Məhkəmə qərarları › İş №2-1(103)-98/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-98/2020

08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-98/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X14 ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinə dair hüquqların qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1569/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilərək, ünvan 1 ünvanda yerləşən biznes mərkəzinə və fərdi yaşayış binasına dövlət reyestrindən çıxarış verilərək, bununla bağlı dövlət reyestrində qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 42 saylı X11 xx xxxxxxxx 2006-cı il tarixdə X7 ilə bağladığı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 64,5 kv.m yaşayış sahəsi 28 kv.m olan 0,0385 ha torpaq sahəsində yerləşən iki otaqlı evi almışdır. Cavabdeh tərəfindən həmin evə görə ona MH seriyalı ******* saylı, xx xxxxxxx 2006-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 130 saylı, xx xxxxxx 1991-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospekti (indiki Ak. Z.Bünyadov prospekti), 64/68 ünvanında 2 saylı mağazanın arxasında boş sahənin anbar məqsədi ilə istifadəsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət X20 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti (K.Marks prospekti) 64/68 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 123,3 kv.m torpaq sahəsi qanunvericilikllə müəyyən edilmiş qaydada X1. Bakı şəhəri 42 saylı Dövlət Notariat X3 tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə ona (iddiaçıya) verilmiş etibarnamədə, etibarnamə verənə məxsus əmlaklara dair bütün əqdləri bağlamaq səlahiyyəti nəzərdə tutulmuşdur. O, ərizə ilə Bakı şəhəri Nərimanov RİH başçısına müraciət edərək, özünə məxsus evin köhnələrək yararsız vəziyyətə düşdüyü nəzərə alınmaqla evin sökülüb öz vəsaiti hesabına fərdi layihə əsasında biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov RİH Başçısının xx xxxxxxx 2008-ci il tarixli, 513 saylı sərəncamı ilə ona məxsus Bakı şəhəri, Ak. Z.Bünyadov prospekti, 6262 nömrəli mülkün sökülüb Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2008-ci il tarixli 18/03-8/6079 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni tikilinin eskiz layihəsinə uyğun biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” mühəndisgeoloji Mərkəzin 06-1501 nömrəli xx xxxxxx 2009-cu il tarixli rəyinə əsasən onun sifarişi ilə ünvan 5 ünvanda 4 mərtəbəli fərdi yaşayış binasının layihələndirilməsi məqsədi ilə “xxxx” MMC tərəfindən 2008-ci ilin noyabr ayında aparılmış mühəndis-geoloji işlərin nəticəsinə dair hesabat müsbət qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X19 DEİ-139 nömrəli x xxxxxx 2009-cu il tarixli məktubu ilə təqdim edilən sənədlər əsasında ekoloji baxımdan ünvan 5 ünvanda ona məxsus olan, ümumi sahəsi 0,0385 ha olan ərazidə yerləşən fərdi yaşayış evinin və biznes mərkəzinin inşasına icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 04- 22/7-242 nömrəli x xxxxxx 2009-cu il tarixli rəyinə əsasən təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, ünvan 5 ünvanda inşası nəzərdə tutulan və ona məxsus fərdi yaşayış evinin və biznes mərkəzinin layihə sənədlərini “Sanitariya-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34cü maddəsinə əsasən razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X25 Xidməti xx/xx-00549 nömrəli x xxxx 2009-cu il tarixli məktubu ilə ünvan 5 ünvanda fərdi yaşayış evinin sökülərək yerində yeni fərdi yaşayış evi və biznes mərkəzinin tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin “X2 nəticələri barədə” rəyinə əsasən tərtib edilmiş layihə sənədlərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olduğuna görə razılaşdırılmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X6 Dövlət Ekspertiza Baş İdarəsinin xx/xx- 00213 nömrəli xx xxxxx 2009-cu il tarixli məktubu ilə təqdim edilmiş 1-839 nömrəli xx xxxx 2009-cu il tarixli rəyinə əsasən ünvan 5 ünvanda fərdi yaşayış evinin tikintisinə iradın olmadığı bildirilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1546 nömrəli xx xxxx 2012-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2008-ci il tarixli 18/03-8/6079 saylı məktubu ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti, 62 saylı ünvanda yerləşən mülkün sökülərək, yenidən tikintisinin razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsinə baxıb razılaşdırılır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən “xxxx” MMC-yə qeydiyyat nömrəsi LA-04-067 olan xx xxxxxx 2004-cü il tarixli lisenziya verilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X23 Qrupunun 156 nömrəli xx xxx 2013-cü il tarixli məktubu və 332 nömrəli xx xxxxxx 2013-cü il tarixli rəyinə əsasən ünvan 5 ünvanda yerləşən ona məxsus zirzəmi, 4+mansarda (1-ci mərtəbə 2 səviyyəli) mərtəbəli fərdi yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və davamlılıq tələblərini ödədiyindən istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının x xxxxxxx 2013-cü il tarixli aktına əsasən ünvan 5 ünvanda yerləşən İddiaçı məxsus biznes mərkəzi və fərdi yaşayış evinin tikinti və sanitar normalara cavab verdiyini nəzərə alaraq, həmin binanın fəaliyyət göstərməsi üçün komissiya tərəfindən istismara yararlı hesab edilmişdir. Bundan sonra həm şifahi olaraq, həm də ərizə ilə yuxarıda qeyd olunan sənədləri də notarial qaydada təsdiq olunmuş surətləri əlavə olunmaqla ayrı-ayrı vaxtlarda cavabdehə müraciət edərək həmin biznes mərkəzi və yaşayış binasına dair reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin onun müraciətlərinə bir neçə dəfə (x xxxxxx 2014-cü il, xx xxxxxx 2014-cü il, x xxxx 2019-cu il tarixli məktublarla) müxtəlif bəhanələr bildirilərək reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Cavabdeh imtina məktubunda göstərmişdir ki, sözügedın qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşdiyindən ara məsafəsi nəzərə alınmamış və onun adına torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş tikintiyə icazə və istismara icazə Bakı ŞİH və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam razılaşdırılmamış, layihəçinin xüsusi razılığını təsdiq edən sənəd (lisenziya) təqdim edilməmişdir və mənzilin yerləşdiyi torpaq sahəsi binanın ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsus sahədir. Aşağıda göstərilənlərə əsasən imtinası tam əsassız hesab edilir. Belə ki, evlə bağlı bütün sənədlərin əsli mövcuddur ki, bu, İdarə tərəfindən tələb olunan vaxt həmişə notarial qaydada təsdiq olunaraq təqdim edilmişdir. Baklı ŞİH-in və digər orqanların yuxarıda qeyd olunan razılığı və ekspertiza rəyləri ilə layihə sənədləri əsasında onun mülkiyyətində olan evin sökülərək evin yerləşdiyi torpaq sahəsinin yerində biznes mərkəzi və fərdi yaşayış evi inşa edilmişdir. Tikinti işləri Bakı şəhəri Nərimanov RİH-in sərəncamı və Bakı ŞİH razılığı əsasında aparılmışdır ki, yaxınlıqda olan yaşayış binaları ilə ara məsafəsinin qoyulmaması ilə bağlı bu işə səlahiyyətli orqanlar tərəfindən ona heç bir irad bildirilməmiş və tikintiyə icazə verilmişdir. Tikintiyə icazə və istismara icazə ilə bağlı sənədlər, akt məhkəməyə təqdim olunur və bu sənədlərdən də göründüyü kimi, səlahiyyətli orqanlar tərəfindən tikintiyə icazə və istismara icazə verilmişdir. Layihəçinin lisenziyası mövcuddur və bu da məhkəməyə təqdim olunur. Bundan başqa, cavabdeh hələ də müəyyən edə bilməmişdir ki, binanın yerləşdiyi torpaq sahəsi binanın ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsus olmamaqla ona məxsus olan evin yerləşdiyi torpaq sahəsidir. Hazırda inşa edilmiş qeyri-yaşayış binası ona məxsus olan, yuxarıda qeyd olunan evin söküldüyü yerdə, 0,0385 ha torpaq sahəsində və X22 tərəfindən onun sahibliyinə və mülkiyyətinə verilmiş 123,3 kv.m torpaq sahəsində inşa edilmişdir. Hesab olunur ki, ünvan 5 ünvanda yerləşən biznes mərkəzinə və fərdi yaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtinası əsassız hesab edilərək, qeyd olunan biznes mərkəzinə və fərdi yaşayış binasına dövlər reyestrindən çıxarış verilərək bu barədə reyestrdə qeydiyyat aparılmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2569/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız sayılaraq, ünvan 5 ünvanda yerləşən biznes mərkəzi və fərdi yaşayış binasına İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının yaxınlığında şosse yolundan 5 metr məsafədə yerləşdiyindən ara məsafəsi nəzərə alınmamış və iddiaçının adına torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Təqdim edilmiş tikintiyə icazə və istismara icazə Bakı şəhər İcra Hakimiyyəti və digər müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən tam razılaşdırılmamış, layihəçinin xüsusi razılığını təsdiq edən sənəd (lisenziya) təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 62 ünvanında yerləşən müvafiq daşınmaz əmlak mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda onun mülkiyyətindədir. Qanunvericiliklə mənzilin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamışdır. Belə ki, müvafiq torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binada yerləşən mənzillərin mülkiyyətçilərinə məxsusdur. Həmçinin sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa, sözügedən ünvanda yerləşən əmlakla bağlı Bakı Apellyasiya Məhkəməsinin 1MK4123/2005 saylı, xx xxxxxxx 2009-cu il tarixli qərardadı İdarəyə daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ədalətli araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, ekspertiza keçirilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə X24 Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respubllikası Şəhərsalma və Arxitektura Komitəsi, Fövqaladə Hallar Nazirliyi, “xxxx” ASC, Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respubllikası X24 Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd olunan hallara və Mənzil Məcəlləsinin 35.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1, 47.4.2, 74.1, 101.2, Mülki Məcəllənin 180.1, Torpaq Məcəlləsinin 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1, 12.1, 23, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 81, 82, 83, 85, 87-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edimişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.İbrahimov apellyasiya şikayətinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. İşin materialları ilə müəyyən edilir ki,İddiaçı ünvan 8 ünvanda qeyd yaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir; Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********53 saylı, 01 mart 2019-cu il tarixli məktubda göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının yaxınlığında şosse yolundan 5 metr məsafədə yerləşdiyindən ara məsafəsi nəzərə alınmamış və iddiaçının adına torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş tikintiyə icazə və istismara icazə Bakı şəhər İcra Hakimiyyəti və digər müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən tam razılaşdırılmamış, layihəçinin xüsusi razılığını təsdiq edən sənəd (lisenziya) təqdim edilməmişdir və mənzilin yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binada yerləşən məzillərin mülkiyyətçilərinə məxsus sahədir. Sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və sözügedən ünvanda yerləşən əmlakla bağlı Bakı Apellyasiya Məhkəməsinin 1MK4123/2005 saylı xx xxxxxxx 2009-cu il tarixli qəraradadı İdarəyə daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün deyildir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə üzrə icazə əsasında inşa olunmuş tikili yerli icra hakimiyyəti orqanında yaradılmış komissiya tərəfindən istismara qəbul olunduğundan, eləcə də cavabdehin imtinasında göstərilən dəlillər əsaslı sayılmadığından, cavabdehin imtinası qanuni sayıla bilməz və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırvəhesabedirki, məhkəməninqərarındaistinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.2.) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsasdır. İşin materialları ilə müəyyən edilir ki, xx xxxxxxx 2006-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Z.Bünyadov prospektində istifadədə olan 0,0385 ha torpaq sahəsində yerləşən 62 saylı 1 mərtəbəli binada 34,5 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən həmin tarixdə MH seriyalı 00399834 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir; Bakı şəhəri Nərimanov RİH başçısının xx xxxxxxx 2008-ci il tarixli 513 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı özünə məxsus Ak. Z.Bünyadov prospekti, 62 nömrəli mülkün söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Bakı şəhəri ərazisində mövcud obyektlərin yenidən qurulması haqqında» 1015 saylı, xx xxxxxx 1997-ci il tarixli sərəncamına əsasən rayon icra hakimiyyətlərinə tapşırılmışdır ki, yenidənqurmaya ehtiyacı olan bütün növ binaların eskiz layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən mütləq baxılmalı və müsbət rəy verilərsə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında yenidən qurma işləri aparılmalıdır. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Baqçısının 728 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında» Əsasnamənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhərində torpaq münasibətləri və hər cürt ikinti işlərinə icazə verilməsi Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci il tarixli 214 saylıqərarı ilə təsdiq edilmiş «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların Təsnifatı»na görə İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla), təhsil və səhiyyə obyektləri, mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular İİ məsuliyyət səviyyəli bina və qurğular hesab olunur. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək (4.11.11.5), müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək (4.11.12) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aşağıdakılar da aid edilmişdir. Həmin Əsasnamənin 4.18.2-ci bəndində qeyd edilir ki, bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarında icra hakimiyyəti başçılarına aid edilmir. İşin materiallarından aydın olur ki, iddiaçı tərəfindən Bakı şəhəri, Ziya Bünyadov prospekti 62 ünvanında yerləşən, yaşayış evi və bisnes mərkəzi zirzəmi, 4+mansarda (1-ci mərtəbə 2 səviyyəli) olmaqla, hündürlüyü 12 metrdən yuxarı olduğu üçün, İİ məsuliyyət səviyyəli tikili hesab olunur. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, 12 metr hündürlüyədək binalar istisna olmaqla, digər yaşayış binaları İİ məsuliyyət səviyyəli binalar hesab edilir və binaların tikintisinə razılıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməlidir. Başqa sözlə, rayon icra hakimiyyəti başçılarının İ və İİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək səlahiyyəti qanunvericlikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, hazırkı halda iddiaçıya ona məxsus 2 otaqlı, birmərtəbəli mənzilin sökülərək əvəzində biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə vermək səlahiyyəti Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısına deyil, Bakı şəhəri İcra Hakimiyyətinə məxsus olsa da, qanununvericiliyin bu tələbinə iddiaçı tərəfindən əməl edilməmiş, səlahiyyətli orqanın tikintiyə icazə sərəncamı olmadan tikinti həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi təərfindən işin qeyd olunan halına düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Həmin Qaydaların 3.6.4-cü bəndinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X25 Xidmətinin, Tikintidə X8 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X10 Görülməsi və X16 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin, Azərbaycan Respublikasının X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı biznes mərkəzi (qonaq evi) və fərdi yaşayış evinə dair Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin Təhlil Qrupunun rəyi ilə yanaşı, “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” Qəbul Komissiyasının xx xxxxxxx 2013-cü il tarixli aktı təqdim olunmuşdur. Həmin Akt “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi barədə” Qaydalarında nəzərdə tutulmuş qaydada deyil, yalnız Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti, X25, X13 nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan əlavə, sifarişçi İddiaçı sifarişi əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi və “Busines” Mərkəzinin İşçi Layihəsindən görünür ki, binanın tikinti sahəsi 560,00 kv.m, binanın ümumi sahəsi 4 320,92 kv.m, binanın ümumi sahəsi 14 978,532 kv.m təşkil edir. İşdə olan, «Daşınmaz əmlakın Dövlət reyestrindən» ******* saylı, xx xxxxxxx 2006-cı il tarixli Çıxarışdan göründüyü kimi, iddiaçının mülkiyyətində olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Z.Bünyadov prospektində 62 saylı, 1 mərtəbəli binada 34,5 kv.m ümumi sahəsi olan 2 otaqlı mənzil, 0,0385 ha torpaq sahəsində yerləşmişdir. İddiaçı mülkiyyətində olmuş mənzilin yerləşdiyi torpaq sahəsində sözügedən qeyri-yaşayış binasını tikidiyini iddia etsə də, həmin tikilinin yerləşdiyi qalan 175 kv.m torpaq sahəsinin (560 kv.m-385 kv.m=175 kv.m) ona məxsus olmasına dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində müvafiq tikilinin yerləşdiyi qalan torpaq sahəsinin 123 kv.m hissəsinin Azərbaycan Respublikası Dövlət X20 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli şəhadətnaməyə əsasən X15 məxsus olduğunu, sonuncu tərəfindən isə ona həmin əmlak üzrə əqdləri bağlamaq səlahiyyətinin nəzərdə tutulduğu xx xxxxxxx 2006-cı il tarixli etibarnamə verildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, N.Abbasova məxsus torpaq sahəsi ilə bağlı sonuncunun mülki dövriyyədə təmsilçilyi üçün etibarnamə, həmin torpaq sahəsinin iddiaçının adına özgəninkiləşdirlməsi üçün əsas kimi qiymətləndirilə bilməz, bu barədə tərəflər arasında bağlanmış, notariat qaydasında təsdiq edilmiş müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı N.Abbasov tərəfindən məhkəməyə ünvanlanmış ərizədə ona məxsus Bakı şəhəri, Ziya Bünvadov prospekti 62 ünvanında yerləşən sahəsi 123 kv.m olan ərazidə inşa edilmiş tikilinin iddiaçının adına rəsmiləşdirilərək qeydiyyata alınmasına razı olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericilikdə torpaq sahəsi üzərində hüquqların ərizə əsasında bir şəxsdən digər şəxsə keçirilməsi nəzərdə tutulmadığından, həmin ərizədə ifadə olunmuş razılıq iddianın həlli üçün hər hansı hüquqi nəticə doğurmur. Kollegiya qeyd olunanlara əsaslanaraq, N.Abbasovun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə zərurət görməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin (560 kv.m ) bütövlükdə iddiaçıya məxsus olmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Kollegiya, iddiaçının tələbinin təmini üçün əsasların olmamasına dair cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşsa da, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mənzilin yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə binada yaşayan digər şəxslərə məxsus olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən sözügedən mənzilin çoxmənzilli bina olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin X24 Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respubllikası Şəhərsalma və Arxitektura Komitəsi, Fövqaladə Hallar Nazirliyi, “xxxx” ASC, Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respubllikası X24 Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanda yerləşən biznes mərkəzi (qonaq evi) və fərdi yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş zəruri olan bütün sənədlər iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmədiyi üçün, cavabdehin imtinası həmin Qanunun tələblərinə uyğun olmuşdur. Birinci instansmiya məhkəməsi tərəfindən iddiaçının tələb təmin olunmaqla, yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qərarı maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin olunmamalı, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1569/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşıcavabdehin imtinasının əsassız hesab edilərək, ünvan 1 ünvanda yerləşən biznes mərkəzinə (qonaq evi) və fərdi yaşayış binasına dövlət reyestrindən çıxarış verilərək, bununla bağlı dövlət reyestrində qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim:imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar