Məhkəmə qərarları › İş №2-1(103)-982/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-982/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-982/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı qaraj tikmək üçün torpaq sahəsinin ayrılması vəzifəsinin qoyulması tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1179/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6 x 8 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Zəngilan rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş, aldığı xəsarətlər nəticəsində 2ci qrup müharibə əlili olmuşdur. İddiaçı yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün torpaq sahəsinin ayrılması barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə rəsmi olaraq münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yaşadığı evin qarşısında yerləşən boş torpaq sahəsində qaraj tikintisinə icazə verilməsi ilə bağlı iddiaçının müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə mövcud torpaq qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə AR Prezidentinin 29.12.2000-ci il tarixli Qanununa əsasən 1 yanvar 2001ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qarajlar üzərində hər hansı sənədin verilməsi və ya təsdiq edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olmayan və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olmayan vəzifə cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-605/2020 nömrəli iş üzrə 06.03.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmamışdır. Qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1911/2020 nömrəli iş üzrə 13.10.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.03.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “22. İş materiallarında cavabdehin apelyasiya şikayətinin surətinin iddiaçıya göndərilməsi və ya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyil. Cavabdehin apelyasiya şikayətinin surətinin iddiaçıya təqdim edilməsi barədə məlumat olmadığı halda apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini nəzərə almadan işə baxmış, bu zaman iddiaçının qanunla müəyyən edilmiş prosessual hüquqlarını pozmuşdur.

23. İddiaçının kassasiya şikayətində mübahisələndirdiyi digər hal apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin cavabdeh tərəfindən ötürülməsi ilə bağlıdır.

24. Azərbaycan Respublikasının İPM-nin 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilə bilər.

25. İş materiallarında olan birinci instansiya məhkəməsinin qərarının göndəriş məktubundan məlum olur ki, qərar 26 noyabr 2019-cu il tarixdə 2-1(82)-1179/2020 saylı məktubla tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə 11 yanvar 2020-ci il tarixdə poçta təhvil verilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi şikayət verilən qərarın cavabdehə nə vaxt təqdim edilməsini, bunun da nəticəsində apelyasiya şikayəti verilməsi müddətinin ötürülüb - ötürülməməsini aydınlaşdırmamışdır. ...

28. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılmışdır. Halbuki, apelyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılması yolverilməzdir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə bağlı sonrakıları bildirir. İşin 72-ci vərəqində olan, birinci instansiya məhkəməsinin 12.11.2019-cu il tarixli qərarının cavabdehə göndərilməsi barədə 26.11.2019-cu il tarixli məktubundan görünür ki, həmin qərar cavabdehə təqdim olunması üçün 26.11.2019-cu il tarixdə iddiaçı tərəfindən imzalanaraq, məhkəmədən götürülmüşdür. Birinci instansiya məhkəməsinin 12.11.2019-cu il tarixli qərarının cavabdehə göndərilməsi barədə isə işdə başqa heç bir sənəd mövcud deyil. Bununla bağlı, Ali Məhkəmənin qərarının göstərişləri iddiaçıya izah edilmiş, qərarı cavabdehə hansı tarixdə təqdim etdiyini təsdiq edən sənədi Məhkəməyə təqdim etməsi bildirilmişdir. Lakin iddiaçı növbəti məhkəmə iclasına gəlməmiş, belə bir sübutu isə nə məhkəmə iclasından əvvəl, nə də ondan sonra Məhkəməyə göndərməmişdir. Odur ki, iş üzrə apellyasiya şikayətinin qanunla nəzərdə tutulan 30 gün müddətdən sonra verilməsi hər hansı mötəbər sübutla təsdiqini tapmır. Bundan sonra, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia tələbi buna bilavasitə cavab verməli olan inzibati orqana yönəldilməli; 3. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 6. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün sadalanan şərtlərdən ikincisinə, yəni tələbin buna bilavasitə cavab verməli olan inzibati orqana yönəldilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Göründüyü kimi, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir. Bu da o deməkdir ki, rayon bölgüsü olan Bakı şəhərində Xətai RİH başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. Mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olduğu fərz edilən halda da iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə görə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. AR Torpaq Məcəlləsinin “Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi” adlı 59-cu maddəsinə əsasən isə, 1. yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə. AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin Qərara əsasən, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Lakin, işdən müəyyən edildiyi kimi, iddiaçı cavabdeh Xətai RİH-dən, torpaq sahəsi istər dövlət mülkiyyətində, istərsə də bələdiyyə torpağı olan hallarda, yəni hər bir halda, onun səlahiyyətlərində olmayan məsələnin həllini (torpaq sahəsinin ayrılmasını) tələb etmişdir ki, bu da onun subyektiv hüququnun “başqa (borclu) şəxslərdən tələb etmək hüququ” kimi ikinci elementinin olmamasına dəlalət edir. Məhkəmə kollegiyası, həmçinin bildirir ki, hazırkı iddia tələbi göstərilən səbəblərə görə cavabdeh Xətai RİH-ə qarşı heç bir halda təmin oluna bilməyəcəyi üçün, iddia rədd edilməməli, məhz mümkün sayılmamalıdır. Belə ki, iddianın rədd olunması həmin iddianın həm də təmin oluna bilmə imkanına malik olduğu mənasına gəlir ki, bu da hazırkı iş üzrə qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş üzrə şikayət edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtlərini yoxlamadan, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, həll etməklə, prosessual hüquq normalarını pozmuş və nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6 və 35.1-ci maddələri). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1179/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanda yaşadığı evin qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6 x 8 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar