Məhkəmə qərarları › İş №2-1(103)-979/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-979/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-979/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 8 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1988-ci il tarixində Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının müvafiq dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-3243/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20 avqust 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.07.2019-cu il tarixli, Ə486/04/18- 24 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və onun təhsilinin bərpa olunması, hazırda fəaliyyət göstərən müvafiq dövlət tibb məktəblərinin birinə köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o (iddiaçı), Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2005/2006-cı tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb məktəbinin “Əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur. “Loğman” Tibb məktəbi sonradan 2007-ci ilin sonunda fəaliyyətini dayandırmışdır. O, dəfələrlə Təhsil Nazirliyinə müraciət edərək təhsil hüququnun bərpa edilməsininin təmin olunmasını xahiş etmişdir. Lakin Nazirlik onun müraciətlərinə müsbət cavab verməmişdir. “Loğman” tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmış və 1997 – 2005-ci illər ərzində Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planı əsasında TQDK tərəfindən “Loğman” Tibb Məktəbinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır. AR Nazirlər Kabinetinin 30 dekabr 2007-ci tarixli 221 nömrəli qərarı ilə “Loğman” Tibb Məktəbi ləğv edilmişdir. O, Dövlətin təsdiq etdiyi plan əsasında TQDK tərəfindən keçirilən test üsulu ilə imtahan verib “Loğman” tibb məktəbinə daxil olduğundan, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müxtəlif vaxtlarda müraciətlər göndərərək diplomunun tanınmasını, yaxud onun hazırda fəaliyyət göstərən müvafiq tibb məktəblərinin birinə köçürülməsini, yaxud ona dövlət nümunəli diplom blankının verilməsinin təmin olunmasını xahiş etmişdir. AR Təhsil Nazirliyi onun ərizələrini təmin etməmişdir. O, sonuncu dəfə 8 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş və Nazirlikdən onun Dövlətin təsdiq etdiyi plan əsasında TQDK tərəfindən keçirilən test üsulu ilə imtahan verib “Loğman” tibb məktəbinə daxil olduğundan, təhsilinin bərpa olunmasını, hazırda fəaliyyət göstərən müvafiq dövlət tibb məktəblərinin birinə köçürülməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat uzun süründürməçilikdən sonra ona imtina məktubu göndərmiş və məktubda dayandırılmış təhsil müəssisəsinin tələblərinin başqa təhsil müəssisəsinə köçürülməsinin AR Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta-ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də nəzərdə tutulmadığı qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuzdur, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasıdır. Cavabdeh təşkilat əvvəllər də ona məktublar yazmış və müraciət etmək üçün 10 il müddətin keçdiyini bildirmişdir. Lakin o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciətlər etmişdir ki, Nazirliyə 10 ildən tez müraciət etmişdir. Həmçinin 10 illik məhdudiyyətlə bağlı normativ sənəd yeni qəbul edildiyindən özündən əvvəlki münasibətlərə tətbiq oluna bilməz. Ona görə də hazırda Təhsil Nazirliyi ona başqa qanunsuz cavab göndərmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2005/2007-ci il tədris ili üçün test imtahanında iştirak etmiş və “Loğman” Tibb məktəbinin “əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur. X1 göndərdiyi 12 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə “Loğman” tibb məktəbi qeydiyyata alınmış və 1997-2005-ci illər ərzində Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planı əsasında TQDK tərəfindən “Loğman” Tibb Məktəbinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu aparılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı ilə “Loğman Tibb Məktəbi ləğv edilmişdir. Odur ki, onun Dövlətin təsdiq etdiyi plan əsasında TQDK tərəfindən keçirilən test üsulu ilə imtahan verib “Loğman” tibb məktəbinə daxil olduğu üçün təhsilinin bərpa olunmasını, hazırda fəaliyyət göstərən müvafiq dövlət tibb məktəblərinin birinə köçürülməyi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmalıdır. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-3243/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2020 saylı, 04.08.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, M.Tağızadə,Ü.Mayılov) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 saylı qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmuş, iddiaçının iddiası təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2188/2020 saylı, 15 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2020-ci il tarixli 2-1(103)-1085/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, diplomun əslinin onlarda olmadığını, onlara diplomun surətinin təqdim olunduğunu, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə açılmış cinayət işi üzrə diplomun əslinin maddi sübüt kimi təqdim olunduğunu, iddiaçının test üsulu ilə qəbul olunduğunu, 2016-cı ildən məhkəməyə iki dəfə müraciət etdiklərini, daha sonra barışıq olması üçün iddia tələblərini geri götürdüklərini, lakin barışıq olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-3243/2019 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 14.03.2016-cı il tarixli, 04/270 nömrəli məktubuna (şöbə müdiri Ç.Xəlilov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Xamətova (hal-hazırkı soyadı: Əlisultanova) İnayət Feyzulla qızı adlı şəxs (doğulduğu tarix xx.xx.1988) 2005/2006-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və “Loğman” Tibb Məktəbinin “Əczaçılıq” ixtisasının əyani (ödənişli əsaslarla) təhsilalma formasında qəbul olunmuşdur. - cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta-ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də fəaliyyəti dayandırılmış təhsil müəssisəsinin tələbələrinin başqa təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. - A seriyalı, 005472 nömrəli diplomun surətinə əsasən iddiaçının soyadı “Xamətova” qeyd olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçıya “Loğman” Tibb Məktəbi tərəfindən diplom verilməsinə istinad etmişdir. İş materiallarında “Loğman” Tibb Məktəbi tərəfindən iddiaçıya diplom verilməsi barədə sübut yoxdur. Əgər, məhkəmə işin 16-cı səhifəsində olan, kserosurətə istinad edirsə, bu kserosurət oxunması mümkün olmadığından, eləcə də diplomun lazımi qaydada təsdiq olunmuş surəti olmadığından sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi öz xidməti vəzifəsinə görə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə sorğu ünvanlayaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29.06.2017-ci il tarixli, ********* nömrəli cavab məktubunda (məktub istintaq idarəsinin rəisi baş ədliyyə müşaviri Əli Quliyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş idarədə müxtəlif tibb məktəblərinin saxta diplomlarının əldə olunub istifadə olunması faktları üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* cinayət işinin istintaqı zamanı iddiaçının adına tərtib edilmiş qeyd edilən diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd hesab edilməməklə tanınmadığı üçün müvafiq qaydada baxış keçirilməklə götürülmüş, iş üzrə sənədlərin texniki ekspertizası təyin edilib, müvafiq rəy alınıb iş materiallarına əlavə edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı sənədlərin texniki ekspertizası zamanı daxil olan ekspertiza rəyinin surəti, diplomun müvafiq qaydada təsdiq edilmiş surətini, hazırda qeyd edilən cinayət işinin hansı mərhələdə (istintaq hərəkətləri davam etdirilir, ittiham aktı mövcuddurmu) olması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25.06.2021-ci il tarixli, ********* №-li cavab məktubunda (İstintaq İdarəsinin rəisi, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən imzalanmışdır) İddiaçı və qeyrilərinin müxtəlif tibb məktəblərinə aid saxta diplomları əldə edərək istifadə etmələri faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 308.1. 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. İstintaq zamanı yaranmış zərurət ilə əlaqədar İddiaçı məxsus A №005472 seriyalı 153 qeydiyyat nömrəli, 20 iyul 2007-ci il tarixli diplom baxış keçirilməklə götürülüb hüquqi qiymət verilməsi üçün cinayət işi materiallarına əlavə edilmiş və hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29.06.2017-ci il tarixli, ********* №-li məktubda qeyd edilmişdir ki, “Tələbə Qəbul üzrə Dövlət Komissiyası tərəfindən 2005-2006-cı illərdə qəbulla bağlı keçirilmiş test imtahanlarında iştirak etməklə «Loğman» tibb məktəbinə daxil olmağınız və 2007-ci ildə bitirdiyiniz həmin tibb məktəbi üzrə adınıza tərtib edilmiş və sizə verilmiş 20 iyul 2007-ci il tarixli 153 qeydiyyat nömrəli AN 005472 saylı diplomun istintaq orqanı tərəfindən götürülməsi, tələblərinizə baxmayaraq həmin diplomun sizə qaytarılmaması barədə 16.06.2017 və 21.06.2017-ci il tarixlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş 22.05.2017 və 13.06.2017-ci il tarixli müraciətlərinizlə bağlı təkrar olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş idarədə müxtəlif tibb məktəblərinin saxta diplomlarının əldə olunub istifadə olunması faktları üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* cinayət işinin istintaqı zamanı adınıza tərtib edilmiş qeyd edilən diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd hesab edilməməklə tanınmadığına görə müvafiq qaydada baxış keçirilməklə götürülmüş, iş üzrə sənədlərin texniki ekspertizası təyin edilib müvafiq rəy alınıb iş materiallarına əlavə edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Həmin diplomun maddi sübut olaraq hazırda qeyd edilən cinayət işinin materiallarında saxlanılması ilə bağlı zərurət aradan qalxmadığına görə, Azərbaycan Respublikası CPMnin 129-132-ci maddələrinin tələblərinə əsasən istintaqın hazırkı mərhələsində sizə qaytarılması mümkün deyildir.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini iddiaçının Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də nəzərdə tutulmuşdur ki, tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətilləri dövründə aparılır. Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir. 1.1. Respublika daxilində: “1.1.1) Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. (1.1.2) Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. (1.1.3) Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. (1.1.4) Tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, rektorun (direktorun) əmri ilə həyata keçirilir. (1.1.5) Əgər qəbul zamanı hər hansı tələbə barədə idarə, müəssisə və təşkilatla fərdi müqavilə bağlanmışdırsa, onda belə tələbənin başqa tədris müəssisəsinə və ya bir ixtisasdan digərinə köçürülməsi zamanı uyğun tərəflərin razılığı nəzərə alınmalı, müqaviləyə yenidən baxılmalıdır. (1.1.6) Ali təhsil müəssisələrinin qiyabi və axşam şöbələrindən əyani şöbəyə köçürülmədə tələbələrin yüksək (əla və yaxşı) təhsil göstəricisi və ya səhhətindən irəli gələn zərurət əsas götürülür. Bu zaman ali məktəblərdə oxuyan oğlanların hərbi sənədlərində müvafiq qeydlərin edilməsi tələb olunur. (1.1.7) Qeyri-dövlət (özəl) təhsil müəssisəsindən dövlət təhsil müəssisəsinə köçürülmələrə icazə verilmir. (3.1) Hər hansı bir səbəbdən xarici ölkə təhsil müəssisələrində tələbələr sırasından xaric olunmuş tələbə bu əsasnaməyə uyğun olaraq respublikanın müvafiq təhsil müəssisələrinə bərpa oluna bilər. Respublikanın ali (orta ixtisas) məktəblərində tələbələr sırasından xaric olunmuş tələbələr isə yalnız həmin ali (orta ixtisas) məktəblərinə bərpa oluna bilərlər. (3.2) Tədris intizamını, təhsil müəssisələrinin daxili qaydalarını, təhsil aldığı ölkənin qanunlarını pozduğuna görə tələbələr sırasından xaric edilmişlər istisna olmaqla, əvvəllər ali və orta ixtisas təhsili müəssisələrindən xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası növbəti semestrin başlanğıcından tez olmayaraq təhsilin bütün formalarında bir dəfə aparıla bilər. Digər hallarda isə yalnız tələbələr sırasından xaric olunduqdan ən azı bir il keçdikdən sonra bərpaya icazə verilir. (3.3) Xaricdə dövlət xətti ilə təhsil alanlar ödənişsiz, digərləri isə yalnız ödənişli əsaslarla bərpa edilə bilərlər. (3.7) Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, xaric edilməzdən əvvəl həmin tədris müəssisəsində təhsil almayan tələbələrin şəxsi işinə isə həm də akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunn qanunvericilik normalarına uyğun olaraq qeyd edir ki, birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilməməsinə uyğun olaraq, təhsil müddətini başa vuraraq müvafiq diplom almış şəxslərin də digər təhsil müəssisələrinə köçürülməsi mümkün deyildir. Belə ki, iş materiallarında müvafiq diplomun kserosurəti olsa da, məhkəmə sorğusuna cavab olaraq daxil olmuş müvafiq məktubda İddiaçı və qeyrilərinin müxtəlif tibb məktəblərinə aid saxta diplomları əldə edərək istifadə etmələri faktı ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 308.1. 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparıldığı və hazırda cinayət işi üzrə istintaq davam etdirildiyi qeyd edilmişdir. Həmçinin işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən AN seriyalı, 005472 nömrəli diplomun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təqdim edilmiş A №005472 seriya və nömrəli diplomun surətindən müəyyən edilir ki, X2 2005-ci ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb Məktəbinin “ Tibb bacısının işi” şöbəsinə daxil olmuş və 2007-ci ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmiş, müstəqil ixtisas komissiyasının 16 iyul 2007-ci il tarixli qərarı ilə ona tibb bacısı ixtisası verilmişdir. (20 iyul 2007-ci il, qeyd № 153) Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 221 №-li qərarına əsasən “Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli, 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli müvafiq qərarında ləğv edilmiş “Loğman” Tibb Məktəbinin tələbələrinin digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı hər hansı qeyd mövcud deyildir. Beləliklə, iddia ərizəsindən, iş materiallarında olan iddiaçıya məxsus 5533 №-li, 19.09.2005-ci il tarixli tələbə biletindən, A seriyalı, 005472 nömrəli diplomun surətindən müəyyən edilir ki, iddiaçı 31 may 2005-ci il tarixdə “Loğman” Tibb Məktəbinə daxil olmuş, 2007-ci ildə tibb bacısı ixtisasına yiyələnmiş və ona müvafiq ixtisas verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki,iş materiallarına əsasən iddiaçı “Loğman” Tibb Məktəbini təhsil müddətini bitirməsi və onun adına müvafiq diplom verilməsi təqdim etdiyindən, həmçinin Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli müvafiq qərarında ləğv edilmiş “Loğman” Tibb Məktəbinin tələbələrinin digər təhsil müəssisələrinə köçürülməsi qeyd edilmədiyindən, onun hazırkı - Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı dəfələrlə təhsilinin davam etdirilməsinin təmin olunması ilə bağlı cavabdehə müraciət etdiyini bildirsə də, o hansı müddət ərzində təhsilinin yarımçıq qaldığını göstərməmişdir. Eyni zamanda o, iddia ərizəsində diplomun tanınması ilə bağlı müraciətlərinin olduğunu da qeyd etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-761/2018 saylı, 19 iyul 2018-ci il tarixli qərardaddan (hakim X.İmanov) görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Loğman Tibb Məktəbinin əczaçılıq ixtisasının bitirməsi ilə bağlı dövlət nümunəli diplom blankının verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, iddiaçı təhsilinin yarımçıq qaldığını bildirsə də, dövlət nümunəli diplom blankının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar iddia tələbinin əsassız olmasını bir daha sübut edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)-3243/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3243/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “onun Bakı və ya Sumqayıt şəhərlərində hazırda fəaliyyət göstərən dövlət tibb təhsil məktəblərinin birinə köçürülməsi ilə bağlı tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar