Məhkəmə qərarları › İş №2-1(103)-979/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-979/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-979/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023cü il tarixə borc məbləğindən icbari Tibbi Sığorta Fonduna olan 7928,61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 21000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022 tarixə yaranan 20284,66 manat borcuna görə 21000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən icbari Tibbi Sığorta Fonduna 7928,61 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında əmlaklardan birinin-“Ford transit tourneo” yük markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq BONAPPETİTAZ MMC-nin adına rəsmiləşdirildiyini qeyd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisinin əmlak üzərində hüquqları məhdudlaşdırılır, əmlak barədə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə olunması da vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuş, eyni zamanda ona məsul saxlamaya verilmişdir. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi, yəni onu satması qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən təqdim olunmuş məlumatları araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. Əgər özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-də nəzərdə tutulmuş əməllər törədilərsə həmin əməllər cinayət məsuliyyətinə səbəb olur və həmin Məcəllədə siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi ödəyicisi xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna olan 7928,61 manat məbləğində borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, xx.xx.2022-ci il tarixli **********9 nömrəli protokolla onun ümumilikdə 21000 manat məbləğində əmlakları siyahıya alınmışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı cavabdehin siyahıya aldığı və hazırkı iddia ilə satılmasını tələb etdiyi əmlaklardan biri- “Ford transit tourneo” yük markalı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində deyildir. Belə ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan müəyyən olunur ki, sözügedən “Ford transit tourneo” yük markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, lakin xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Başqa sözlə, vergi orqanının vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə siyahıya aldığı və satılması üçün hazırkı məhkəmədə iddia qaldırdığı iddia predmeti olan nəqliyyat vasitəsi cavabdeh vergi ödəyicisi olan Cavabdeh MMC-nin mülkiyyətində deyildir. Belə olan halda vergi borcunun ödənilməsi başqasının mülkiyyətində olan nəqliyyat vasitəsinin satışı hesabına təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi iddia ərizəsində qeyd etdiyi əmlakların satılması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsidə həmin istiqamətdə araşdırma apararaq iddia ərizəsində göstərilən əmlaklardan “Ford transit tourneo” yük markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin digər bir hüquqi şəxs olan "xxxx" MMC-nin adına rəsmiləşdirildiyini müəyyən etmiş və bu səbəbdən də iddianı haqlı olaraq həmin hissədə təmin etməmişdir. Cavabdeh isə məhkəmənin qəbul etdiyi qərarın qeyd edilən hissəsi ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, “...əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuş, eyni zamanda ona məsul saxlamaya verilmişdir. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi, yəni onu satması qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən təqdim olunmuş məlumatları araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. Əgər özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-də nəzərdə tutulmuş əməllər törədilərsə həmin əməllər cinayət məsuliyyətinə səbəb olur və həmin Məcəllədə siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir. Apelyasiya şikayətindən aydın olur ki, iddiaçı cavabdehin bağladığı alqı-satqı müqaviləsinin etibarsız əqd olduğunu hesab edir. Bununla bağlı Kollegiya qeyd edir ki, əqdin etibarsız olub-olmaması mülki qaydada həll edilən məsələdir və bununla bağlı qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qətnaməsi mövcud deyil. Onuda qeyd etmək lazımdır ki, iddiaçı əqdin etibarsızlığına dair iddia tələbi ilə mülki qaydada aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Digər tərəfdən cavabdeh özüdə apelyasiya şikayətində qeyd etmişdir ki, əgər özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Kollegiya qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmamasını aydınlaşdırmaq inzibati məhkəmə icraatı çərçivəsində araşdırılmalı məsələ deyil. Bununla bağlı iddiaçı müvafiq qaydada təhqiqat və ya istintaq orqanlarına müraciət edə bilər. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən Kollegiya apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, təmin edilməməsini, mübahisələndirilən məhkəmə qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar