Məhkəmə qərarları › İş №2-1(103)-980/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-980/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-980/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona ayrılan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 134 №-li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Qeyd edilən 1200 kv m torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon Xalq Deputatları Soveti İcra Komitəsinə 17 №-li xx.xx.1991-ci il tarixli qərarına əsasən 1134 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, lakin ona həmin torpaq sahəsinin plan cizgisi verilməmişdir. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə AR Dövlət Arxivinin Bakı Filialına 18 aprel 1922-ci il tarixli BA-02003-2-22 nömrəli məktubu ilə ona göndərilmiş surətini də əlavə etməklə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ərizəsini təmin etməkdən imtina etmişdir...» Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı münasibətində bildirmişdir ki, Yerli icra hakimiyyətləri haqqında Əsasnamədə rayon icra hakimiyyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən, həmin sahələrə dair cizgilər,xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, işə yenidən baxılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Suraxanı rayon XDS İK nin qərarı ilə ona torpaq ayrılması barədə qərar qəbul edilsə də ona plan-cizgi verilməmişdir.Cavabdehin orqanın imtinası qanunsuzdur və onun hüquqlarını pozur. Məhkəmə isə onun iddia tələbini təmin etmədi. Məhkəmənin həmin qərarı ilə razılaşmır…» Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan, işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Suraxanı Rayon Xalq Deputatları Soveti İcra Komitəsinə 17 №-li xx.xx.1991-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 134 №-li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin plan cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi qərarında, iddianı rədd edərkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 31 may 2023-cü il tarixli 14-2/22070/2023 nömrəli məktuna istinadən, yerləşmə cizgisi tələb olunan torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılımış ərazinin hüdudları daxilində olduğunun müəyyən edildiyini qeyd edərək hesab etmişdir ki, cavabdeh həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdi. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, qeyd olunan əsasla birinci instansyia məhkəməsi tərəfindən iddianın rədd olunması əsassızdır. Birincisi, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 aprel 2022-ci il tarixli BA-02003-2022 nömrəli məktubu ilə iddiaçının «6 saylı «Asan Xidmət» Mərkəzindan daxil olmuş müraciətinə əsasən - «Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 134 №-li sahədə 1200 kv.m torpaq sahəsi ayrılması barədə» Suraxanı Rayon Xalq Deputatları Soveti İcra Komitəsinə 17 №-li xx.xx.1991-ci il tarixli qərarının arxiv nüsxəsinin təsdiq olunmuş kserosurəti ona göndərilmiş, eyni zamanda, həmin məktubda bildirilmişdir ki, həmin qərara heç bir sənəd (o cümlədən cizgi) əlavə edilməmişdir. Halbuki, iddiaçıya ayrılan həmin torpaq sahəsinin yerquruluşunu ehtiva edən cizgis inin də hazırlanıb ona verilməsi torpaq qanunvericiliyi ilə Suraxanı Rayon Xalq Deputatları Soveti İcra Komitəsinin qanunvericiliklə üzərinə düşən vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə qədər qüvvədə olmuş, keçmiş Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tutudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Qanunun 23-cü maddəsinə əsasən isə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Məcəllənin qeyd olunan tələbləri baxımından, cavabdehin hüquq sələfi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi öz sələhiyyətlri çərçivəsində ayrılmış, lakin həmin torpaq sahəsi ayrılarkən torpaq qanunvericilyinin tələblərinə əsasən yer quruluşu sənədlərinə və torpağayırma qaydasına uyğun olaraq ayrılan torpağın naturada plancizgisi tərtib olunub ona verilməli olduğu halda üzərinə düşən həmin öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, hazırda cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan-cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsindən istifadə hüququnu məhdulaşdırır və onun "xxxx" hüququnu pozur. Birinci instansyia məhkəməsinin Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 31 may 2023-cü il tarixli 14-2/22070/2023 nömrəli məktubuna istinadən hazırkı yerləşmə cizgisi tələb olunan torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində olmasına gəldikdə isə, bu, mübahisəli torpaq sahəsinə dair cizgi verilməməsi üçün əsas ola bilməz. Birincisi, ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin mübazhisəli ünvanda yerləşən torpaq sahəsi dair birinci instansiya məhkəməsinin müvafiq sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, hasarlanmış və içrisində birmərtəbəli tikili olan həmin torpaq sahəsi vahid elektron kaldastr məlumatlarına əsasən göstərilən sahə «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aiddir. Belə olan halda, qanunvericilyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Beləliklə də birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməsi istisna olunur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dolayısı ilə həmin qərarın torpaq qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 №-li xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 134 №-li sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 №-li xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 134 №-li sahədə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plan-cizginin tərtib olunub verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar