Məhkəmə qərarları › İş №2-1(103)-980/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-980/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-980/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2, üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-908/2019 nömrəli iş üzrə 01 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) məhkəməyə müraciət edərək, Bakı İslam Universitetini müvafiq ixtisas üzrə bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, “Məhkəmə sadalanan qanunvericilik aktlarının tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı Bakı İslam Universitetində təhsil aldığı 1992-1998-ci illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bu qənaət ondan irəli gəlir ki, həmin vaxt qanunvericiliklə ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verilmişdir. Odur ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq, magistr pilləsində dinlərin tarixi və islamşünaslıq proqramları üzrə kadr hazırlığı aparılır. Bu şəbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” AR Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin-sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış 15.08.1998-ci il tarixli 247 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməsi, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Bununla əlaqədar, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə də Təhsil Nazirliyinə müraciət edə bilərdi, Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci İİ19 may tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BlU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1801/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-67/2020 nömrəli iş üzrə 17.11.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 14 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “26. Hazırkı iş üzrə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq iddia tələbini o əsasla rədd etmişdir ki, Bakı İslam Universiteti 1998-ci il tarixdə lisenziya almaq üçün Təhsil Nazirliyinə müraciət etmədiyindən onun fəaliyyəti qanunsuz olmuşdur.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1992-1997-ci illərdə təhsil almışdır. İş materiallarına əsasən, Qafqaz Müsəlmanları İdarəsinin 14.01.1991-ci il tarixli 02 nömrəli əmri ilə SSRİ Ali Sovetinin 01.10.1990-cı il tarixli “Vicdan azadlığı və dini təşkilatlar haqqında” Qanununun 11-ci maddəsinə əsasən Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı İslam İnstitutu tələbələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 18 dekabr 1992ci il tarixli 252 saylı sərəncamı ilə 1993-cü il yanvar ayının 1-dən Bakı İslam İnstitutu tələbələrinə Azərbaycan Respublikası Prezidentinin Fondundan hər ay əmək haqqının minimum məbləğinin bir misli həcmində təqaüd verilməsi qərara alınmışdır. 17.03.1997-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinin X1 İdarəsi tərəfindən təsdiq edilmiş və elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Universitetə “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. 20.10.1997-ci il tarixdə Universitet Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmiş, “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” Şəhadətnamə verilmişdir. Bakı İslam Universiteti 27.06.2002-ci il tarixdə ali dini tədris müəssisəsi kimi təkrar qeydiyyatdan keçərək X6 üzrə Dövlət Komitəsi tərəfindən ona dövlət qeydiyyatı haqqında 135 nömrəli şəhadətnamə verilmişdir. 26.08.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə 5 illik lisenziya verilmişdir.

28. İşə baxan apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinə istinad edərək, Bakı İslam Universitetinin lisenziya almadan fəaliyyət göstərdiyini qeyd etsə də, məhkəmə nəzərə almamışdır ki, iddiaçı 1992-1997-ci illərdə təhsil almışdır. Belə olan halda isə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından iş üzrə sübutlara və işin faktiki hallarına qiymət verilməli idi. Bundan əlavə, dini tədris müəssisələrinin fəaliyyətinin lisenziya əsasında həyata keçirilməli olmasına dair imperativ norma 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə əlavə edilmişdir. Lakin qeyd olunan hallar işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, 07 oktyabr 1992-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. İşdən görünür ki, Bakı İslam Universitetinin 247 nömrəli diplomu (diplom blankı) iddiaçıya 15.08.1998-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən deyil, Universitetin özü tərəfindən verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Bakı İslam Universitetinin iddiaçının təhsil aldığı 1992-1997-ci illərdə sertifikat alması iş materialları ilə təsdiqini tapmır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 21 iyul 1992-ci il tarixli 74 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili məktəblərində qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada keçirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılmışdır. Baxmayaraq ki, iddiaçı 1997-ci ildə məzun olmuşdur və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci iİ 19 may tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” hazırkı mübahisəyə tətbiq oluna bilməz, hər bir halda, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə və ondan sonra 2009cu ilədək də Təhsil Nazirliyinə müraciət etməməsi ona dəlalət edir ki, Universitet icazəsertifikat-akkreditasiya məsələlərinə lazımi diqqət göstərməmişdir. Belə ki, Qaydaların 1.2ci bəndinə əsasən, Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3cü bəndinə görə isə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsinə 8 may 2009-cu ildə edilmiş əlavə Universitetin həmin tarixdən əvvəlki fəaliyyətini qanuni etmir. Belə ki, 20.08.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddənin 1-ci hissəsinin 7 iyun 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliyyət göstərirlər. Həmin maddəyə 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ikinci hissə əlavə edilmişdir : Dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Göründüyü kimi, iddiaçının Bakı İslam Universitetinin təhsil aldığı illərdə ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmasa da, Universitetin fəaliyyəti 2009-cu ildə lisenziya alanadək “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun və AR Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nömrəli Qərarının tələblərinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 31.10.2018-ciil tarixli Ş-14610/0524 nömrəli imtinası nəticə olaraq qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-908/2019 nömrəli iş üzrə 01 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar