası vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçıya da tutduğu vəzifənin təsnifatı üzrə ən kiçik ixtisas dərəcəsi, yəni 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququ şamil olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablayıb ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edildiyindən, iddia tələbi bu hissədə də, əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatların bir aya düşən müvafiq hissəsi; kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatınəzərə alınan ödənclərə daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 177-ci maddəsinin 1-ci hissəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177-ci maddəsinin 4-cü hissəsinə əsasənorta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir; sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan (həmin maddədə sadalanan) gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacib dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən isə dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr) ibarətdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə və qulluq stajına görə verilən əlavə haqqlar da daxildir. “Dövlət qulluğu haqqında” Azərbaycan RespublikasıQanunun 23.1-ci, 23.2-ci və 23.4cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmçinin, məhkəmə qeyd edir ki, dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 4-cü bəndinə əsasən dövlət qulluqçularının kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: dövlət orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının dövlət orqanı tərəfindən vaxtında yerinə yetirilməsi; qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar. Əsasnamənin 7-ci bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması fərdi və kollektiv qaydada həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada bütün dövlət qulluqçularına şamil olunmasa da, kollektiv mükafatlandırılma qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqələndirildiyindən, bütün dövlət qulluqçularına şamil edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı dövlət qulluqçusu kimi il ərzində üç vəzifə maaşı mislində mükafat alması iş materialları ilə öz təsdiqini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinin (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin hazırda qüvvədə olan (01.07.2017-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 20.10.2020-ci il tarixli 2-1(102)-1975/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2-1(103)- 928/2020 saylı qərarı qismən – dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin və iş eyni hissədə təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 26.10.2020-ci il tarixli, 13/766 nömrəli arxiv arayışları ilə İddiaçı Naxçıvan MR Təhsil Nazirliyində 2000-2001-ci illərdə işlədiyi dövrdə dövlət qulluqçusuna məziniyyətə çıxarkən bir vəzifə maaşı həcmində ödənilən müavinətin alınması müəyyən edilmir. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(81)-5178/2019 saylı qərarı dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilməli və bu hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.12.2019-cu il tarixli, 2-1(81)-5178/2019 saylı qərarı - dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin və bu hissədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-976/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-976/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver