Məhkəmə qərarları › İş №2-1(103)-978/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-978/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-978/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8275/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 62 yaş 06 ayının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərq məbləğinin ödənilməsi (sosial müavinət üzrə ödənişlər çıxılmaqla) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, "xxxx" icarə müəssisəsini xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlər kitabları arxivdə saxlanılmadığından, İddiaçı həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödənilməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan da aydın olur ki, "xxxx" icarə müəssisəsi VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Eyni zamanda "xxxx" icarə müəssisəsinin hesabat məlumatları mərkəzi filiala təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ona 62 yaş 06 ayının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8275/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 62,6 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı şəhəri 3 nömrəli atelyedə dərzi şagirdi işləmiş; (07 ay 13 gün) xx.xx.1979-cu il tarixdə Aynur tikiş evinə paltartikən usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə dərzi vəzifəsinə keçirilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş; (08 il 05 ay 22 gün) xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 1 №-li Fərdi paltar tikişi və təmiri fabrikanın 12 №-li atelyesində dərzi işləmiş; (02 il 23 gün) xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək 12 №-li atelyedə dərzi; (01 il 07 ay 16 gün) xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Kənan icarə müəssisəsində dərzi vəzifəsində işləmişdir. (12 il 11 ay) Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, cavabdeh imtina üçün dörd halı əsas götürmüşdür: 1. xx.xx.1992-xx.xx.2004 dövrlər üzrə "xxxx" İcarə Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması; 2. İddiaçı tərəfindən 25 il ümumi iş stajının toplamaması; 3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; 4. Əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatın olmaması. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək qadınların pensiya yaşı 62,6 yaş müyyən edilmişdir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (62,6 yaş) çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. İddiaçının əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1978xx.xx.1988; xx.xx.1988-xx.xx.2004 = 25 il 08 ay 11 gün) çox təşkil edir. Cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının əmək kitabçasında qeyd olunmuş "xxxx" İcarə Müəssisəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmamasını əsas götürmüşdür. İddiaçının hazırda mübahisələndirilən iş stajı (1992- 2004-cü illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, "xxxx" İcarə müəssisəsinin xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasında fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmişdirsə hansı tarixdən fəaliyyəti ilə bağlı hər hansı məlumatın (onun hüquqi və faktiki ünvanı, rəhbəri və s.), o cümlədən özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olub-olmaması, ümumiyyətlə həmin müəssisənin özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirilmə ilə bağlı məlumatın, eyni zamanda İddiaçı həmin müəssisədə işləməsi ilə bağlı təsdiqedici sənədlərin (işə qəbul, xitam əmri, əmək haqqı cədvəli və s.) təqdim olunması xahiş olunmuşdur. Sorğulara cavab məktublarından məlum olmuşdur ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" İcarə müəssisəsi 14 aprel 1997-ci il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. "xxxx" İcarə müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi). Qeyri-kommersiya qurumlarının dövlət reyestrində və Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin arxivində İdarəyə dair hər-hansı məlumat aşkar edilməmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi). Hüquqi şəxsin qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi). Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 37a/182 olan "xxxx" X4 (İcarə müəssisəsinin) Fərdi tikiş sexi “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq 8 dekabr 1999-cu il tarixli, 13611 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı da üzvü olduğu əmək kollektivi tərəfindən özəlləşdirilərək onun bazasında 9 dekabr 1999-cu ildə "xxxx" Firması təsis edilmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müəssisənin 14 aprel 1997-ci il tarixdə statik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu, həmçinin daha sonra sərəncamla özəlləşdirməyə açıq olduğu, başqa sözlə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Bu zaman müəssisənin məhz iddiaçının işlədiyi ildən fəaliyyətdə olub-olmaması ilə bağlı araşdırma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal müəssisənin həqiqətən də fəaliyyətdə olmuş müəssisə olmasıdır ki, 1996-cı il tarixdən əvvəlki məlumatların arxiv və vergi orqanlarında saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Formalaşmış məhkəmə təcrübəsi də göstərir ki, statik vahidlərin reyestrində müəssisələr barədə məlumatlar məhz 1996-cı il tarixdən sonrakı tarixlərə qeydiyyata alınmışdır və həmin tarixdən əvvəlki tarixlərdə qeydiyyata almalarla bağlı məlumatlar oxşar işlərin heç birində verilmiş sorğulara cavablarda müəyyən edilmir. Qeyd olunanlardan da müəyyən edilir ki, həmin müəssisə həqiqətən də mövcud olmuşdur. Bununla bağlı arxiv və vergi orqanlarında məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər həmin məlumatların vergi və arxiv orqanlarında olmamasına istinad mütləq olsaydı, həmin halda əmlak və statistika ilə bağlı inzibati orqanlar tərəfindən verilmiş məlumatların mötəbərliyi istisna olunardı. Beləliklə, 1996-cı il tarixdən əvvəlki məlumatların müəssisə barəsində olmaması iddiaçının ziyanına şərh edilməyən haldır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında da müəyyən ziddiyyətli halların mövcudluğu iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. "xxxx" İcarə müəssisəsinin qeydiyyatı ilə bağlı arxiv və vergi orqanlarında məlumat aşkar olunmasa da, müəssisənin mövcudluğunu təsdiq edən bir neçə sənəd mövcuddur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər toplusundan müəyyən olunur ki, "xxxx" İcarə müəssisəsinin xx.xx.1991-ci il tarixli 1№-li protokoluna Oktyabr rayonu X5 xx.xx.1991-ci il tarixli qərarına əsasən "xxxx" İcarə müəssisəsinin Nizamnaməsi təsdiq olunmuş, əhaliyə tikiş xidməti göstərən "xxxx" İcarə müəssisəsinin vergi uçotuna alınması barədə Azərbaycan Respublikası Baş X2 Vergi ödəyicilərinin Dövlət Reyestrinin aparılması Qaydalarının 3 nömrəli Əlavəsinə əsasən xx.xx.1993-cü il tarixdən şəhadətnamə verilmişdir. Bundan başqa sənədlər toplusunda iddiaçı X3 müəssisədə əmək fəaliyyəti icra etməsi barədə “işçilərin haqqında məlumatı” əks etdirən arayış aşkar olunmuşdur. Statistik vahidlərin bazasına əsasən "xxxx" İcarə müəssisəsi 14 aprel 1997-cı il tarixdə qeydiyyata alınmış, bundan əvvəl 1991-ci ildə müəssisənin Nizamnaməsinin təsdiq olunduğu, 1993-cü ildə isə vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə müəyyən olunmuş, eyni zamanda müəssisə tərəfindən arxiv sənədləri dövlət arxivinə təhvil verilməmiş və son olaraq müəssisənin əmək kollektivi (iddiaçı daxil olmaqla) tərəfindən özəlləşdirilərək onun bazasında "xxxx" firmasının təsis edildiyi aşkar olunmuşdur. Müəssisə tərəfindən Dövlət Arxivinə sənədlərinin təqdim edilməməsi, iddiaçının həmin dövrdə "xxxx" İcarə müəssisəsində işləməsini təsdiq edən digər sənədlər (məsələn: əmrlər, əmək haqqı cədvəlləri və s.) əsasında müəyyən edilməsi mümkün deyildir. Müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin 1992-2004-cü illər ərzində mövcud olması təsdiq olunur. Bu səbəbdən iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyi şübhə altına almamalı, əksinə həmin qeydlər əsasında iddiaçının "xxxx" İcarə müəssisəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. "xxxx" İcarə müəssisəsi ilə bağlı arxiv sənədlərinin (əmək haqqı cədvəlləri, əmrlər və s.) olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Cavabdehin məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı mülahizəsinə münasibətdə qeyd edilməlidir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1992-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2004-cü illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının "xxxx" İcarə müəssisəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi mühüm rol oynamır . Pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 62,6 yaşından, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8275/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar