Məhkəmə qərarları › İş №2-1(103)-976/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-976/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-976/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(112)-10805/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı və azyaşlı uşağı X1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,ev 100,mənzil 101b (yataqxana) ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X7 və azyaşlı uşaqları X4 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Bu da onlar üçün müəyyən çətinliklər yaradır. Yaşayış yeri üzrə həm özünün, həmdə azyaşlı uşağın ərazi üzrə dövlət orqanlarında, təhsil və səhiyyə müəsisələrində qeydiyyata düşməklərinə maneəçilik törədir. Odur ki, məhkəmə müdafiəsindən istifadə edərək onun və azyaşlı uşaqları X1 ünvan 2 ünvanına qeydiyyata düşməkləri üçün qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(112)-10805/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə həyatı qurduqdan sonra yuxarıda qeyd etdiyi Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi,ev 100,mənzil 101b ünvanına gəlin köçmüşdür. Bir neçə ildir ki, həmin ünvanda yaşayır və bir nəfər azyaşlı uşağı var. Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədlərini (dövlət reystrindən çıxarışı, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) edilməsini zəruri hesab etmişdir. Lakin qeyd etmək istəyir ki, yaşadığı ünvan yataqxanadır və bu səbəbdən də qanunda göstərilən sənədi təqdim edə bilmir. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalınması da öz əksini tapmışdır. Azyaşlı uşağı və həyat yoldaşı ilə yaşadıqları otaqda (yataqxanada) heç bir şəxsin qeydiyyatı yoxdur və yataqxananın komendantının onların qeydiyyata alınmağına heç bir etirazı yoxdur. Hesab edir ki, məhkəmə həmin mənzildə bir neçə il yaşamaqlarını, təsərrüfatı birgə idarə etməklərini nəzərə alaraq ona istifadə hüququ tanımaqla pasport qeydiyyatına alınmaqları üçün qərar qəbul edə bilər. Qeyd etmək istəyir ki, qeydiyyata alınmamaları səbəbindən azyaşlı uşağını yaşayış yeri üzrə həkim qeydiyyatına aldıra bilmir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. İdidaçı əlavə olaraq izahatında qeyd etdi ki, əri X7 da məcburi köçkün kimi qeydiyyata alınmasını tələb etdiyi ünvanda qeydiyyatdadır. Bu səbəbdən bir ailə üzvü kimi həmin ünvana qeydiyyata alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. -27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. -8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı ünvan 5 ünvanına faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İddiaçı hazırki tələb ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi tərəfindən idddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ərizənizə cavab olaraq bildiririk ki, sizin Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınmanız üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. Belə ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə qeydiyyata alınması üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçının sözügedən mənzilə hüququnun olmaması müəyyən olunur. Belə olan halda cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal da iş üzrə mövcud deyildir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.2004-cü il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdən hal-hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən (elektron məhkəmə sistemindən çıxarışdan) görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X8 ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə iddiaçının sözügedən mənzilə hüququnun olmaması müəyyən olunur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı adına hər hansı daşınmaz əmlakın olub-olmaması barədə, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 100 nömrəli evin 101B saylı mənzilinin qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına hər hansı daşınmaz əmlakın olması və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 100 nömrəli evin 101B saylı mənzilində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan əlavə iddiaçının ərinin həmin ünvanda pasport qeydiyyatına alındığını və bu səbəbdən ailə üzvü kimi faktiki yaşadığı ünvana qeydiyyata alınmalı olması dəlililə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əri X3 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, həmin şəxsin yaşayış yeri Zəngilan rayonu, Canbar ərazi dairəsi, Qazançı kəndi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Odur ki, iddia tələbi əsassız olmaqla iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2-1(112)-10805/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar