Məhkəmə qərarları › İş №2-1(103)-983/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-983/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-983/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs: X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kirayə müqaviləsinin bağlanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs: X6) qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9179/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. ünvan 7zil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, A.İsmayılov küçəsindəki 1 nömrəli, 2 mərtəbəli evin 2-ci mərtəbəsində, 41.4 kv.m yaşayış sahəsi olan, 2 otaqlı, 13 nömrəli mənzilində yaşayır, ailə tərkibi 2 (iki) nəfərdən ibarətdir – İddiaçı (özü) və X7 (qızı).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və X7 ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 ünvan 3 ünvanına yaşayış hüququnun tanınması və onun həmin ünvana qeydə alınması vəzifəsinin Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti (bundan sonra – cavabdeh) tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, hal-hazırda qeyd edilən bina və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd edilən binanın 13 saylı mənzilinə dair X3 adına hər hansı hüqumüəyyənedici sənəd təhvil verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 25.04.202-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş 18/2-12174 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X6 xx.xx.2019-cu il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

6. X6 (bundan sonra – üçüncü şəxs) **********361 nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə bildirmişdir ki, Bakə şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 1, mənzil 13 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına dair sərəncam verilməsinə etiraz etmir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 6 saylı evin 13 saylı mənzilinə adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin mənzildə qeydiyyatda olmaqla faktiki olaraq 2 nəfər ailə üzvü ilə (özü və və qızı) uzun illərdir (15 il) yaşayır və bütün kommunal xidmətlərə görə haqları ödəməklə yanaşı mənzildən istifadə, sahiblik hüquqlarını həyata keçirir. Başqa yaşayış yeri yoxdur. Səbail Rayon Məhkəməsinin 11 avqust 2006-cı il tarixli 2-1436/06 saylı qətnaməsi ilə göstərilən mənzildə 1993-cü ildən yaşamış X3 həmin mənzilə yaşayış hüquqları tanınmışdır. Uzun illərdən bəri tanışı olan Ş.N.Quliyeva başqa yaşayış yeri olmadığına görə onu 2008-ci ildə ailə üzvü kimi mənzilə köçürmüşdür. Birlikdə yaşayıb onunla ümumi təsərrüfatın aparılmasında iştirak etmişdir. Sonradan Ş.N.Quliyeva başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Yaşadığı mənzilin kirayə müqaviləsinin adına bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-52-13/2-İ-xx-xx/2023 saylı məktubla iddiaçıya bildirilmişdir ki, “Mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. ünvan 6 ünvanında yerləşən 13 saylı mənzilin istifadənizə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir”. Ona görə də, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

9. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 1 saylı yaşayış binası balansa qəbul edilmişdir. Bakı Şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin “Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin strukturunda və dislokasiyasında qismən dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli sərəncamının 2-ci bəndinə əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Səbail rayonunun ərazisində yerləşən 149 saylı mənzilkommunal istismar sahəsinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Halhazırda qeyd edilən bina və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, lakin həmin mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin onun adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9179/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iddiaçı mübahisə predmeti olan mənzilin qanunla yol verilən əsaslar üzrə sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə sənədin mövcud olduğu müəyyən edilməmişdir. İddiaçının adına kirayə müqaviləsinin bağlanılmasını tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 6 saylı evin 13 saylı mənzildə uzun müddət yaşaması və yaşayış yeri üzrə pasport qeydiyyatında olması faktına istinad edərək həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmasını xahiş edir.

12. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatla şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə uzun müddət yaşaması və yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddia olunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz.

13. İddiaçının Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1436/06 saylı qətnaməsi ilə yaşayış hüququ tanınmış və qeydiyyata alınmış mənzilin əvvəlki istifadəçisi X3 ailə üzvü kimi köçərək orada yaşaması ilə bağlı dəlilinə gəlincə məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi köhnə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri onun halına aid vəziyyəti tənzimləyən norma deyildir. Belə ki, həmin normalar mənzilin icarədarının mövcud olduğu hallarda tətbiq edilir. Hazırkı işdə isə X3 bəhs olunan mənzilin icarədarı olmasına dair heç bir sübut yoxdur. Rayon məhkəməsinin qətnaməsindən də görünür ki, o, qeyd olunan mənzilə uzun illər yaşadığı üçün ora yaşayış hüququ tanınmaqla qeydiyyata alınmış şəxsdir. Odur ki, iddiaçı qeyd olunan normaların təsiri altına düşmür.

14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 25. Bərabərlik hüququ V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

22. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş):

Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 87. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması ilə əlaqədar yaşayış sahəsinin verilməsi qaydası 87.1. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər bu cür əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, kirayəyə verən əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsi ləğv edilmədən digər yaşayış sahəsi verməyə borcludur. Əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddətdə kirayə müqaviləsi ilə manevr fondunun yaşayış sahələri verilir. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsinə köçməkdən imtina edərlərsə, kirayəyə verən məhkəmə qaydasında onların köçürülməsini tələb edə bilər. Kirayəçinin və onun ailə üzvlərinin manevr fondunun yaşayış sahəsinə və geriyə köçmələri kirayəyə verənin hesabına həyata keçirilir. 87.2. Manevr fondunun yaşayış sahəsinin verilməsi əvəzinə kirayəyə verən kirayəçinin və onun ailə üzvlərinin razılığı ilə onlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsi verə bilər. Bu halda əsaslı təmir edilməli və ya yenidən qurulmalı evdə (binada) yerləşən yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. 87.3. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində kirayəçinin və onun ailə üzvlərinin yaşadıqları yaşayış sahəsini saxlamaq mümkün olmazsa və ya onun ümumi sahəsi həmin yaşayış sahəsində yaşayan kirayəçi və onun ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinə səbəb olacaq dərəcədə azalacaqsa və ya həmin yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahənin ayrılma normasından əlli faizdən artıq olmasına səbəb olacaq dərəcədə artarsa, kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi ilə digər yaşayış sahəsi əsaslı təmir və ya yenidən qurulma başlanmazdan əvvəl verilməlidir. 87.4. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması başa çatdıqdan sonra kirayəçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin əsaslı təmir və ya yenidənqurma nəticəsində ümumi sahəsi azalmış yaşayış sahəsinə köçmək hüququ vardır. Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.

24.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

32. Əvvəla məhkəmə kollegiyası bildirir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan ünvan 6 saylı evin 13 saylı mənzilinə adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-983/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

34. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-9179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iddiaçı mübahisə predmeti olan mənzilin qanunla yol verilən əsaslar üzrə sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə sənədin mövcud olduğu müəyyən edilməmişdir. İddiaçının adına kirayə müqaviləsinin bağlanılmasını tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 6 saylı evin 13 saylı mənzildə uzun müddət yaşaması və yaşayış yeri üzrə pasport qeydiyyatında olması faktına istinad edərək həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatla şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə uzun müddət yaşaması və yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddia olunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. İddiaçının Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1436/06 saylı qətnaməsi ilə yaşayış hüququ tanınmış və qeydiyyata alınmış mənzilin əvvəlki istifadəçisi X3 ailə üzvü kimi köçərək orada yaşaması ilə bağlı dəlilinə gəlincə məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi köhnə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri onun halına aid vəziyyəti tənzimləyən norma deyildir. Belə ki, həmin normalar mənzilin icarədarının mövcud olduğu hallarda tətbiq edilir. Hazırkı işdə isə X3 bəhs olunan mənzilin icarədarı olmasına dair heç bir sübut yoxdur. Rayon məhkəməsinin qətnaməsindən də görünür ki, o, qeyd olunan mənzilə uzun illər yaşadığı üçün ora yaşayış hüququ tanınmaqla qeydiyyata alınmış şəxsdir. Odur ki, iddiaçı qeyd olunan normaların təsiri altına düşmür.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını işin faktiki hallarına düzgün tətbiq etməməklə səhvə yol vermişdir.

37. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

38. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşmayır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisənin həll edilməsinə formal və səthi yanaşmış, bununla da İPM-in 58.7-ci maddəsinin tələblərini pozmuşdur.

39. Cavabdeh iddiaya yazılı münasibətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan sosial-mədəni və məişət kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 1 saylı yaşayış binası balansa qəbul edilmişdir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin strukturunda və dislokasiyasında qismən dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli sərəncamının 2-ci bəndinə əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Səbail rayonunun ərazisində yerləşən 149 saylı mənzilkommunal istismar sahəsinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, lakin həmin mənzilə köçməyə əsas verən hüquq müəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin onun adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır.

40. Beləliklə cavabdehin qənaətinə görə iddiaçının sözügedən mənzilinin onun istifadəsinə verilməsi ilə bağlı orderi olmadığından iddiaçının tələbi əsassızdır.

41. Birinci instansiya məhkəməsi də cavabdehin həmin hüquqi mövqeyini qanuni və əsaslı saymışdır.

42. Bununla bağlı Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşarkən mübahisənin faktiki cəhətinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

43. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X3 ünvan 3 ünvanına qeydə alınması vəzifəsinin Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.

44. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və X7 ünvan 1 ünvanında qeydiyyatdadır.

45. ünvan 7zil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən daimi qeydiyyatda olmaqla Bakı şəhəri, A.İsmayılov küçəsindəki 1 nömrəli, 2 mərtəbəli evin 2-ci mərtəbəsində, 41.4 kv.m yaşayış sahəsi olan, 2 otaqlı, 13 nömrəli mənzilində yaşayır, ailə tərkibi 2 (iki) nəfərdən ibarətdir – İddiaçı (özü) və X7 (qızı).

46. Bakı Apellyasiya Məhkəməsinin 25.04.202-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş 18/2-12174 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X6 xx.xx.2019-cu il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

47. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisi olan X6 ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamış, sonuncunun xx.xx.2019-cu il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmasından sonra da iddiaçı ünvan 1 ünvanında yaşamaqda davam etmişdir.

48. Həmçinin, apellyasiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş və mənzilin əvvəlki balanssaxlayıcısı olan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli, 176 nömrəli Əmrindən görünür ki, idddiaçının adına kirayə müqaviləsinin bağlanılması barədə əmr imzalanmışdır.

49. Lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırkı tələbi ilə bağlı məhkəməyə qədər müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-52-13/2-İ-xxxx/2023 saylı məktubunda iddiaçıya bildirilmişdir ki, “Mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. ünvan 6 ünvanında yerləşən 13 saylı mənzilin istifadənizə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir”.

50. Halbuki, İddiaçı faktiki olaraq, xx.xx.2008-ci ildən X6 ilə həmin mənzildə onunla birgə yaşamış, birgə təsərrüfat aparmış, X6 isə xx.xx.2019-cu il tarixdən digər mənzildə yəni, ünvan 5 ünvanına köçmüş və yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Lakin mənzilin hazırkı balanssaxlayıcısı əvvəlki mənzil kirayəçisinin köçməsi ilə bağlı mənzil kirayə münasibətlərinə xitam verməmişdir.

51. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən X1 mənzildən köçməsinə baxmayaraq, onunla mənzil kirayə münasibətlərində qalması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

52. Eyni zamanda üçüncü şəxs X6 **********361 nömrəli, xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına dair sərəncam verilməsinə etiraz etmir.

53. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, sözügedən mənzilin əvvəlki kirayəçisi həmin mənzildə yaşamadığından, yəni o, başqa yaşayış məntəqəsinə köçdüyündən və qeyd edilənlərə də X6 **********361 nömrəli, xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə təsdiq edildiyindən Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən onunla bağlanmış kirayə müqaviləsinə cavabdeh tərəfindən xitam verilməli olduğu halda qeyd edilənlərə münasibətdə hərəkətsiz qalmışdır. Belə olan halda, Kollegiya qeyd edir ki, kirayə müqaviləsinə cavabdeh tərəfindən faktiki olaraq xitam verilməsə də belə, Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən X6 ilə cavabdeh arasında mövcud olmuş mənzil kirayə münasibətləri artıq mövcud deyildir.

54. Əlavə olaraq kollegiya qeyd edir ki, ünvan 7zil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından və Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli, 176 nömrəli Əmrindən görünür ki, iddiaçının cavabdehlə mənzil münasibətləri 1 oktyabr 2009-cu il tarixinədək yaranmışdır.

55. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçının hazırkı halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2595/2023 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-134/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 85-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, şəxsin mənzilin keçmiş icarədarı ilə mənzildə birgə yaşayıb, onunla birgə təsərrüfat aparmaqla icarədarın ailə üzvü hesab olunması mənzilə dair onunla icarə müqaviləsi bağlanması üçün əsasdır. Çünki, Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

57. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.

58. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

60. Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

61. Qanunvericilin qeyd edilən müddəalarından göründüyü kimi, Mənzil Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2009-cu il tarixinədək mənzilə hüququ yaranmış şəxslərin dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi hüququ saxlanılır.

62. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə xx.xx.2009-cu il tarixədək yaşadığından və daimi qeydiyyatda olduğundan, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, mənzilin balans saxlayıcısı olan orqandan iddiaçının mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır.

63. Beləliklə də, mübahisəli mənzilə dair sosial-kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh yerli icra hakimiyyəti tərəfindən bununla bağlı sərəncam qəbul edilməsindən imtina olunması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur.

64. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

65. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən haqlı olmamışdır.

66. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

67. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci 89-cu, 90.1-ci və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9179/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 6 saylı evin 13 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsi bağlanılması (sərəncam verilməsi) vəzifəsi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar