Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-980/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakı ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrBakı İnzibati Məhkəməsininə Mərkəzi Filialına qarşı “hesablanmış pulun ödənilməməsi nəticəsində ona dəyimiş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8597/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hesablanıb ödənilməli olan pensiyasının birdəfəlik ödənilməsinin gecikdirilməsi nəticəsində ona dəymiş 5452,44 manat ziyan məbləğindən, onun pensiya kartına köçürülmüş 3186 manatı çıxılaraq, 2266,44 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (i.v.1-3, 113). İddianın əsaslarına görə cavabdeh tərəfindən hesablanmış iddiaçının xx.xx.2019xx.xx.2021-ci il tarixlər arasındakı dövr üzrə pensiyasında yaranmış 3186 manat fərq məbləğinin hissə-hissə kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin həmin pul onun hesabına köçürülməmiş və o, bununla bağlı ərizə ilə cavabdehə müraciət edərək həmin məbləğin birdəfəlik hesabına köçürülməsini tələb etmiş, lakin ona heç bir məlumat verilməmişdir. Belə ki, cavabdehin “pensiyanın hesablanması barədə” 122438 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdən ona hər ay 667,64 manat ödənilməli olduğu halda 548,84 manat ödənildiyindən 3186 manat əksik ödənilmişdir. ”İcbari sığorta haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Ona ödəniləcək məbləğ 01.iyul 2021-ci il tarixinə 1310,54 manat dəbbə pulu və həmin tarixdən 01 may 2022-ci il tarixinə qədər 955,90 manat, ümumilikdə xx.xx.2022-ci il tarixinə qədər 3186+ 1310,54+955,90= 5452,44 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8597/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, onun iddia tələbinin qanunsuz və əsassız olaraq rədd edildiyinə əsaslanaraq qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti üzrə xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən işin ərazi üzrə məhkəmə aidiyyətinin düzgün müəyyən edilib-edilməməsi məsələsi müzakirə olunmuş, həmin məhkəmə iclasında iştirak edən İddiaçı Sumqayıtda yaşadığını bildirmiş, eyni zamanda, ayaqlarında ağrılar olduğundan, Bakıya gəlib-gedərkən əziyyət çəkdiyini də bildirərək, eləcə də, qeyd etmişdir ki, əgər işə Sumqayıtda baxılmalıdırsa, buna etirazı yoxdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd olunduğuna görə işə Bakı apellyasiya Məhkəməsində baxılmasını məqsədəmüvafiq olduğunu bildirmşdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının dəqiqləşdirilmiş iddia tələbinin mahiyyətindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə xx.xx.2019-xx.xx.2021-ci illlər üzrə pensiyasının düzgün hesablanıb ödənilməməsi nəticəsində pensiyasında yaranmış 3186 manat fərq məbləğinin cavabdeh tərəfindən vaxtında ödənilmədiyindən ona dəymiş görə 5452,44 manat puldan pensiya kartına köçürülmüş 3186 manat çıxılaraq, yerdə qalan 2266,44 manat məbləğində pulun cavabdehədən kompensasiya olaraq tutulmasını tələb etmişdir. İddiaçının qeyd olunan iddia tələbi, öhdəliyin icrası haqqında iddia nüvünə uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-10, 12-13, 14-18, 20, 29, 32, 26-27 və 37-ci maddələri ilə əmək pensiyasının hesablanıb ödənilməsi qaydaları müəyyən olunmuşdur. Əmək pensiyası təyin edən orqan tərəfindən əmək pensiyasının qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, habelə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına uyğun təyin olunub hesablanması və ödənilməsi qanunvericiliklə üzərinə düşən vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”)34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından isə görünür ki, İddiaçı hazırkı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. İPM-in iddianın verildiyi vaxt qüvvədə olan 8.1.2-ci maddəsinin redaksiyasına görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. (Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur (https://e-qanun.az/framework/469569 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2021-ci il, № 148) ilə 8.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunmuşdur və maddəyə yeni məzmunda dördüncü cümlə əlavə edilmiş, həmin əlavə xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.) Qanunun qeyd olunan tələbindən göründüyü kimi, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı mübahisələndirmə, məcburetmə, o cümlədən, öhdəliyin icrası haqqında iddialara birinci növbədə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Halbuki, iddiaçının iş materiallarında olan ünvanına və məhkəməyə təqdim olunmuş şəxsiyyət vəsiqəsinə və özünün məhkəməyə verdiyi izahatına əsasən müəyyən edilir ki,ünvan 1 ünvanıda qeydiyyatdadır və orada yaşayır. Hazırda qüvvədə olan qanunvericiliklə isə məhkəmə aidiyyəti aşağıdakı kimi müəyyən olunmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən isə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019cu il tarixli 2 №-li qərarı ilə Sumqayıt şəhəri – Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia qaldırılarkən qüvvədə olan prosessual hüquq normalarına əsasən işə ərazi aidiyyəti üzrə iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu Sumqayıt şəhərinin yerləşdiyi yerin məhkəməsi, yəni, Sumqayıt İnzibati Məhkəməsində baxılmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən iş materialları hərtərəfli araşdırılmamış, iddiaçının tələbi İPM-in 2.2.7-ci maddəsinə müvafiq iddia növünə (digər iddialara) aid edilmiş və həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən iddianın ərazi aidiyyəti Bakı İnzibati Məhkəməsinə aid edillərək işə mahiyyəti üzrə baxılmış, bununla da prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8597/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 8, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8597/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-980/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-980/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver