Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-976/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məcburetmə haqqında iddia ərizəsi (İPM.m.33.1.) ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Sumqayıt Üst trikotaj” fabrikindəki, xx.xx.1992-ci tarixindən xx.xx.1994-cü il tarixinədək Füzuli rayonu "xxxx" Firmasında işlədiyi dövrlərin və xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağa qulluq edilməsi müddətinin sığorta stajına əlavə olunaraq əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Cavabdeh 15 noyabr 2021-ci il tarixli imtina məktubu vermişdir. Həmin imtina məktubu ona 14 fevral 2022-ci il tarixdə təhvil-təslim aktı ilə təhvil verilmişdir. Cavabdeh xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək 5 il 7 ay 29 gün təhsil aldığım dövrü də, eyni zamanda əmək kitabçasında qeyd edilən dövrlər nəzərə alınmaqla sığorta stajının 9 il 1 ay 19 gün təşkil etməsi və bunun qanunvericiklə tələb olunan müddətdən (25 ildən) az olduğunu qeyd etməklə ona əmək pensiyası təyin edilməsini qeyri-mümkün hesab etmişdir. Əmək kitabçasında da öz əksini tapmasına baxmayaraq cavabdeh tərəfindən onun xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək işlədiyi Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədlərin həmin müəssisənin hüquqi varisi olan "xxxx" ASCyə təhvil verilmədiyi, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək işlədiyi Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının guya məlum olmaması və arxiv sənədlərinin Füzuli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılmasını və sığorta stajına daxil edilməsini mümkünsüz hesab etmişdir. Halbuki həmin dövlərdə qeyd edilən təşkilatlarda işləyib və əmək haqqı alıb. Bundan başqa, qonşuları 01 iyul 2021-ci il tarixli aktı ilə də təstiq edilmişdir ki, o, sağlamlıq imkanları məhdud olan əlil oğlu X5 bu günədək qulluq edib. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən 1 dərəcə alilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Hesab edir ki, 25 il tələb olunan stajı toplanmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin imtinası əsassız və qanunsuzdur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1989- cu il tarixinədək işlədiyiniz Sumqayıt Üst Trikotaj fabrikinin mühasibat və kadrlara dair sənədləri həmin müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyindən, həmçinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək işlədiyiniz Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin Füzuli Rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Sumqayıt Üst Trikotaj” fabriki xx.xx.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydə alınmış, AR Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” ATSC-yə çevrilmiş, xx.xx.1992-ci il D-3061 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınmış xx.xx.2008-ci il tarixli 01/08 saylı protokola əsasən "xxxx" ASC-yə cevrilmişdir. Həmçinin həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək işlədiyi Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi hüquqi ünvanının məlum olmmaması və arxiv sənədlərinin Füzuli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbəindən həmin dövlərin sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ dərəcə əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayədələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Sözügedən aktı təqdim etmədiyi üçün sağlamlıq imkanları məhdud övladına xx.xx.1994cü il tarixindən xx.xx.2007-ci il tarixinədək 13 il 4 ay 18 gün qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ona sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək aşağıdakılar qərara alınmışdır: -xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Sumqayıt Üst trikotaj fabrikindəki, xx.xx.1992-ci tarixindən xx.xx.1994-cü il tarixinədək Füzuli rayonu "xxxx" Firmasında işlədiyi dövrlərin və xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. -ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. - iddia tələbi qalan hissədə təmin edilməsin.” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı yaşa görə əmək pensiyası yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8.2-ci maddələrinə müvafiq olaraq 57 yasda, yəni, xx.xx.2020-ci il tarixdə tamam olur. Lakin onun həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabının sığorta hissəsində 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. xx.xx.1981 - xx.xx.1983, xx.xx.1983 - xx.xx.1987-ci illər ərzində əyani təhsil aldığı dövr, eyni zamanda əmək kitabçasında qeyd edilen dövrlər nəzərə alınmaqla sığorta stajı 09 il 01 av 19 gün təşkil edir ki, bu da öz növbəsində qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Həmçinin 09 il 01 ay 19 gün sığorta stajına uyğun İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6961,76 manat təşkil edir ki, bu məbləğ müvafiq ilə münasibətdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azıdr və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Fondun 1 saylı regiona! ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən , əmək kitabçasında qeyd edilmiş xx.xx.1987-ci il tarixdən 01,04.1989-cu il tarixədək İddiaçı işlədiyi “Sumqayıt Üst Trikotaj fabriki”nin mühasibat və kadrlara dair sənədləri həmin müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyindən, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi “Füzuli rayon Yurd Firması”nın fəaliyyət göstərməməsi, hüquqi ünvanın məlum olmaması səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1989- cu il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt Filialı tərəfindən təqdim edilmiş məktubda Bakı səhəri “Sumqayıt üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Bas İdarəsi tərəfindən təqdim edilmiş məktubunda “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” xx.xx.1995-ci il tarixdə D- 970 saylı şəhadətnamə il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı Qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində xx.xx.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət xx.xx.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Həmçinin, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi Füzuli rayon "xxxx" firmasının fəaliyyət göstərməməsi, hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin Füzuli Rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün deyil. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, həmin müəssisə xx.xx.1995-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin tarixədək (1987-1989) müəssisənin fəaliyyət göstərməsi, sosial ödənişlər etməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1987- ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Sumqayıt Üst Trikotaj’’da işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İddiaçının qeyd edilən müəssisələrdə işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Sumqayıt Üst Trikotaj”da və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi Füzuli rayon "xxxx" firmasında işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövrlər (xx.xx.1987- xx.xx.1989-cu il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək ) sosial sığorta stajına daxil edilə bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.5-ci maddəsinə müvafiq olaraq 2006-cı il yanvarın 1-dək ığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yasinədək uşağa, habelə, ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında təsdiq edilir. Qaydaların 3.9-cu maddəsinə müvafiq olaraq İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yasinədək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına səhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 vasınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddət daxil edilir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsini iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövrü şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında sübut etməli və bunun əsasında İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa qulluq etdiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən DSMF-nin şəhər (rayon) şöbələrinin işçiləri tərəfindən tərtib olunur. Qanunvericiliyin sözügedən tələblərinə müvafiq olaraq tərtib edilməmiş akt sübut qismində qiymətləndirilə bilməz. Belə olan halda İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək 13 il 04 ay 18 gün qulluq dövrünün sığorta stajına daxil edilməsi qanunvericilik baxımından mümkün hesab edilmir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Osmanova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, 2006-cı ilə qədər stajının əmək kitabçasına əsasən hesablandığını və əlil uşağına qülluq dövrünün isə onun uşağın qəyyumu olduğu halda, sığorta stajı kimi nəzərə alınmamasını əsasssız hesab edərək qərarı qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş, 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı MKİS-nin arayışına əsasən müəyyən olunur ki, İddiaçı üç uşaq doğub və səkkiz yaşına kimi tərbiyə edib böyütmüşdür: oğlu: X6 (1989-cu il), oğlu: X2 (1990-cu il), oğlu: X7 (1993-cü il) İddiaçının övladı xx.xx.1989-cu il təvəllüdlü X3 işə əlavə olunmuş əlillik işinə dair sənədlərin surətlərindən görünür ki, ilk dəfə uşaq serebral iflici diaqnozu xx.xx.1992-ci il tarixdə qoyulmuş, həmin tarixdən xəstə uşağa görə anası (iddiaçı) pensiya alır. Onun ilkin əlilliyi xx.xx.1994-cü il tarixdə (əlilliyin səbəbi uşaqlıqdan qeyd edilməklə) təyin edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilir ki, ona 3.01.2006cı ildən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin iddiaçıya ünvanladığı imtina məktubu, iddia ərizəsinə etirazı ilə üst-üstə düşən dəlillərindən göründüyü kimi, onun xx.xx.1987- xx.xx.1989-cu illərdə Sumqayıt Üst trikotaj fabrikində, xx.xx.1992-xx.xx.1994-cü il illərdə Füzuli rayonu "xxxx" Firmasında işlədiyi dövrlərin, eləcə də, xx.xx.1989- xx.xx.2007-ci illərdə sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağına qulluq etdiyi dövrün onun sığorta stajına daxil edilməsini mümkünsüz hesab etmiş və bu əsasla da hesab edir ki, onun sığorta stajının 25 ildən az olduğundan iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işlədiyi vaxt qüvvədə olan (2006-cı ilədək) «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsi nəzərədə tuturdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulurdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” hesablanır . İşə əlavə olunmuş, Bakı Plan-üçot Texnikumu tərəfindən iddiaçıya verilmiş 787241 saylı diplomun və Azərbaycan Xalq Təsərrüfptı tərəfindən ona verilmiş 014666 saylı diplomun surətlərinə əsasən müəyyən olunur ki, xx.xx.1981-xx.xx.1983-cü və xx.xx.1983xx.xx.1987-ci illərdə əyanə təhsilalma formasınada orta ixtsas və ali təhsil almış (5 il 7 ay 29 gün) və bu işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. Onun işə əlavə olunmuş xx.xx.1989-cu il tarixli 20.50825 nömrəli əmək kitabçasının sürətinə əsasən isə iddiaçının aşağıdakı kimi əmək fəaliyyəti müəyyən olunur: xx.xx.1987-xx.xx.1989: Sumqayıt şəhəri Üst trikotaj fabrikində iqtisadçı - 1 il 7 ay 3 gün; xx.xx.1989-xx.xx.1992: “Qartal” müəssisəsi iqtisadçı - 3 il 5 ay 20 gün; xx.xx.1992 - xx.xx.1994: "xxxx" kiçik müəssisəsində mühasib - 1 il 9 ay 18 gün ( əmək kitabçasındakı qeydə əsasən "xxxx" firmasının aktivlərinin işğal altında qalması səbəbindən iddiaçının mühasib kimi fəaliyyətinə qeyri-müəyyən müddətə xitam verilmişdir.) Məhkəmə kollegiyası hesab edir ki, arxiv sənədlərinin aşkar edilməməsinə görə cavabdeh tərəfindən iddiaçının 1987-1994-cü tillərdə işlədiyi həmin dövrün onun sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. Birincisi ona görə ki, qeyd olunan müəssisələr tərəfindən arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi nəzərə alına bilməz. İkincisi, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərindən göründüyü kimi, 2006-cı ilədək sığorta stajı əmək kitabçasına əsasən hesablanır. Əmək kitabçasının sözügedən qeydlərindən isə görünür ki, onun işə qəbulu, və azad olunma tarixləri, müvafiq əmrlər, iş yerlərinin adları - butun bu rekvizitlər müəssisənin məsul şəxsinin imzası və möhürü ilə təsdiq olunmuşdur və həmin qeydlərdə qaralamaların və möhürdə şübhəli məqamların mövcudluğu görünmür. Bu baxımdan məkəmə kollegiyası iddiaçının əmək kitabçası üzrə müəyən olunan iş stajına inadırıcı yanaşır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin müəssisələrdə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında”Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrünü onun sığorta stajı kimi nəzərə alınmasından imtinası qanunsuz hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçının uşağa qulluq müddətinin nəzərə alınmasından imtina olunması ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına (xx.xx.1992ci il tarixli 717417 saylı vəsiqəyə, Xətai sosial təminat şöbəsinin xx.xx.1994-cü il tarixli qərarına, arayışlara və s.) əsasən iddiaçının övladı - 33.xx.xx.1989-cu il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə “uşaq serebral iflici diaqnozu” qoyulmuş və həmin xəstə uşağına qulluğa görə iddiaçı qəyyum kimi xx.xx.1994-cü il tarixdən pensiya almış, xx.xx.2006-cı il tarixdən isə ona səbəbi uşaqlıqdan qeyd edilməklə, müddətsiz İİ qrup əlillik dərəcəsi (i.v.14) təyin olunmuşdur ki, bütün bu hallar cavabdeh tərəfindən mübahisələndirilmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hikimiyyəti orqanının (AR ƏƏSMN) müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etmə müddəti sığortaolunan sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.7. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti üzrə:
1. qanuni nümayəndələrə münasibətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən. Azərbaycan Respublikası Konstitusiyasının 140-cu maddəsinin Vİİ hissəsinin tələbi baxımından, mübahisəli hüquq münasibətlərinə iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd olunan maddi hüquq normaları tətbiq edilməklə, iddiaçının anadangəlmə sağlamlıq imkanları məhdud olan xəstə uşağı X5, onun doğum haqqında şəhadətnaməsinə əsasən (i.v.10) doğulduğu xx.xx.1989-cu il tarixdən 18 yaşı xx.xx.2007-ci il tarixinədək qulluq etmə müddətinin sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin, qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.2.5ci maddəsinə istinadən müvafiq olan aktın olmadığını əsas tutaraq, iddiaçının anadangəlmə sağlamlıq imkanları məhdud olan xəstə uşağı X5 doğulduğu xx.xx.1989-cu il tarixdən 18 yaşı xx.xx.2007-ci il tarixində tamam olanadək qulluq etmə müddətinin sığorta stajına daxil edilməsinin mümkünsüz olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də, iddiaçının anadangəlmə sağlamlıq imkanları məhdud xəstə uşağına qulluq etmə müddəti - 18 ilin üzərinə, onun uşaq xx.xx.1989-cu il tarixdə doğulanadək topladığı 7 il 10 ay 28 gün iş stajını (5 il 7 ay 29 gün təhsil müddəti + 7 ay 26 gün əmək stajı) gəldikdə onun 25 il 10 ay sğıorta stajı yaranmış olur. Başqa sözlə, iddiaçı “Əmək pensçiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüquqnunu qazanmış olur. Deməli, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunmasından imtina olunması onun hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğun mübahisələndirən dəlilləri ilə razılaşmayaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7091/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.