Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-983/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8282/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1947-ci ildə Tovuz rayonunda doğulmuşdur, hal-hazırda doğum haqqında şəhadətnaməsini itirmişdir. Təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi üçün Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir, imtina cavabı onunla əsaslandırılmışdır ki, iddiaçının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də akt qeydi bərpa edilməlidir. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, 1945-ci ildən 1949-cu ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və iddiaçının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8282/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, ona görə də ləğv edilməlidir. Belə ki, məhkəmə inzibati orqanın imtina əsası ilə iddianı təmin etməmişdir. Hansı ki, inzibati orqan imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir. O, faktiki məhkəmədə özü iştirak etsə də, şəhadətnaməsi yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməsə də, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 18 fevral 2022-ci il tarixli 05/9-400/13 saylı məktubla iddiaya etiraz etmədikləri və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1947-ci ildə Tovuz rayonunda doğulmuşdur, bildirdiyinə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. Təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi üçün Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir, imtina cavabı onunla əsaslandırılmışdır ki, iddiaçının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də akt qeydi bərpa edilməlidir. Tovuz rayon Qeydiyyat Şöbəsinin 12.03.2021-ci il tarixli, 361 nömrəli arayışına əsasən İddiaçı (Ələmdar) Süleyman oğlunun (xx.xx.1947-ci il təvəllüdlü) doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Tovuz rayon və Sarıtala kənd icra nümayəndəliyi üzrə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 1945-ci ildən 1949-cu ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Cavabdehin 17.06.2021-ci il tarixli imtina məktubuna əsasən iddiaçının doğum haqqında akt qeydinin aşkar edilməməsi səbəbilə ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırki iddia ilə iddiaçı ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixi göstərilsə də, onun doğumu haqqında akt qeydləri aşkar edilməmişdir, belə olan halda doğum haqqında akt qeydi aşkar olunmadığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsindən cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası bildirir ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər-doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər, həmin qaydaların 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir, həmin qaydaların 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir, 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəa”ların preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 15-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Birinci instansiya məhkəməsində araşdırma zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxil olmuş sorğuya cavab məktubuna əsasən bildrilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Apellyasiya qaydasında işə baxılarkən Məhkəmə kollegiyasının iclasında iddiaçı öz izahatında bəzi sənədlərin həmin dövrdə Tovuz rayonu ilə yanaşı Qazax və Gədəbəy rayonlarında saxlanıldığını bildirmiş və bununla bağlı məhkəmə kollegiyası araşdırmanı həyata keçirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gədəbəy rayon Qeydiyyat Şöbəsinin sorğuya cavab olaraq 25 fevral 2022-ci il tarixli 05/13-130 nömrəli məktubuna əsasən, İddiaçı doğum aktı qeydi aşkar edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış və vətəndaşın nikahı və nikahın pozulması haqqında akt qeydlərində doğulduğu yer Tovuz rayonu qeyd edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya cavab olaraq 01 mart 2022-ci il tarixli 018-4260-1222 nömrəli məktubuna əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 16, mənzil 183-də qeydiyyatda olmaqla, AA-1505250 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Qeydiyyat Şöbəsinin sorğuya cavab olaraq 02 mart 2022-ci il tarixli 05/11-28 nömrəli məktubuna əsasən, İddiaçı aid doğum aktı qeydi aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə araşdırmasının nəticəsi olaraq qeyd edir ki, iddiaçının doğumu haqqında akt qeydinin aşkar edilməməsi ilə bağlı olaraq ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş və bununla əlaqədar olaraq da birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8282/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-983/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-983/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver