Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-981/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “onun ehtiyata buraxılması barədə əmrin surətinin ona rəsmi qaydada göndərilməsi və ya əmrin dəyişdirilməsi üçün müvafiq göstərişin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10831/2021 saylı 10 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmrin dəyişdirilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10831/2021 saylı 10 dekabr 2021-ci il tarixli qərardadı ilə hazırki işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, üzun müddətdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Xanəgah kəndində yalnız pasport qeydiyyatındadır, lakin onun həmin ünvanla heç bir əlaqəsi yoxdur. Onun üçün Naxçıvan İnzibati Məhkəməsinə gedib-gəlmək olduqca çətindir. Apellyasiya şkayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 09.02.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “əmrin dəyişdirilməsi” barədədir. Yəni, iddiaçının tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik “mübahisələndirmə haqqında” iddia səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı yönəldikdə belə iddiaya iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri—tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yerini müəyyən edən sənəddir. İş üzrə İddiaçı məxsus şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri kimi Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Xanəgah kəndi qeyd olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hazırki işə iddiaçının yaşayış yeri üzrə olan İnzibati Məhkəmə tərəfindən baxılması qənaətinə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi “onun üzun müddətdi ki, ünvan 6 ünvanında yaşaması və Naxçıvan MR Culfa rayonu, Xanəgah kəndində yalnız pasport qeydiyyatında olması, həmin ünvanla onun heç bir əlaqəsinin olmaması, buna görə də işə Naxçıvan İnzibati Məhkəməsi tərəfindən baxılmasına narazı olması” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Hazırki işdə isə iddiaçının uzun müddətdir ki, yaşadığını iddia etdiyi ünvana gəldikdən sonra ora qeydiyyata düşməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçının göstərdiyi arqumentlər onun iddiasına yaşayış yeri üzrə olan məhkəmə tərəfindən baxılmaması üçün əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbinə baxılması üçün inzibati işin Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10831/2021 saylı 10 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10831/2021 saylı 10 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-981/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-981/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver