Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-977/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(82)-3490/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, ona 13.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1953-cü il tarixdə doğulmuş və 13 oktyabr 2016-cı il tarixindən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfin 02 avqust 2019-cu il tarixli imtina məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə istinad olunaraq şöbəyə təqdim olunan sənədlər əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh tərəfin bu imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, 26 noyabr 1984cü ildən 17 may 1991-ci ilədək Culfa rayon 52 nömrəli Tikinti Quraşdırma İdarəsində 6 il, 05 ay, 21 gün, 1967-1972-ci illərdə isə Culfa rayon Milax kənd C.Məmmədquluzadə adına sovxozda 5 il işləmişdir. 1972-1974-cü illərdə Sovet Ordusunda əsgəri xidmətdə olmuşdur. Ümumilikdə 13 il, 05 ay, 21 gün sığorta stajı vardır. Bunları Culfa rayon Dövlət Arxivinin 19 iyul 2019-cu il tarixli arxiv arayışı, hərbi biletinin təsdiq edilmiş surəti sübut edir. Cavabdehin imtinasının digər bir səbəbi isə pensiya kapitalı ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 01 iyul 2017ci ildən sonra pensiyaya çıxanlardan pensiya kapitalı tələb edilməlidir. Onun isə yaşa görə əmək pensiya hüququ 13 oktyabr 2016-cı ildən yarandığından pensiya kapitalı tələb edilə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2019-cu il tarixli 2-1(82)-2490/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı onun arayışda və hərbi biletdə göstərilən dövrün iş stajına daxil edilərək 13 oktyabr 2016-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli 2-1(103)-1099/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2020 nömrəli iş üzrə 24 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2044/2020 saylı, 27.10.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2020-ci il tarixli 2-1(103)-1099/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiyası hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, iddiaçı xx xxxxxxx 1953-cü il tarixdə doğulmuşdur, cavabdehə pensiya təyinatı ilə bağlı müraciət edən vaxt onun 63 yaşı tamam olmuşdur. İddiaçıya 63 yaşdan əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin və onun qeydinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən 12 il sığorta stajını toplaması tələb olunurdu. Hazırkı işdə cavabdeh iddiaçının sığorta stajını və pensiya kapitalını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu qərarın 20-22-ci bəndlərində istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajını müəyyən edən sənədlərin siyahısında arxiv arayışlarının nəzərdə tutulmaması bu qərarın 20-22-ci bəndlərində istinad edilən qanunvericilik aktlarının tələblərinə zidd olmaqla, Qaydalarda olan boşluq kimi qiymətləndirilməlidir. Bundan əlavə, həmin Qaydalarda qeyd edilir ki, 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Odur ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına istinad etməklə iddiaçının təqdim etdiyi arxiv arayışını onun iş stajını təsdiq edən sənəd kimi nəzərə almamaqla yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 1967- 1972-ci illərdə Culfa rayon Milax kənd C.M.Quluzadə adına sovxozda işlədiyi illərdə yalnız əmək haqqı aldığı ayların iş stajı kimi nəzərə alınması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Odur ki, apelyasiya instansiyası məhkəməsi həmin illərdə iddiaçının yalnız əmək haqqı aldığı ayları toplamaqla ümumi iş stajını müəyyən etməsi, əmək haqqı ödənilməyən ayların isə staj kimi nəzərə alınmaması barədə mövqeyi qanuni və əsaslı olmamışıdır. Belə ki, qanunvericilikdə işçinin işlədiyi illərdə yalnız əmək haqqı aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. İddiaçının pensiya kapitalına malik olmaması ilə bağlı cavabdehin mövqeyinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 63 yaşının tamam olduğu 13 oktyabr 2016-cı il tarixdə 12 il sığorta stajını toplamışsa, həmin vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu zaman onun pensiya sığorta kapitalına malik olmaması vəziyyəti dəyişmir. Belə ki, 2017-ci il 1 iyul tarixədək əmək pensiyası hüququnun yaranması üçün pensiya sığorta kapitalı tələb edilmirdi. Odur ki, iddiaçının 63 yaşı tamam olan vaxt onun 12 il sığorta stajını topladığı müəyyən edilərsə, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi 2017-ci il 1 iyul tarixədək olan redaksiyada tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin qanunun 69-cu maddəsinə sasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1- dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. (01 iyul 2017-ci ilədək olan redaksiya) Həmin qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, cavabdehin imtinası isə əsassızdır. Bu səbəbdən 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(82)-3490/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3490/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Xəyalə cəmilova Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-977/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-977/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver