Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-979/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Ş 003552 seriyalı 06.05.1975-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Maliyyə-Kredit Texnikumuna daxil olmuş və 1975-ci ildə uçotun və hesablama işlərinin mexanizləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 01.03.1975-ci il tarixli qərarı ilə ona uçotun mexanikləşdirilməsi üzrə texnik ixtisası verilmişdir. NZ seriyalı ******* saylı 04.05.19756-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı İtifat oğlu 04.05.1975-ci ildən 13.05.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 21.02.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.05.1975-ci ildən 06.05.1977-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir, 01.08.1977-ci il tarixdən 17.12.1979-cu il tarixdədək “Azneft” İB-nin X2 İdarəsində mühasib (2 il 4 ay 17 gün), 21.01.1980-ci il tarixdən 14.04.1980-ci il tarixədək X22 Çıxarma İdarəsində mühasib (2 ay 24 gün), 24.04.1980-ci il tarixdən 10.03.1997-ci il tarixədək “Azneft” İB-nin İmişli Şöbəsində böyük mühasib, yeməkxana növbətçisinin müavini, 4-cü dərəcəli aşpaz, böyük anbardar (16 il 10 ay 17), 25.01.1998-ci il tarixdən 31.12.2004-cü il tarixədək və 01.01.2005-ci il tarixdən 31.12.2005-ci il tarixədək İmişli rayonunda yerləşən Beynəlxalq “Dünya Baxış” X4 anbardar köməkçisi (7 il 11 ay 7) vəzifələrində işləmişdir. SOCAR-ın 19 mart 2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, SOCARın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneft” İB-nin X12 (FTŞ) əmək haqqı cədvəllərinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən 24.06.1980-cı ildən “Azneft” Birliyinin FTŞ-nin (sonradan adı Quruda NQÇ İB-nin FTB) İmişli bölməsində ictimai iaşə üzrə mühasib vəzifəsində, 1982-ci ilin iyul ayından 2 №-li yeməkxanada müdir vəzifəsində, 1990-cı ilin iyun ayından həmin yeməkxanada aşpaz peşəsində, 1991-ci ilin may ayından 1997-ci ilin yanvar ayına kimi anbar müdiri vəzifəsində çalışmış və əmək haqqı almışdır. P.S. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Azneft” İB-nin FTŞ-nin İmişli bölməsinin kadr sənədləri (əmrlər, T-2) saxlanılmadığından iş stajı haqqında arayış haqq-hesab cədvəllərinə istinadən yazılmışdır. SOCAR tərəfindən iddiaçıya ünvanlanan əmək haqqı barədə 01 mart 2021-ci il tarixli SOCAR **********80020123X0054 №-li arayışın surətindən görünür ki, İddiaçı Quruda NQŞ İB-nin İmişli bölməsində işlədiyi müddətdə 1992-ci ilin yanvar ayından 1997ci ilin fevral ayına qədər əmək haqqı almışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 05 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən İT-İ seriyalı ******* saylı 21.02.1978-ci il tarixli əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən onun sosial sığorta stajı 01.01.2006-cı il tarixinə kimi 8 il 3 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, İmişli rayon Dövlət Arxivinin 17 fevral 2021-ci il tarixli, 26 nömrəli məktubuna əsasən Quruda Neft və X1 X18 İmişli bölməsinin arxiv sənədləri saxlanılmadığına görə 24.04.1980-ci il tarixindən 10.03.1997-ci il tarixinədək olan dövrləri sosial sığorta stajına əlavə etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni 15.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 1971-ci ilin sentyabr ayının 1-dən 1975-ci ilin may ayına kimi Bakı Maliyə Kredit Texnikomunda təhsil almış, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 01.08.1977-ci ildən İmişli rayon X3 idarəsinə mühasib vəzifəsinə qəbul olunmuş, 17.12.1979-cu il tarixdə idarə ləğv edildiyinə görə işdən azad edilmiş, 21.01.1980-ci il tarixdə X22 Çıxarma idarəsinə mühasib vəzifəsinə qəbul edilmiş, 14.04.1980-ci ildə öz xahişi əsasında 24.04.1980-ci ildə X19 X7 Bölməsinə mühasib vəzifəsinə keçirilmiş, həmin idarədə 10.03.1997-ci il tarixinə kimi müxtəlif vəzifələrdə çalışmış, 25.01.1998-ci ildən başlayaraq X15 Təşkilatında anbardar vəzifəsinə təyin olunmuş, 31.12.2005-ci ildə müqavilə üzrə lahiyə bitdiyi üçün işdən azad olunmuşdur. Yuxarıda qeyd etdiyi əmək fəaliyyəti ilə bağlı işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmişdir. Bütün bunlara baxmayaraq 01.01.2006-cı il tarixdən 01.07.2018-ci illərin arxiv arayışı olmadığı cavabdeh tərəfındən bəhanə edilmişdir. Halbuki, o, SOCAR-dan arxiv arayışını cavabdehə təqdim etsə də, pensiyaya çıxarılmağından imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 26.01.2021-ci il tarixdə Filiala ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın 05.03.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 15.01.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Fərdi hesabın sıqorta hissəsində qevdə alınmıs pensiva kapitalı əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staından asılı olmayaraq (28800 manat) azı 25 il sıqorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının 01.01.2006-ci il tarixdən əvvəlki dövrlərə görə hesablanmış pensiya kapitalı 20499,87 manat təşkil edir. Həmin tarixdən hüququnun yarandığı tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində isə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında 01.01.2006-ci il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı 003552 №-li diploma əsasən 01.09.1971-ci il tarixdən 01.03.1975-ci il tarixədək təhsil aldığı 3 il 6 ay, ******* №-li hərbi biletə əsasən 04.05.1975-ci il tarixdən 13.05.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 2 il 9 gün, ******* №-li əmək kitabçasına əsasən isə 01.08.1977-ci il tarixdən 17.12.1979-cu il tarixdədək işlədiyi 2 il 4 ay 16 gün, 21.01.1980-ci il tarixdən 14.04.1980-cı il tarixədək 2 ay 24 gün, həmin əmək kitabçası və SOCAR-ın 01.03.2021-ci il tarixli, SOCAR**********80020123X00054 nömrəli əmək haqqı cədvəlləri barədə arxiv arayışına əsasən 24.04.1980-ci il tarixdən 10.03.1997-ci il tarixədək işlədiyi 16 il 10 ay 14 gün müddətdir ki, ümumilikdə 24 il 10 ay 4 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 25.01.1998-ci il tarixdən 31.12.2004-cü il tarixədək İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” beynəlxalq humanitar təşkilatında işlədiyini iddia etdiyi 6 il 11 ay 6 gün və 01.01.2005-ci il tarixdən 31.12.2005-ci il tarixədək həmin müəssisədə işlədiyini iddia etdiyi 11 ay 30 gün müddətdir ki, bu da ümumilikdə 7 il 11 ay 6 gün təşkil edir. Mübahisəli dövrlər iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin müəssisənin mövcudluğu, həmçinin iddiaçının həmin müəssisədə işləməsi və əməkhaqqı alması faktı sorğulara əsasən öz təsdiqini tapmamışdır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinə ünvanlanan sorğuya 12.07.2021-ci il tarixli, 71 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İmişli rayonunda fəaliyyət göstərmiş “Dünyaya Baxış” beynəlxalq humanitar təşkilatının sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ünvanlanan sorğuya 14.07.2021-ci il tarixli, 05/5128-15 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “X8” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi 19 avqust 1994-cü il tarixdə 98 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Lakin müəssisənin fəaliyyəti ilə bağlı heç bir məlumat əks olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 14.07.2021-ci il tarixli, 01/3-1598 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Beynəlxalq “Dünyaya Baxış” humanitar təşkilatına dair məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 15.07.2021-ci il tarixli, 4/1352 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Beynəlxalq “Dünyaya Baxış” humanitar təşkilatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə, X16 filialına və İmişli rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 15 yanvar 2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 05.03.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 20.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşdan, yəni 15.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından 01.01.2006-cı ilə qədər onun sığorta stajının 25 ildən az, yəni 8 il 3 ay təşkil etməsi, eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hərbi xidmət, təhsil və əmək kitabçasındakı işlədiyi müdətləri nəzərə almaqla onun sığorta stajının 32 il 11 ay 16 gün təşkil etməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədi, əmək kitabçasını və iş yerindən arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus diplomun və hərbi biletin surətindən görünür ki, İddiaçı İtifat oğlu müvafiq olaraq 1971-ci ildən 1975-ci ilədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Maliyyə-Kredit Texnikumunda təhsil almış, 04.05.1975-ci ildən 13.05.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçı xx xxxxxx 1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaya dair etirazın və apellyasiya şikayətinin məzmunundan məlum olur ki, cavabdeh orqan tərəfindən iddiaçının 01.09.1971-ci il tarixdən 01.03.1975ci il tarixədək təhsil aldığı (3 il 6 ay), 04.05.1975-ci il tarixdən 13.05.1977-ci il tarixədək hərbi xidmət keçdiyi (2 il 9 gün) dövlər, eləcə də əmək kitabçasına əsasən 01.08.1977-ci il tarixdən 17.12.1979-cu il tarixdədək işlədiyi (2 il 4 ay 16 gün), 21.01.1980-ci il tarixdən 14.04.1980-cı il tarixədək (2 ay 24 gün), həmin əmək kitabçası və SOCAR-ın 01.03.2021ci il tarixli, SOCAR**********80020123X00054 nömrəli əmək haqqı cədvəlləri barədə arxiv arayışına əsasən 24.04.1980-ci il tarixdən 10.03.1997-ci il tarixədək (16 il 10 ay 14 gün) işlədiyi dövrlər mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması) və pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının 25.01.1998-ci il tarixdən 31.12.2004cü il tarixədək və 01.01.2005-ci il tarixdən 31.12.2005-ci il tarixədək İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” beynəlxalq humanitar təşkilatında işlədiyi müddəti mübahisələndirir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna cavab olaraq SOCAR tərəfindən məhkəməyə ünvanlanan 07 may 2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş “işçilərin xidməti” kitabından görünür ki, İddiaçı Quruda NQŞ İB-nin İmişli bölməsində işləməsi və əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Əmək müqavilələrinin surətlərindən görünür ki, işəgötürən “X8” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə işçi İddiaçı arasında 01.06.2000-ci ildən 31.12.2000-ci il tarixədək, 01.01.2003-cü ildən 30.06.2003-cü il tarixədək qüvvədə olan əmək müqavilələri bağlanmış, işçi İddiaçı İmişli Ərzaq Paylanışı Layihəsi Anbar rəhbərinin Köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbayacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 01 iyul 2021-ci il tarixli, **********740200 nömrəli məktubdan görünür ki, dövlət reyestrində “Dünyaya Baxış” X9 adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 05/5128/2-11 saylı 30.09.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət qeydiyyatı haqqında duplikat şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, arxiv sənədləri öyrənilərkən Beynəlxalq “Dünyaya Baxış” X5 qeydiyyatı ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, “X8” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 19 avqust 1994cü il tarixdə 98 nömrə ilə X14 Nazirliyində dövlət qeydiyyatına alınmışdır. “X8” tərəfindən məhkəməyə ünvanlanmış 5 oktyabr 2021-ci il tarixli məktubun Azərbaycan dilinə tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 yanvar 1998-ci ildən 31 dekabr 2005-ci ilədək səkkiz il müddətində X17 şirkətinin İmişli filialında anbardar köməkçisi vəzifəsində çalışmışdır. O anbarda bağlamaların qəbulu, göndərilməsi və saxlanılmasına nəzarət etmişdir. Bundan əlavə o yükləmə, texniki xidmət və inzibati funksiyaları yerinə yetirmişdir. O, həmçinin heyətin işinə nəzarət etmiş onlara təlim keçmiş və işlərini qiymətləndirmişdir. Anbardar köməkçisi qismində onun digər öhdəlikləri fəaliyyət qaydaları və prosedurlarının icrası, təhlükəsizlik işlərinin icrası və ona nəzarət edilməsi, anbar avadanlıqlarından effektiv və təhlükəsiz qaydada istifadənin təmin olunması, sənədləşdirmənin aparılması və anbar fəaliyyəti ilə əlaqəli düzgün qeydlərin aparılması olmuşdur. Cənab Bəşirovun yuxarıda qeyd edilən müddətdə X17 şirkətində fəaliyyət göstərməsi səbəbindən ona təqaüd verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı mübahisələndirilən dövrlərdə işlədiyi müddətin onun stajına daxil edilməsi üçün qanunla hər hansı məhdudiyyət iş üzrə müəyyən olunmur. Belə olan halda iddiaçı qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan dövrlər, həmçinin təhsil və hərbi xidmət dövrü üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının təhsil müddəti, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla olan müddət onun stajına daxil edilməlidir. Cavabdeh tərəf mübahisələndirdiyi 25.01.1998-ci il tarixdən 31.12.2004-cü il tarixədək və 01.01.2005-ci il tarixdən 31.12.2005-ci il tarixədək iddiaçının İmişli rayonunda yerləşdiyi qeyd olunan “Dünyaya Baxış” beynəlxalq humanitar təşkilatında işlədiyi müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda iddiaçıya təhsil müddəti, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən 01.01.2006-cı il tarixə 32 il 11 ay 16 gün sığorta stajının olduğu nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün Kollegiya hesab edir ki, digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5883/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-979/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-979/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver