Məhkəmə qərarları › İş №2-1(103)-977/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-977/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-977/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992-1993-cü illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5035/2021 saylı 27.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən iddiaçıya verilməli olan, lakin verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM m.34). İddianın əsaslarına görə iddiaçı 27.10.1992-28.09.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissədə xidmət keçərkən 03.07.1992-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı xəsarət (travma) almış, hərbi xidmətə yararsız hesab olunaraq Hərbi Həkim Komissiyasının 31.03.1993-cü il tarixli, 1524 nömrəli qərarı ilə hərbi xidmətə yararsız hesab olunmuş və Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 0187gm saylı, 28.09.1993cü il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” Lakin iddiaçıya ehtiyata buraxılarkən 1992-ci ilin noyabr və dekabr ayları üçün, həmçinin, 1993-cü ildə istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətə görə kompensasiya ödənilməmişdir. İddiaçı nümayəndəsi vasitəsilə kompensasiyanın ödənilməsi üçün 03.02.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etsə də həmin müraciətinə 9/188 nömrəli, 15.02.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 saylı və Müdafiə nazirinin 18 mart 2015-ci il tarixli 15 №-li qərarlarında 1994-cü ilin fevralın 1-dən 2010-cu ilin iyun ayının 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçulardan başqa) istifadə edilməmiş, növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsi müəyyən edilmişdir. İstefada olan gizirİddiaçı 28.03.1993-cü il tarixdə ehtiyata buraxıldığı üçün kompensasiya hesablanması mümkün deyildir. Cavabdeh iddia ərizəsinə etirazında da uğğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5035/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin əsaslandırılmış apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 saylı qərarının adında açıq aydın 01.02.1994-cü ildən 12.06.2010-cu ilədək dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyət göstərilir. Həmin müddət birinci instansiya məhkəməsi tərəfindən qərarında 27.10.2021-ci il tarixli qərarında təhrif olunmuş şəkildə 27.10.1992-ci ildən 28.09.1993-cü ilə kimi xidmət etmiş şəxsə tətbiq olunmamış, iddia qanuna zidd olaraq təmin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyeva apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin nümayəndəsi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materialları ilə birlikdə araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının 27.10.1992- 28.09.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçməsi işin tərəflər arasında mübahiəsələndirilməyən hallarını təşkil edir. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki iddiaçı 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətinə, 1993-cü ildə isə ehtiyata buraxılarkən verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyası ödənilməsini cavabdehdən tələb etmiş, lakin sonuncu Azərbaycan Respublikası Nazirlər Kabinetinin «1994-cü il fevralın 1dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 26.12.2014-cü il tarixli 399 saylı qərarına istinadən imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsinin qərarında, göstərmişdir ki, hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktlar qismində nə «Hərbi qulluqçuların statusu haqqında» Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli Fərmanının müddəalarında, eləcə də, Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 saylı qərarında(1-3-cü bəndlərində) hər hansı tarixlə (vaxtla) məhdudlaşdırılmamışdır. Həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydıQərarın n şəkildə tənzimlənmişdir… Məhkəmə məhkəmə kollegiyası aşağıdakılara görə məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdehin imtina cavabı qanuni və əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanunda qeyd olunur ki, “həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Həmin Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən isə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin stifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 saylı «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» qərarının 1-3-cü bəndləri ilə aşağıdakılar müəyyən olunmuşdur:

1. həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12dək dövr əsas götürülsün. 2.1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. 3.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın, Ali Məhkəməsinə və Hərbi Prokurorluğuna tövsiyə edilsin: 3.1 yarımbənd) 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; 3.2 yarımbənd) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar…» Birinci instansiya məhkəməsi isə qərarında qanunvericiliyin qeyd olunan müddaları, o cümlədən Nazirlər Kabinetinin qeyd olunan qərarında istinad olunan normaları düzgün təfsir olunmur. Belə ki, həm qeyd olunan Qanuna, həm də qeyd olunan Fərmana əsasən son nəticədə hərbi qulluqçulara istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi qaydası Nazirlər Kabinetinin qəbul etdiyi 26.12.2014-cü il tarixli 399 saylı «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» qərarı ilə tənzimlənir. Nazirlər Kabinetinin həmin Qərarının isə birincisi adından, ikincisi isə 1-ci və 2-ci bəndlərinin qeyd olunan tələblərindən göründüyü kiimi, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12- dək dövr əsas götürülməli olduğu imperativ olaraq qeyd edilir. Deməli, Qərarın bundan sonrakı istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması mexanizmi və qaydalarını müəyyən edilən normaları, məhz, həmin müddət daxilində xidmətdə olmuş hərbi qulluqçulara şamil olunur. Bu baxımdan da məhz, Qərarın həm 3.1-ci yarımbəndində «2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu» dedikdə, həm də 3.2-ci yarımbəndində «istifadə edilməmiş növbəti məzuniyyət…» dedikdə, 1994-cü il fevralın 1dən 2010-cu il iyunun 12-dək olan dövrdə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular nəzərdə tutulur ki, bu da 1-2-ci bəndlərinin məntiqi ardıcıllığını təşkil edir. Nazirlər Kabinetinin sözügedən Qərarı ilə pul kompensasiyanın ödənilməsi qaydasının məhz 1994-cü il fevralın 1-dən etibarən müəyyən edilməsinin mənası isə ondan irəli gəlir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 mart 1994-cü il tarixli 78 №-li Əmri ilə 1994-cü ildə bütün hərbi qulluquçulara 1992-1993-cü illərin istifadə olunmamış məzuniyyət günləriənə görə pul kompensasiyası artıq ödənilmiş kimi qəbul edilir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə” 217 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə Müdafiə naziri tərəfindən 25 noyabr 2012-ci il tarixli 304 №-li Əmr imzalanaraq "Azərbaycan Respublikası Silahlı Qüvvələrində təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi Qaydaları” təsdiq edilmişdir. Qeyd edilən Əmrin 5-ci bəndi ilə müəyyən edilmişdir ki, hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət görə pul kompensasiyasının hesablanması və ödənişi nazirlikdə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Həmin Əmrlə təsdiq olunmuş “Qaydalar”ın 2-ci hissəsinin 2.5-ci bəndinin 4-cü abzası ilə isə müəyyən olunmuşdur ki, Komissiyanın protokolları tərtib olunarkən Müdafiə nazirinin 78 №-li 19 mart 1994-cü il tarixli əmrinə əsasən hərbi qulluqçulara 1992-1993-cü illər üçün məzuniyyət əvəzi kompensasiya ödənildiyi nəzərə alınmalıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdeh tərəfindən 1992-1993-cü illər üzrə istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyanın ödənilməməsindən imtina olunması qanunvericiliyə uyğun olmuşdur.Belə olan halda həmin imtina iddiaçının hüquqlarını poza bilməzdi. İPM-in 73.1-ci maddəsinin məzmunundan irəli gələn mənası isə ondan ibarətdir ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoya bilər ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində - inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə qərar qəbul edərkən, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün təfəsir etməmiş, nəticədə iddiaçının 1992-1993-cü illərə görə istifadə olunmamış məzuniyyətə görə kompensasyiya tələbinin təmin etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, məhkəmə praktikasında oxşar işlər üzrə yekun məhkəmə qərarları ilə iddialar təmin edilməmişdir (İşə əlavə olunur). Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bürinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5035/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 87.6-cı maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5035/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı “1992-1993-cü illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar