Məhkəmə qərarları › İş №2-1(103)-978/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-978/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-978/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5663/2023 nömrəli, 07 sentyabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əsassız olaraq hesablanmış 32000 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 006524 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı (VÖEN: **********) 16 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 32000 (otuz iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, 16 nəfər fiziki şəxslər hər hansı işlərin görülməsinə cəlb edilməmiş, işə daxil olmaq üçün müraciət etməyə gəlmişlər. Vergi orqanı əməkdaşları isə kobud pozuntuya yol verərək, həmin şəxslərin işçi olduğunu qəbul edərək, akt tərtib etmişlər. Bundan əlavə, operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Vergi Məcəlləsinin 50.2.2ci maddəsi). Ancaq, həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası olmadığına görə, bu hal, yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. Azərbaycan Respublikasının 02 aprel 2021-ci il tarixli 286-VİQD nömrəli qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin dəyişiklik vergi ödəyicisinin lehinə edilmişdir. Belə ki, xidmət müqaviləsi ilə işçinin işlədilməsi faktı ilk dəfə aşkar edildikdə, vergi orqanı vergi ödəyicisini bu barədə xəbərdar etməli, xəbərdarlıqdan sonra belə əmək müqaviləsi bağlanılmadığı təqdirdə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq etməlidir. Ona görə ki, dəyişikliyin məqsədi vergi ödəyicisinə maliyyə sanksiyasını tətbiq etmək deyil, onu bu istiqamətdə maarifləndirməkdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin tutulduğu anda deyil, belə ki, əlavə edilmiş 2-4-cü hissəyə əsasən "bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır” müddəası xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlanılması öhdəliyini 2-3-cü hissədə nəzərdə tutulan hallardan birinin aşkar edildiyi gün ilə şərtləndirir. Məhz qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır ki, həmin an əmək müqaviləsinin bağlanılması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Vəzifə olduğu halda hüquq yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir. Barəsində bəhs edilən Məcəllənin 32-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********88683 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar 15A ünvanında yerləşən “Qızıl Tac” şadlıq sarayında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 17 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, lakin 1 nəfərin FİN məlumatlarını müəyyən etmək mümkün olmadığı üçün 16 nəfər fiziki şəxs barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006524 nönmrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 32000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********866800 nömrəli məktubu ilə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı İddiaçı izahatında qeyd olunan 16 nəfər işçinin xx.xx.2022-ci il tarixdə digər işçiləri əvəz etmək üçün işə cəlb olunduğunu və həmin fiziki şəxslərlə əmək və ya xidməti müqavilə bağlanmasının gecikdirildiyini bildirmişdir. Bununla yanaşı, vergi ödəyicisi operativ vergi nəzarətində iştirak etməsinə baxmayaraq, aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Eyni zamanda iddia ərizəsində bildirilmişdir ki, qeyd olunan halların aşkar edildiyi gündən sahibkarın xidmət müqaviləsi ilə çalışan şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyi yaranır və həmin an əmək müqaviləsinin bağlanması və ya xidmət müqaviləsinə xitam verilməsi sahibkarı Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqindən azad edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 16 nəfər şəxs müəssisə ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Əmək Məcəlləsinin prinsiplərindən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. Məcəllənin 7-ci maddəsində qeyd edilir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Eyni zamanda, obyektdə operativ vergi nəzarəti tədbiri keçirilən zaman video müşahidəyə fərdi sahibkar İddiaçı tərəfindən icazə verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5663/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5663/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmadan iddia tələbi rədd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5663/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********8683 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: Qızıl Tac restoranı; ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar 15 A 0) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221834791 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: Qızıltac restoranı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i:**********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 140003 Qızıltac restoranı; AZ 1134, Baki şəhəri Nəsimi rayonu 20 yanvar, ev 15 a m.0; restoranlar tərəfindən xidmətlərin göstərilməsi; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstəriən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşgul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi, maddə 50.2.4) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar edilməsi göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli DVX seriyalı 006524 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktına əsasən iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən “Qızıl Tac restoranında” operativ vergi yoxlaması zamanı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 27 (iyirmi yeddi) nəfər fiziki şəxsdən 17 (on yeddi) nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. Buna görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi tövsiyyə olunmuşdur. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar baş idarə tərəfindən tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8450 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə (fərdi sahibkar İddiaçı) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 16 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 32 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının 32000 manat məbləğin) xx.xx.2022-ci il tarixədək büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Yoxlama zamanı İddiaçı izahatında qeyd etmişdir ki, aşkar edilmiş 16 nəfər işçinin xx.xx.2022-ci il tarixdə digər işçiləri əvəz etmək üçün işə cəlb olunduğunu və həmin fiziki şəxslərlə heç bir əmək və ya xidməti müqavilə bağlanmasının gecikdirildiyini bildirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.3-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı vergi orqanı tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslərdən X3, X6, X10, X7 şahid qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən fiziki şəxslər verdiyi ifadələrində qeyd etmişdirlər ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman onlar “Qızıl Tac” restoranında işləmədiklərini və həmin restorana işə götürülmək üçün getdiklərini qeyd etmişdirlər. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı aşkar olunan fiziki şəxslərin iddiaçıya məxsus obyektdə işləməsi, iddiaçının verdiyi izahatında da həmin işçilərlə hər hansı müqavilələrinin olmaması ilə bir daha təsdiq olunur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı işin faktiki halları tam və hərtərəfli araşdırılmış, qeyd edilən fiziki şəxslərin bir qismi məhkəmə iclasında şahid qismində izahat vermişdir. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, işçilərlə əmək müqaviləsi və xidməti müqavilə olmadan işlərə cəlb olunmasını etiraf etmişdir. Məhkəmə prosesi gedişində də iddiaçı tərəf həmin dəlilləri təkzib edə biləcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan işçilər faktiki olaraq işə cəlb edilmiş və iddiaçı olan vergi ödəyicisi tərəfindən onlara əmək haqqı ödənilmiş, konkret olaraq bu əmək haqları ilə bağlı məlumat müvafiq dövlət qurumlarından gizlədilmiş, yalnız yoxlama zamanı müəyyən olunmuşdur. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə hər bir işçi üçün 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda, hazırkı iş üzrə 16 (on altı) nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 16 (on altı) nəfər barəsində elektron informasiya sistemində məlumat aşkar edilməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5663/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar