Məhkəmə qərarları › İş №2-1(103)-983/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-983/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-983/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X3 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya qalığının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5353/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək ərizə ilə müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X1lar Sisteminin Pensiya altsisteminə, əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 19 il 5 ay sığorta stajı tələb olunan 16 ildən çox olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25604,70 manat olmaqla tələb olunan məbləğdən (27648 manatdan) azdır. Həmçinin “SOCAR” Baş ofis Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək iddiaçının işlədiyi 4 saylı Tikinti Quraşdırma İdarəsinin “Azərneftlayihətikinti” Birliyinin 4 saylı Tikinti Quraşdırma idarəsində ümumilikdə 16 ay əmək haqqı ödənilmədiyindən, həmçinin X6 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Səbinə” kooperativinin, 11,02.2000-ci il tarixindən 31,12.2000ci il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətinin və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 4 nömrəli X5 İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanlar məlum olmadığından sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya qalığının ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir Tələb onunla əsaslandırılmışdır ki, o, imtina məktubunda qeyd edilən müəssisələrdə işləmişdir və bu faktı əmək kitabçasındakı müvafiq qeydlər sübut edir. Həmin müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanların məlum olmaması vətəndaşın problemi deyil. Vətəndaş qeyd edilən arxiv sənədlərinin qorunmasında və saxlanmasında səlahiyyətli də deyil. Bu halın səbəb göstərilərək əmək stajı kimi nəzərə alınmaması birbaşa qanun pozuntusudur. Belə ki, qanunvericiliyə əsasən şəxsin iş stajını təsdiqləyən sənəd əmək kitabçasıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina mktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edən zaman əmək kitabçası və hərbi xidməti nəzərə alınaraq sığorta stajı 19 il 5 ay hesablanmış və bu da tələb olunan 16 il 4 aydan çox olsa da, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25604.7 manat olmaqla tələb olunan məbləğdən (27648) azdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5353/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləriə uyğun izahat verərərk, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya qalığının ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25604,70 manat olmaqla tələb olunun məbləğdən (27648 manatdan) azdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İstinad olunanlardan görünür ki, İİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün:

1. ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı;

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0041003AACQ7 nömrəli göndərişi əsasında ilkin qiymətləndirilmiş və xx.xx.2021-ci tarixindən beş il müddətinə ikinci dərəcə əlillik barədə qərar qəbul edilmişdir. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlillyə görə əmək pensiyasının təyini üçün tələb olunan minimum sığorta stajı 16 ildir ((63-15)×4÷12= 48×4÷12= 192÷12= 16 il). İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Dövlət Texniki peşə təhsili komitəsi tərəfindən verilmiş 087798 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1973-cü ildə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 1976-cı ildə bu məktəbin tam kursunu bitirərək qülləli kran maşinisti peşəsini əldə etmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1972-ci illərdə, habelə xx.xx.1974-xx.xx.1974-cü illərdə Cəlaloğlu (Stepanavan) yol istehsalat tikinti sahəsində mövsümi işçi kimi işləmiş, xx.xx.1973xx.xx.1976-cı illərdə 54 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1976xx.xx.1978-ci illərdə hərbi xidmət keçmiş, xx.xx.1979-xx.xx.1979-cu illərdə Smirnov sovxozunda bənna, xx.xx.1979-xx.xx.1980-ci illərdə bənna, xx.xx.1980- xx.xx.1980-ci illərdə Tuymazı rayonu Tikinti Quraşdırma İdarəsində bənna, xx.xx.1980- xx.xx.1981-ci illərdə 5 nömrəli Tikinti İdarəsində işçi, xx.xx.1981-xx.xx.1981-ci illərdə krançı, xx.xx.1981xx.xx.1981-ci illərdə Kozlov adına zavodda suvaqçı, xx.xx.1981- xx.xx.1982-ci illərdə 2 nömrəli Tikinti İdarəsində bənna, xx.xx.1982-xx.xx.1982-ci illərdə Blaqoveşensk sovxozunda suvaqçı, xx.xx.1983-xx.xx.1983-cü illərdə 8 nömrəli Tikinti Quraşdırma İdarəsində bənna, xx.xx.1983-xx.xx.1983-cü illərdə Qostanay sovxozunda bənna, xx.xx.1984-xx.xx.1984-cü illərdə Sabit Muxanov adına sovxozda dülgər vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1985-xx.xx.1985-ci illərdə Kirov rayon sovxozunda tikinti briqadasında işləmiş, xx.xx.1986-xx.xx.1986-cı illərdə sovxozda işçi, xx.xx.1986xx.xx.1986-cı illərdə suvaqçı, xx.xx.1987-xx.xx.1987-ci illərdə bənna, xx.xx.1988xx.xx.1988-ci illərdə bənna, xx.xx.1989-xx.xx.1989-cu illərdə suvaqçı, xx.xx.1989xx.xx.1990-cı illərdə Neftmaşınqayırma trestində krançı, xx.xx.1990-xx.xx.1990-cı illərdə May sovxozunda dülgər vəzifəsində, xx.xx.1990-xx.xx.1992-ci illərdə Gəncə təmir tikinti kooperativində, xx.xx.1992-xx.xx.1992-ci illərdə sovxozda, xx.xx.1993-xx.xx.1997-ci illərdə Səbinə kooperativində suvaqçı-rəngsaz, xx.xx.1997-xx.xx.2000-ci illərdə 4 saylı Tikintiquraşdırma idarəsində suvaqçı, xx.xx.2000-xx.xx.2000-ci illərdə Karvan ASC-də sürücü, xx.xx.2000-xx.xx.2004-cü illərdə 4 nömrəli X5 İdarəsində suvaqçı, xx.xx.2008-xx.xx.2009cu illərdə X10 MMC-də kran maşinisti, xx.xx.2013-xx.xx.2017-ci illərdə Akkord Sənaye Tikinti İnvestisiya Kooperasiyasında krançı, xx.xx.2019-xx.xx.2021-ci illərdə Akkord Prefabrik MMC-də kran maşinisti vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İddiaçının təhsil aldığı, hərbi xidmət keçdiyi və əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alındıqda, müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 9 ay 25 gün iş stajı olmuşdur. Cavabdeh faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanlar məlum olmadığından bu dövrlərdən iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Səbinə” kooperativində, 11,02.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətində və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 4 nömrəli X5 İdarəsində işlədiyi müddəti onun sığorta stajına əlavə etməkdən imtina etmişdir. Halbuki işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ASC-nin natamam arxiv sənədlərinin əmr kitabında vət. X2 xx.xx.2000-ci il tarixli 4/İs saylı əmrlə xx.xx.2000-ci il tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə işə qəbul olunması, xx.xx.2000-ci il tarixli 6/İs saylı əmrlə xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad olunması və 2000-ci ilə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən X4 xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00310 nömrəli iş stajı və SOCAR**********80020123X00311 nömrəli əmək haqqı barədə arayışlar təqdim olunmuşdur. Həmin dövrdə boş dayanma və sair hallar aşkar olunmamışdır. İşdə olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 4 saylı X5 İdarəsi xx.xx.1995-ci ildə, "xxxx" ASC isə xx.xx.1998-ci ildə qeydə alınmışdır. Cavabdehin mübahisələndirdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək “Səbinə” kooperativində, 11,02.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" Səhmdar Cəmiyyətində və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 4 nömrəli X5 İdarəsində işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasına istinad etmişdir. Halbuki həmin dövrün bir hissəsi barədə məlumat dövlət arxivində, digər hissəsi barədə məlumat isə tabe olduğu təşkilatda olmuşdur. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, cavabdehin həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməsi qanunsuz olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarından görünür ki, iddiaçının 2011-2021-ci illərdə işlədiyi dövr üzrə pensiya kapitalı 16749,11 manat olmuşdur. Cavabdeh yuxarıda göstərilən dövrləri nəzərə almadan iddiaçının xx.xx.2006-cı ilədək qazanmış olduğu pensiya hüququnu pensiya kapitalına çevrilməklə onun pensiya kapitalının tələb olunan 27648 manatdan az, 25604,7 manat olduğunu bildirmişdir. Lakin yuxarıda istinad olunanlardan görünür ki, cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək kitabçasındakı bütün qeydlər, təhsil və hərbi xidmət müddəti nəzərə alındıqda həmin sığorta stajına əsasən 18538.93 manat, xx.xx.2006-cı ildən sonra X1 Sisteminin Pensiya altsisteminə əsasən 15679.04 manat olmaqla, ümumilikdə 34307,97 manat pensiya kapitalı mövcud olur. Belə olan halda isə iddiaçı ona əlillik təyin olunan xx.xx.2021-ci il tarixə tələb olunan 16 ildən artıq sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı barədə tələbi ödəyir. Deməli, iddiaçının ona əlilliyə görə əmək pensiyası təyin edilməsini tələb etmək hüququ mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Kollegiya qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5353/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5353/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar