Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-978/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN**********, hüquqi ünvan-AZ1149, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 138, qanuni təmsilçi-X2, dövlət qeydiyyatına alındığı tarix-28.09.2001-ci il il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1835/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 15.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarların ləğv olunması tələbini irəli sürmüşdür. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarlara əsasən 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə əsassız olaraq əlavə dəyər vergisi (bundan sonra – ƏDV) məbləğləri hesablanmışdır. Müvafiq dövr üzrə vergi ödəyicisi kimi İddiaçı MMC tərəfindən hesablamalar düzgün aparılmış və vergilər ödənilmişdir. ƏDV-nin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159 və 166-cı maddələrində nəzərdə tutulmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV-yə 140,00 manat dövriyyə cəlb edilmiş, 25,20 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 77.240,99 manat, büdcədən qaytarılan ƏDV məbləği 13.878,18 manat, 2018-ci ilin iyun ayı üzrə ƏDV-yə 37.438,75 manat dövriyyə cəlb edilmiş, 6.738,98 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 93.539,9 manat, büdcədən qaytarılan ƏDV məbləği 10.098,20 manat, 2018-ci ilin iyul ayı üzrə ƏDV-yə 21.624 manat dövriyyə cəlb edilmiş, 3.892,32 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 83.302,48 manat, YGB (yük gömrük bəyannaməsi) üzrə 753,61 manat, cəmi əvəzləşdirilən məbləğ 83.876,09 manat, büdcədən qaytarılan ƏDV məbləği 11.205,38 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. Yuxarıda göstərilən “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli və 5 aprel 2019-cu il tarixli qərarların ləğvi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət ərizəsi ünvanlanmışdır. Lakin şikayət icraata götürülsə də, bu günədək ona baxılmamış və heç bir qərar qəbul olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 15.1.9, 20.3, 37, 53.3, 94, 159-cu maddələrinə əsaslanaraq, cavabdehin “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarlarının ləğv edilməsi məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 1835/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. 03.03.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1835/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas kimi göstərdiyi iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələrə istinadən heç bir açıqlama verməmiş, sadəcə iddiaçının təqdim etdiyi bəyannamələrdəki dövriyyələri vurğulamaqla, iddiaçının əsassız mülahizələrinə istinad edərək əsassız qərar qəbul etmişdir. Məhkəmə 2018-ci ilin yanvar, iyun və iyul ayları üçün ƏDV bəyannamələri üzrə kameral qaydada hesablanmış vergilərin tərkibini araşdıraraq qərar qəbul etməliydi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1024/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, A.Hüseyn) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 1835/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1940/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1024/2020 nömrəli, 09.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1940/2020 saylı, 22 dekabr 2020-ci il tarixli qərardadı ilə 24.11.2020-ci il tarixli qərarında yol verilmiş yanlışlıq aradan qaldırılmaqla, qərarın 29-cu bəndində “Həmin” sözünün “İnzibati-Prosessual” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli, **********646800 saylı, **********348500 saylı, 5 aprel 2019-cu il tarixli, **********872400 saylı qərarlara əsasən: 2018-ci ilin yanvar ayı üzrə ƏDV-yə 140,00 manat dövriyyə cəlb edilmiş, 25,20 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 77.240,99 manat, büdcədən qaytarılan ƏDV məbləği 13.878,18 manat; 2018-ci ilin iyun ayı üzrə ƏDV-yə 37.438,75 manat dövriyyə cəlb edilmiş, 6.738,98 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 93.539,9 manat, büdcədən qaytarılan ƏDV məbləği 10.098,20 manat; 2018-ci ilin iyul ayı üzrə ƏDV-yə 21.624 manat dövriyyə cəlb edilmiş, 3.892,32 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 83.302,48 manat, YGB (yük gömrük bəyannaməsi) üzrə 753,61 manat, cəmi əvəzləşdirilən məbləğ 83.876,09 manat, büdcədən qaytarılan ƏDV məbləği 11.205,38 manat dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. Birinci instansiya məhkəməsi vergi orqanının vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-yə 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə əlavə vergi məbləğlərinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qeyd olunan dövrlər üzrə “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli **********872400 saylı qərarları qanuna ziddir. Eləcə də inzibati orqanın 27 mart 2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli **********872400 saylı qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələr Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan hazırkı qərarın 25-28-ci maddələrinin tələbinə uyğun olaraq dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədləri (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) iddiaçıdan tələb etmiş, lakin iddiaçı həmin sənədləri vergi orqanına təqdim etməmişdir. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etmədiyindən cavabdeh haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qeyd olunan dövriyyə heç bir səbəb olmadan və dəqiqləşməni zəruri edən hallar, sübutlar təqdim edilmədən əsassız olaraq azaldılmışdır. Cavabdeh göstərilən halları həm iddia ərizəsinə etirazında, həm də apellyasiya şikayətinin dəlillərində qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cavabdehin bu mövqeyini nəzərə almamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçıya iş üzrə iddia tələbini əsaslandıran sənəd-sübut təqdim edilməsi təklif edilmiş, iddiaçı isə dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədləri (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə təkrarən istinad etmiş, həmin sənədlər iddia tələbinin təmin edilməsi üçün yetərli hesab olunmur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia predmetini təşkil edən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar qüvvədə olan qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olaraq qəbul edildiyindən, iddiaçı tərəfindən qərarların ləğv edilməsi üçün sübutetmə yükü onun üzərinə düşdüyündən, iddiaçı sübutetmə yükünu yerinə yetirə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası tərəfindən qərarların ləğvi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1835/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 1835/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” 27 mart 2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, 5 aprel 2019-cu il tarixli **********872400 saylı qərarların ləğv olunması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-978/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-978/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver