Məhkəmə qərarları › İş №2-1(103)-978/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-978/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-978/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7617/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK- 2101/2003 saylı qətnaməsinin icra edilməməsi nəticəsində İddiaçı vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK-2101/2003 saylı Qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçı X2 vurulmuş maddi ziyanın əvəzi olaraq, 2014-cü ilin noyabr ayından (Avropa İnsan Hüquqları Məhkəməsi 21 oktyabr 2014cü il tarixli qərarından) hazırki günə kimi hesablanmış 117 000 (bir yüz on yeddi min) manat məbləğində əldən çıxmış faydanın və 117 000 (bir yüz on yeddi min) manat məbləğində dəymiş ziyan ödənildikdən sonra qətnamə icra olunmadıqda, qətnamənin icra olunacağı günə kimi hər ay 1000 manat olmaqla, əldən çıxmış faydanın hesablanaraq, cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 yanvar 1993-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Buna baxmayaraq, 1993-cü ildən o, ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan mənzilində yaşamaq hüququndan məhrum olmuşdur. Belə ki, ona verilmiş mənzil Ağdam rayonundan məcburi köçkün düşmüş X6 və X11 və onların ailə üzvləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən o, X6 və X4 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən məzildən çıxarılması barədə iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunsa da, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, onun X6 və X7 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları barədə iddia təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ rayon İcra Hakimiyyətinə tapşırılması, Prezidentin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Lakin Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qətnaməsi icra edilmədiyindən o, İnsan Hüquqlarının və X3 X1 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə qorunan hüquqlarının pozulmasına dair ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 34-cü maddəsinə əsasən Azərbaycan dövlətinə qarşı verdiyi şikayətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 21 oktyabr 2014-cü il tarixli qərar çıxarmışdır. Həmin işə baxılarkən, Hökumət 17 may 2014-cü il tarixli məktubla məhkəməyə məlumat vermişdir ki, ərizə ilə qaldırılan məsələnin həlli üçün birtərəfli bəyanatla çıxış edir, bəyənnamədə qeyd edilmişdir: "Azərbaycan Respublikası Hökuməti bununla birtərəfli bəyənnamə yolu ilə ərizəçinin Kovensiyanm 6-cı maddəsi və Konvensiyaya aid olan 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilmiş hüquqlarının pozulması faktını etiraf etmək niyyətindədir. Hökumət ərizəçi İddiaçı 14244 Avro məbləğində pul ödəməyə hazırdır ki, bunun da 7189 avrosu maddi ziyana görə, 4800 avrosu mənəvi zərərə görə, 2255 avrosu isə məhkəmə qarşında çəkilmiş məsrəflər üçün nəzərdə tutulmuşdur". Azərbaycan Respublikası sözügedən qərarı 3 ay müddətində icra etməli idi. Lakin qərar maddi və mənəvi ziyanın ödənilməsi hissəsində icra edilsə də, 9 ildən artıq müddətin keçməsinə baxmayaraq, o, indiyə qədər ona məxsus mənzilə köçürülməmişdir. Hətta, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini R.Yusifov xx.xx.2006-cı il tarixli 5/1261 saylı məktubla Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək, həmin köçkün ailələrinə "Ümid" qəsəbəsində 18 saylı kotec tipli ev ayrıldığını bildirsə də, onlar qeyd olunan mənzili boşaltmaqdan qətiyyətlə imtina etdiklərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq qurumlarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalmış, 2023-cü ildə də Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını görməzlikdən gəlmişdir. Beləliklə də, AİHM qərarının mövcudluğuna baxmayaraq, onun "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüququ bərpa edilmədən qalmışdır. Hazırda Qaradağ rayon İcra Şöbəsi Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qətnaməsinin icra edilməsi istiqamətində hər hansı bir addım atmaqdan boyun qaçırır. Hətta həmin dövrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş X18 tikilib hazır olmuş, qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılmışdır. Lökbatan qəsəbəsində Qobu Parkda indiyə qədər 3 kompleks tikilib və qaçqınlar ora köçürülüb. Lakin mülkiyyət hüququ əsasında ona məxsus evi zəbt etmiş qaçqınların evdən çıxarılması ilə bağlı məhkəmə qərarı hələ də icra olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7617/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadındanda göründüyü kimi cavabdehlər E.Əliyeva və A.Əliyeva ailə üzvləri ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları onlara başqa yaşayış sahəsi ilə təmin edilibedilməməsindən asılı olmayaraq müstəqil icra edilməli idi. Həmçinin, iş materiallarından da görünür ki, E.Əliyeva və A.Əliyeva ailə üzvləri üçün “Ümid” qəsəbəsində 18 saylı kotec tikili ayrılmış, lakin E.Əliyeva və A.Əliyeva evi boşaltmaqdan qətiyyən imtina etmişlər. Bir daha qeyd edirəm ki, qərarlarda E.Əliyeva və A.Əliyevanın istəklərinə uyğun icra edilməsi qeyd edilməmişdir. Həmçinin, E.Əliyeva və A.Əliyevanın qanuni qüvvəsini almış məhkəmə qərarlarını icra etməmələrinə görə barələrində heç bir tədbir görülməmişdir. Göründüyü kimi cavabdeh Qaradağ rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilməmiş, icraedilməsi üçün məcburi icra tədbirləri görülməmişdir. Məhkəmənin “mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı cavabdehin Qanunun 72-ci maddəsində göstərilən icra hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmə qətnamələrinə əsasən ilk əvvəl onların mənzillə təmin edilməsi tələb olunmuş” qeydindən açıq-aşkar görünür ki, məhkəmə iddianı rədd etmək üçün iş materiallarını təhrif etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qərardadını qərarında qeyd etsə də, əsaslandırmada qərardadın mövcud olmaması kimi yanaşılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından görünür ki, iddiaçı hazırda Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli 1MK-2101/2003 saylı qətnaməsi əsasında verilən İddiaçı X6 və X8 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi barədə icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz olmasına istinad edərək məhkəmə qərarının icra olunmaması nəticəsində ona dəymiş 117 000 maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, iş üzrə mülki icraat zamanı aşağıdakı qərarlar qəbul edilmişdir : - Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1988/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ilə (hakim A.K.Namazov, 2-264/2003) İddiaçı X6 və X13ma qarşı evdən çıxarmaya dair iddiası rədd edilmişdir. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003- cü il tarixli qətnaməsi ilə (hakimlər B.A.Şükürov, S.S.Babayev, M.Ə.Hüseynova 1 MK2101/2003) Səbail Rayon Məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı X6 və X8 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları barədə iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasma möhlət verilməsi qət edilmişdir -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasmm 26 dekabr 2003-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İddiaçı nümayəndəsi Solmaz Abdullayeva ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Apellyasiya Məhkəməsinin 27 iyun 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2015-ci il tarixli qərardadı ilə (hakimlər T.M.Əliyev, T.S.Səmədov, İ.S.Şirinov 1(103)-2101/2003) ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilərək cavabdehlər X6 və X8 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, həmin hissələrdə qətnamənin ayrıayrılıqda müstəqil qaydada icra edilməsi qərara alınmışdır -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2016-cı il tarixli qərardadı ilə (hakimlər T.M.Əliyev, T.S.Səmədov, İ.S.Şirinov 1(103)-2101/2003) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2015-ci il tarixli qərardadının icra qaydasının faktiki hallara görə yenidən dəyişdirilməsi və cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları, başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ərizə təmin edilməmişdir -Həmin qərardaddan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir -Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1988/2016 nömrəli, xx.xx.2016-cı il tarixli həmin qərarı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli 1mk2101/2003 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 MK-2101/2003 saylı 27 iyul 2003-cü il tarixli qətnaməsinin icrası qaydası (cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi) dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. -Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar İddiaçı ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Apellyasiya Məhkəməsinin 1MK-2103/2003 sylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməinin icra edilmədiyi illər ərzində ailəsi ilə birlikdə kirayədə yaşadığına görə və qətnamənin vaxtında icra edilməməsinə görə ona dəymiş zərərin ödənilməsindən ibarətdir. Beləliklə, iddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. İşdən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdə Ağdam rayonun işğalından sonra 1993-cü ildən etibarən məcburi köçkün Elmira Əliyeva və Aidə Əliyeva məskunlaşmışlar. İddiaçı həmin şəxslərin mənzildən çıxarılması ilə bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmə qətnamələri ilə iddiaçının tələbi təmin edilsə də, həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi Qaradağ Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, sonradan qətnamənin icrası qaydası dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətləri “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. Belə olan halda müəyyən olunur ki, həmin qətnamənin icrası Elmira Əliyeva və Aidə Əliyevanın Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsindən asılı olmuş, lakin iş materialları ilə Komitənin məcburi köçkünləri mənzillə təmin etməsi müəyyən edilməmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icrasız qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəmələrə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7617/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar