Məhkəmə qərarları › İş №2-1(103)-982/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-982/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-982/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, iddiaçı X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və s. verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3494/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3494/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan – 0,07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və texniki pasportun, daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin İİ qrup əlilidir. xx.xx.2004-cü il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Binəqədi qəsəbəsi 1 Mədən ev 16 mənzil 7 ünvanında yerləşən mənzili əldə etmişdir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən bu mənzil xx.xx.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Bu bir mərtəbəli, zirzəmisi olmayan bina 1910-cu ildə tikilmişdir. 1930-cu illərdə həmin bina şərti bölünərək 4 (dörd) ailəyə yaşamaq üçün verilmişdir. Sonradan hər ailə fərdi şəkildə (ayrı-ayrılıqda) yaşadığı sahəsinin girişini tikmiş, dam örtüyünü quraşdırmış (tikmiş), işıq, su qaz xətlərini çəkmişdir. Adı gedən binanın yerləşdiyi yaşayış məntəqəsində mərkəzi kanalizasiya sisteminin olmadığından (hal hazırda da mövcud deyil) hər ailə ayrı-ayrılıqda binanın yaşadığı hissəsinin qarşılığında olan torpaq sahəsində sanitar qovşağını, maye çirkab quyusunu tikmiş və həmin torpaq sahəsinin ətrafında çəpər çəkmişdir (tikmişdir). Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, Binəqədi qəsəbəsi 1 Mədən ünvanında yerləşən ev 16-nın tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyaların ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) mövcud olmayıb. 16 saylı evdə mövcud olan dörd mənzildən yalnız iddiaçıya məxsus olan mənzil özəlləşdirilmişdir. Bu dörd mənzil sahibindən yalnız iddiaçı binanın sahə mülkiyyətçisi hüququna malikdir. İddiaçıya məxsus olan mənzilin 715 inventar nömrəli xx.xx.2004-ci il tarixli texniki pasportunaəsaən 1910-cu ildə tikilmiş 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmiş həmin mənzilin sanitar qovşağı (hamam-tualet) və kanalizasiya sistemi olmayıb. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Qarabağ müharibəsinin İİ qrup əlilidir. xx.xx.2004-cü il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir. İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair şıxarışı almaq məqsədilə İdarəyə xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir. lakin apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının İdarəyə ünvanladığı ərizədən də görünür ki, iddiaçı tərəfindən müvafiq ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi müraciət daxil olmamışdır. Bu səbəbdən də iddiaçının iddia tələbi fərdi yaşayış evinə dair hissədə mümkün sayılmamalıdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən müvafiq daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Bu səbəbdən də müvafiq mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi və məznilin fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə, müvafiq torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və həmin sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası idarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, Texiniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin verdiyi seriya ÖM 222737 nömrəli qəydiyyat vəsiqəsinin, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirimiş mənzilin Texniki Pasportun, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin surətləri, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 14 saylı, xx xxxxxx 2005-ci il tarixli sərəncamından çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti, evin sxemi, eskiz layihənin notariat qaydasında təsdiq edilmiş surəti, Binəqədi qəsəbə Bələdiyyəsinin arayışının notariat qaydasında təsdiq edilmiş surəti, cavabdehin imtina məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 mənzil 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyəti kimi 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır, iddiaçı rayon icra hakimiyyətinin sərəncamı əsasında həmin evi sökərək yeni fərdi yaşayış evi inşa etmişdir. İddiaçı hazırda fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinin vahid əmlak kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir.Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə digər mülkiyyətçilərə məxsus sahədə yerləşməsi əsası ilə daşınmaz əmlakı qeydiyyata almaqdan imtina edir. Birinci instansiya məhkəməsi iddiaçını ünvan 2 mənzil 7 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbində haqlı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.2.-ci maddəsinə əsasən, daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının ünvan 2 mənzil 7 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsində göstərilmişdir:” 1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.” Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir... Həmin Məcəllənin 46-ci maddəsində göstərilmişdir:”1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. İşin faktiki hallarına əsasən iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində alınmasını tələb etdiyi 0,07 torpaq səhəsinin iddiaçının istifadəsi və ya sahibliyində olmasna dair sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2. -ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-ci maddəsinə görə dövlət mülkiyyətində olan torpaqlara dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək haqlı olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, apelyasiya şikayətində göstərilən iddiaçı tərəfindən müvafiq ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi müraciət daxil olmaması, bu səbəbdən də iddiaçının iddia tələbi fərdi yaşayış evinə dair hissədə mümkün sayılmaması dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Ərazi İdarəsi iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********67 saylı məktubdan görünür ki, ünvan 4 mənzil 7 ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tatixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlərin sürətdir. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən yerləşdiyi torpaq sahəsinin mülkiyyyətə verilməsi və mənzilin fərfi yaşayış evi kimi qeydiyyata alınması qanunvericiliyə uyğun deyildir. Belə ki, torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Məktubda cavabdeh inzibati orqan olaraq ərizəçidən ərizəyə əlavə edilmiş sənədlərin əsillərin təqdim edilməsini tələb etməmişdir, formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 30-cu maddəsində ərizənin formasnın və məzmunun tərtib olunması qaydası göstərilmişdir. Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrinin ərizəçiyə izah edir. Qanunun 32.1-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar