Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-977/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "sökülmüş qeyri-yaşayış sahəsinin bərpası" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12837/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan əmlakın təyinat göstərişinə uyğun inşa edərək bərpasına və reyestrdə qanuni sənədlər əsasında icarə sahəsinə 308.3 kv.m göstərməklə çıxarışda əmlakın 308 kv.m olmaqla düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işsizlik səbəbindən maddi imkanım olmadığı üçün hüquqi maraqlarının düzgün təmin olmağı üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12837/2024 saylı qərardadı ilə (hakim S.Salahova) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öncəki 7 illik məhkəmə çəkişməsi müddətində və hazırda işsizdir, heç bir maddi gəliri yoxdur, əmlakının mənfəət gəlirindən məcbur məhrum edilib, bu səbəbdən ƏMDX-nin büdcəsinə iyirmi min manat torpaq icarə haqqı borcu ilə yüklənib və cavabdehin son məhkəməyə müraciəti də məhz bunun sübutu olmasına görə məhkəmə dövlət hesabına vəkillə təmin edilmə ərizəsini təmin etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və dövlət hesabına vəkillə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12837/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizə ilə məhkəməyə müraciət etmiş iddiaçının ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 3-17-7/2-A-39332/2024 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır və adına əmək müqaviləsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizənin təmin edilməməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə, dövlət hesabına vəkilin prosesdə iştirakını iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müəyyən edildikdə təmin edir. İddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin iddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə İPM ilə başqa qayda müəyyən edilmədiyi və İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 67-1-ci maddəsinə əsasən: 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. 67-1.5. Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı zamanı dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bu cür ərizələr daxil olduğu təqdirdə vəkillə təmin edilmə barədə ərizə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılır. İşdən göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışa əsasən iddiaçının qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi heç də onu deməyə əsas vermir ki, onun heç bir qazancı yoxdur və o, maddi cəhətdən imkansızdır. Çünki, onun qeyri-rəsmi qazanc mənbəyinin mövcud olması da istisna edilmir. Ən azından, yaşaması, kommunal xərclər ödəməsi, bunun müqabilində onun ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciətini zəruri etdiyi halda, belə bir müraciətinin mövcudluğu barədə məhkəməyə sübutlar təqdim etməməsi - onun aztəminatlı şəxs kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar məhkəməyə təqdim edilməmiş və Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 12837/2024 saylı qərardadına əsasən iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12837/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-1(112)-12837/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-977/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-977/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver