Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-984/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “düzgün hesablamama nəticəsində pensiyasında yaranmış fərqin və qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “düzgün hesablamama nəticəsində pensiyasında yaranmış fərqin və qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 10 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşının 20% hesabı ilə 1098 manat məbləğində iddiaçıya ödənilməyən əlavə haqqın, dövlət qulluğu pensiyasının ilk dəfə (1-ci dəfə) düzgün təyin edilməməsi nəticəsində 5138,19 manat məbləğində və məhkəmə qərarı olmadan qanunsuz olaraq iddiaçının 1 il 2 ay müddətində 2436 manat məbləğində verilməmiş pensiyasının, cəmi 8672,19 manat məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onun dövlət qulluğunda 11 il 6 ay iş stajı vardır. Dövlət qulluğu stajının 11 il 6 ay olması Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, ona ilk dəfə dövlət qulluğu pensiyasının düzgün hesablanmadığına, yəni dövlət məvacibi olan vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçularına növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin pensiya təyin edilən zaman nəzərə alınmaması ilə bağlı Lerik DSMF-nə qarşı məhkəmədə iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi də onun tələbini təmin etmişdir. Hazırda onun tələbi ondan ibarətdir ki, dövlət qulluğu pensiyası 1-ci dəfə Lerik DSMF tərəfindən düzgün təyin edilməmişdir. Onun dövlət qulluğu pensiyası 10 oktyabr 2013-cü ildən 350 manat təşkil edir, ilk dəfə 10 oktyabr 2013-cü ildə ona 154 manat pensiya təyin edilmiş, 2013-cü ilin noyabr ayında pensiyası 187 manat,2013 –cü ilin dekabr ayında 245 manat məbləğində təyin edilmişdir. O, 245 manat pensiyanı 2013-cü ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər almışdır. DSMF-nin **********4 saylı 08.05.2021-ci il tarixli məktubunda 01.12.2013-28.02.2018-ci il tarixləri arasında dövr ərzində ona hər ay 356.20 manat məblğində pensiya ödənilməsi göstərilmişdir. Həmin məbləğ formal yazılmışdır. Eyni zamanda cavabdeh tərəfindən ona ünvanlanmış məktubda 10767.21 manat artıq pul vəsaitinin ödənilməsi göstərilmişdir. Lakin bu zaman heç bir sənədə əsaslanılmamışdır. Belə ki, DSMF-nin Lerik rayon şöbəsinin 05.07.2018-ci il tarixli, 56M1869 nömrəli məktubuna əsasən 18.10.2013-cü ildən 28.02.2018-ci ilə qədər iddiaçıya ödənilən məbləğ 17030,91 manat olmuş, o, isə faktiki olaraq 17034.68 manat almışdır. Hazırda o, 10.10.2013-cü ildən 01.03.2018-ci il tarixə kimi olan dövr üçün 350.19 manat pensiya məbləğinin verilməsini tələb edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 28.01.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi qaydaları”nın 4-ü bəndinə əsasən dövlət qulluğunda xidmətin 2-ci ilindən başlayaraq dövlət qulluğuna görə qulluq stajı müddətindən asılı olaraq hər ay 10 ildən-15 ilədək olan müddət üçün 20% əlavə haqq ödənilir. Onun işlədiyi vəzifələr yardımçı vəzifələr olmuş, bu barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı mövcuddur. Onun dövlət qulluğunda xidmət müdətinin 11 il 6 ay olması həmin qərarla təsdiq edilir. Lakin buna baxmayaraq həmin müddətdə dövlət qulluğu nəzərə alınmadan ona pensiya təyin edilmişdir. Halbuki Lerik rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş arayışlara əsasən əmək haqqları və mükafatlar da 2018-2019-cu illərdə pensiyanın üzərinə hesablanmamış və pensiyasına əlavə edilməmişdir. Cavabdeh qanunsuz olaraq məhkəmə qərarı olmadan 2020-ci ilin sentyabr-dekabr və 2021-ci ilin yanvar - oktyabr ayları üçün pensiyasının 474 manat məbləğində olan miqdarını hər ay 174 manat kəsmiş, həmin hesabla cavabdeh ona 2436 manat pensiyanı ödəməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı 2020-ci ilin oktyabr ayından başlayaraq qanunsuz pensiyadan tutulmuş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsi və ona əlavə ilə eynilik təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 7 il 4 ay 27 gün dövlət qulluğuna görə əmək pensiyasının hesablanması üçün qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 24,43 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01.03.2018-ci ildən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 328.75 manat, qulluq stajına görə vəzifə maaşının 10% miqdarında əlavəsi – 32.88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65.00 manat, hakimiyyət səlahiyyətlərinə görə maaşın 15% miqdarında əlavəsi – 49.31 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 40.73 manat olmaqla orta aylıq əmək haqqı 516.67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01.03.2018-ci tarixinədək vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (475.42 manat) 01.03.2018-ci ildən sonrakı orta aylıq əmək haqqı (516.67 manat) arasındakı fərq məbləğinin (41.25 manat) 24,43%-i – 10,08 manat 01.03.2018-ci ilədək hesablanmış pensiyanın (232.95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 243.03 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixlər arasındakı dövr ərzində ona hər ay 375.26 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2380.14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01.09.2019-cu ildən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 494.58 manat, qulluq stajına görə vəzifə maaşının 10% miqdarında əlavəsi – 49.46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65.00 manat, hakimiyyət səlahiyyətlərinə görə maaşın 15% miqdarında əlavəsi – 74.19 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 61.22 manat olmaqla orta aylıq əmək haqqı 744.45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01.09.2019-ci tarixinədək vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (516.67 manat) ilə 01.09.2019-cu ildən sonrakı orta aylıq əmək haqqının (744.45 manat) arasındakı fərq məbləğinin (227.78 manat) 24,43%-i – 55.65 manat 01.09.2019-cu ilədək hesablanmış pensiyanın (243.03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 298.68 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.08.2020-cu il tarixləri arasındakı dövr ərzində ona 473.79 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2101.32 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.12.2013-31.08.2020-ci il arasındakı dövr ərzində ümumilikdə 10767.21 manat artıq pul vəsaitinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar yazılı razılığın qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “düzgün hesablamama nəticəsində pensiyasında yaranmış fərqin və qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtnina edilmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə mürcaiət etmiş və onun iddiası qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin iddiaçının artıq təyin edilmiş pensiyasından tutmaları icra etməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərarında qeyd olunanlarla bağlı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əvvəla hazırki işə apellyasiya qaydasında baxılarkən müəyyən edildi ki, iddiaçının pensiya işi birinci instansiya məhkəməsi tərəfindən tələb edilməmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı cavabdeh inzibati orqandan iddiaçının pensiya işi tələb edilmiş və həmin pensiya işi nəzərdən keçirilərkən məlum olmuşdur ki, iddiaçıya 10.10.2013-cü il tarixdə ömürlük pensiya təyin edilsə də, sonradan əmək pensiyası 07.09.2020-ci il tarixli qərar əsasında yenidən hesablanmış və nəticədə iddiaçının pensiyasında azaldılma baş vermişdir. Bununla da müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı əslində “onun pensiyasında qanunsuz tutulmanın ona birdəfəlik ödənilməsi” ilə bağlı deyil, “ona təyin edilmiş pensiyanın 07.09.2020-ci il tarixli qərar əsasında yenidən hesablanması”nın mübahisələndirilməsi ilə bağlı olub, tələbi də həmin yenidən hesablanma barədə qərarın mübahisələndirilməsinə yönəlmişdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən, iddiaçıya aid pensiya işini tələb etmədən, iddiaçının istinad etdiyi kimi pensiyasında azaldılmaların nə ilə bağlı olduğunu araşdırmadan, bu azaldılma ilə bağlı pensiyasının yenidən hesablanmasına dair ayrıca qərarın qəbul edilib-edilmədiyini aydınlaşdırmadan, belə qərarın mövcud olduğu halda isə iddiaçının məhz həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbini qoymaqla daha uğurlu iddia növündən istifadə edə biləcəyini, bununla da istədiyi məqsədə daha tez çata biləcəyini nəzərə almadan verilmiş tələbə mahiyyəti üzrə baxaraq nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunubolunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 27.10.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2954/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-984/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-984/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver