Məhkəmə qərarları › İş №2-1(103)-983/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-983/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-983/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6090/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Kürdəxanı qəsəbəsi H.Hacıyev küçəsi 25 nömrəli evdə yaşayan Əliyev X7 qəsəbəsinin şimal-qərb hissəsində məhəllə 145-000- 130 c nömrəli layihə tipli, 1200 kv.m sahəsi olan, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerləşmə sxeminin notarial qaydada təsdiq edilmiş surəti işə əlavə olunmuşdur. İddiaçı torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi A.R.Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsi X12 sovxozunun ərazisində yerləşir. Odur ki, torpaq sahəsinin ayrılmasına dair həmin sovxozun direktorunun əmri, əmrin arxiv çıxarışı və yerləşmə cizgisi təqdim edilməlidir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid planölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ona ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisəsi mövcud deyil. Sözügedən torpaq sahəsi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşdiyindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən toıpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1200 kv.m torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan-ölçüsıınün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin İdarənin ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi X12 Sovxozunun ərazisində yerləşir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən, koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ona görə də hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Lakin cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmtinanın 1-ci əsasına görə qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi X12 Sovxozunun ərazisində deyil, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşir və həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ayrılmışdır. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaq X2 ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Sözügedən torpaq sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda, 1991-1999-cu illərdə qüvvədə olmuş Torpaq Məcəlləsinin müddəalarına əsasən rayon, şəhər X2 dövlət mülkiyyətində olan torpaqları öz səlahiyyətləri daxilində xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdi. İmtinanın 2-ci əsasına görə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassız olmaqla, ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsi X12 sovxozunun ərazisində yerləşir. Odur ki, torpaq sahəsinin ayrılmasına dair həmin sovxozun direktorunun əmri, əmrin arxiv çıxarışı və yerləşmə cizgisi təqdim edilməlidir. Bundan əlavə elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin 379 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********41 saylı cavab məktubu ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6090/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillərin heç birinin əsası yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Bakı İnzibati Məhkəməsinin qərarı maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inizbati orqan tərəfindən “X12 sovxozunun ərazisində yerləşən torpaq sahəsinin ayrılmasına dair həmin sovxozun direktorunun əmri, əmrin arxiv çıxarışı və yerləşmə cizgisinin təqdim edilməməsi və elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsi ilə nəzərdə tutulmasına, torpaq sahəsinin xx.xx.1995-ci il tarixdən idddiaçının istifadəsində olmasını və 6 kV hava xəttinin xx.xx.2009-cu il tarixdə istismara verilməsini nəzərə alaraq, imtinanı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmiş və iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası cavabdehin “X12 sovxozunun ərazisində yerləşən torpaq sahəsinin ayrılmasına dair həmin sovxozun direktorunun əmri, əmrin arxiv çıxarışı və yerləşmə cizgisinin təqdim edilməməsi” dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində məhəllə 145-000130 c nömrəli layihə tipli, fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerləşmə sxemi də tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verdiyi 3-21-3-60/2-727/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, arxivdə və elektron bazada aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X12 sovxozunun ərazisində aqrar islahatı aparılmamışdır. X12 sovxozunun idarə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 74 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinə verilmişdir. Sonradan Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 28 nömrəli qərarı ilə həmin qərar qüvvədən düşmüş hesab edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 111 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "X11 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və sovxozun idarə edilməsi müəssisəyə verilmişdir. Nazirlər Kabineti xx.xx.2018-ci il tarixli, 414 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli, 111 nömrəli Qərarında dəyişiklik edərək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X5 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaratmış və sovxozun idarə edilməsini birliyə vermişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən torpağın hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq sahəsi 0,12 ha olaraq qeyd edilmişdir. Torpaq sahəsi hasar daxilindədir. İcazəsiz tikili yoxdur. Göstərilən torpaq sahəsinin mövcud vəziyyətinə və yerləşmə sxeminə uyğun koordinat cədvəli akta əlavə edilmişdir. Torpaq sahəsinin cənub hissəsində hasarın üzərindən 6 kVt YGEX-keçir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3- 21-3-30/229761/2023 **********61 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi keçmiş X12 Sovxozunun ərazisində yerləşir. Hazırda yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyində olan sahələrdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əlində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 47 saylı xx.xx.1995-ci il tarixli sərəncamı və torpaq sahəsinin yerləşmə sxemi mövcuddur, hansı ki həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Həmçinin cavabdehin imtinasında istinad etdiyi “elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-2/13-A-836-5/2023 saylı xx.xx.2023cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən sözügedən ünvan 6 kVluq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Daha sonra birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-9/2-A-11/46/21/23 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən torpaq sahəsinin yerləşdiyi ərazidən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektrik verilişi xətti keçmir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 13-13/2-1/16-3749/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi 2373 saylı komplekt transformator məntəqəsini qidalandıran 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-1/16-2599/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsi "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar Şöbəsinin balansında olan 462-676 saylı Yarımstansiyadan budaqlanma vasitəsi ilə 2373 saylı KTM-ni qidalandıran 6 kV hava xəttinin mühafizə zonasında düşür. Sözügedən hava xətti xx.xx.2009-cu il tarixdə istismara verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və faxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Sözügedən normanın məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu əsas iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri təqdim etdiyi üçün onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsini istisna edə bilməz. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı mübahisəyə münasibətdə ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyyata alınmasından və bu barədə ona müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdehi haqlı saymamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələri kimi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və plan-ölçünün verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6090/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6090/2023 saylı 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar