Məhkəmə qərarları › İş №2-1(103)-985/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-985/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-985/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: "xxxx" X3, “X5” MMC və "xxxx" MMC) qarşı “çıxarışa dair qeydin və texniki pasportun qismən ləğv olunması və mənzilin mülkiyyətə verilməsinə dair müvafiq qeydin aparılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 (“EİM”) məxsus xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa dair qeydin və texniki pasportun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə nisbətdə ləğv edilməsi və mənzilin onun mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Kazımovski küçəsi, bina 54-56, blok A, mənzil 64 ünvanında yaşayır. Həmin mənzili 05 avqust 2013-cü il tarixdə “X5" MMC ilə aralarında bağlanmış GZEİM-A-64/2013 saylı müqavilə ilə əldə etmişdir. Həmin müqavilənin birinci bölməsindən göründüyü kimi “X5" MMC, "xxxx" MMC tərəfindən ona verilmiş 10 iyul 2013-cü il tarixli etibarnamə əsasında "xxxx" EİM tərəfindən tikilən binada yerləşən mənzili iddiaçıya satmışdır. "xxxx" EİM xx.xx.2021-ci il tarixdə iddiaçının və ailə üzvlərinin 64 saylı mənzildən köçürülməsi və mənzilin boşaldılması tələbi barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə isə iddianın həcminin artırılmasına dair ərizə verərək ilkin iddia tələbi ilə bərabər 05 avqust 2013-cü il tarixdə “X5” MMC ilə İddiaçı arasında bağlanmış GZEİM-A-64/2013 saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsası kimi, "xxxx" EİM Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etməyə imkan verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli. RX ******* nömrəli çıxarışı göstərmişdir. İddiaçı hesab edir ki, həmin çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, "xxxx" EİM qeyd olunan mənzilin “X5” MMC tərəfindən müvafiq müqavilə ilə satılmasından xəbərsiz olduğunu bildirsə də, mübahisə predmeti olan binanın mənzillərinin yarısının “X5” MMC tərəfindən satılması, bununla bağlı “Zaman" EİM ilə “X5” MMC arasında müqavilənin və müvafiq etibarnamənin mövcud olmasından bina sakinlərinin əksəriyyətinin məlumatı olmuşdur. Əks halda binaya ümumi nəzarəti həyata keçirən "xxxx" EİM 8 ildən artıq müddətdə həmin vətəndaşların mənzilləri təmir edib məskunlaşmasına, orada yaşamasına imkan verməzdi. Eyni zamanda bu sakinlər, eləcə də İddiaçı mütəmadi olaraq kommunal ödənişlər etmiş və "xxxx" EİM həmin mənzildə yaşamalarına dair arayışlar əldə edərək müvafiq orqanlara təqdim etmişdir. “Zaman" EİM mənzillərin “X5" MMC tərəfindən satılmasından xəbərdar olmuş və hərəkətsizlik nümayiş etdirməklə razılığını bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çııxarış və texniki pasportun 64 saylı mənzilə münasibətdə ləğv edilməsini və ona həmin mənzilə dair müvafiq çıxarış və texniki pasport verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli, **********24 nömrəli məktubu ilə onun tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, 64 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində "xxxx" EİM adına qeydiyyata alınmışdır. Həmin mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında da imtina məktubunda göstərilən həmin əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Daşınmaz əmlakın dövlət reyestrindən 64 saylı mənzilə dair Zaman” EİM-yə verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarış qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir. Belə ki, "Zaman” EİM qeyd olunan mənzilin “X5" MMC tərəfindən müvafiq müqavilə ilə satılmasından xəbərsiz olduğunu bildirsə də. mübahisə predmeti olan binanın mənzillərinin yarısının "X5" MMC tərəfindən satılması, bununla bağlı “Zaman" EİM ilə "X5" MMC arasında müqavilənin və müvafiq etibarnamənin mövcud olmasından bina sakinlərinin əksəriyyətinin və "xxxx" EİM rəhbərliyinin məlumatı olmuşdur. Əks halda, binaya ümumi nəzarəti həyata keçirən "xxxx" EİM 8 ildən artıq müddətdə bizim mənzilləri təmir edib məskunlaşmamıza, orada yaşamağımıza imkan verməzdi. Eyni zamanda bu sakinlər, eləcə də, o, mütəmadi olaraq kommunal ödənişlər etmiş və "xxxx" EİM-dən həmin mənzildə yaşamalarına dair arayışlar əldə edərək müvafiq orqanlara təqdim etmişdir. Həmçinin o, müqavilə üzrə qeyd olunan mənzil üçün 8000 (səkkiz min) manat ödəniş etmişdir. Yuxarıda sadalananlar bir daha onu göstərir ki, "xxxx" EİM, İddiaçı 2013-cü ildə mübahisə predmeti olan mənzilin satılmasına dair müqavilədən xəbərdar olmuş və razılıq vermişdir, əks halda isə həmin vaxt etirazını bildirməklə həmin müqavilənin mövcudluğunu müəyyən edib mübahisələndirməli idi. Bundan əlavə. "xxxx" EİM “X5" MMC ilə aralarında olan müqavilənin ləğv edilməsinə dair iddia qaldırmaması və ya sübut təqdim etməməsi müqavilənin qüvvədə olduğunu təsdiq edir. Məsələ ilə bağlı bildirməliyik ki, həmin müqavilə əsasında adıçəkilən mənzil “X5” MMC tərəfindən ona satılmış və tələb etmə hüququ "Zaman” EİM-ə deyil, “X5” MMC-ə məxsusdur. İndiki halda belə bir tələb mövcud deyil və tələb üzrə iddia müddət ötürüldüyündən tələb etmə hüququ aradan qalxmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş üzrə təqdim olunan sübutlar düzgün qiymətləndirilməmiş, araşdırma hərtərəfli və tam aparılmamış, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il. 2- 1(112)-4771/2022 nömrəli qərarı ləğv edilməli və tərəfindən irəli sürülən iddia təmin olunmalıdır... Məhkəmə kollegiyasının 25 may 2023-cü il tarixli iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda, mübahisəli mənzillə bağlı üçüncü şəxslə aralarında danışıqlar getdiyini bildirmiş, lakin hazırkı günə qədər ötən dörd ay müddətində bununla bağlı məhkəməyə hər hansı məlumat verilməmiş, hazırkı məhkəmə iclasının da teleqram vasitsə ilə təxirə salınmasını xahiş etsə də, üzürlü səbəblərini əsaslandırmamış, müvafiq sübutlar da təqdim olunmamışdır. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının həmin iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, mübahisəli mənzillə bağlı idarə tərəfindən üçüncü şəxsin adına aparılmış qeydiyyatın qanuni əsaslarla aparıldığını və müvafiq texniki pasportun tərtib edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası vasitəsilə "xxxx" EİM-ə məxsus xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarış üzrə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə dair reyestr qeydinin və müvafiq texniki pasportun ləğv edilməsini və həmin mənzilə onun mülkiyyət hüququnun reyestrdə qeydinin aparılması və zifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlilərindən göründüyü kimi, o, mübahisəli mənzilə müqavilə əsasında “X5” MMC tərəfindən ona satıldığını, mənzili ondan tələbetmə hüququnun "Zaman” EİM-ə deyil, “X5” MMC-ə məxsus olduğunu, iddia müddəti ötürüldüyündən isə bu hüququn da aradan qalxdığını bildirərək hesab edir ki, iddiasının rədd olunması ilə razılaşmayraq mübahisələndirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. İş materiallarından görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsində, ATS-in qərbində müvafiq qaydada tikinti üçün ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin (tərəfdaş) sifarişi və maliyyə vəsaiti hesabına "xxxx" EİM tərəfindən çoxmərtəli yaşayış binasının inşası məqsədilə xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci hissəsinə əsasən "xxxx" EİM aşağıdakıları öhdəsinə götürmüşdür: “- müqavilənin 1-ci bəndində göstərilən ünvanda tikinti üçün torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının alınması; - tikinti-quraşdırma işlərinin həyata keçirilməsi; - müqavilənin digər bəndlərində nəzərdə tutulan öhdəliklərin tam yerinə yetirilməsi. "xxxx" MMC-nin isə müqavilə öhdəlikləri isə aşağıdakılardan ibarətdir: - müqavilənin 1-ci bəndində göstərilən ünvanda çoxmərtəbəli yaşayış binasının inşasının maliyyələşdirilməsi; -layihə-smeta sənədlərinin müvafiq qaydada hazırlanması, razılaşdırılması, dövlət ekspertizasından keçirilməsi və təsdiqi; - tikinti-quraşdırma işlərinin başlanmasına icazənin və digər tələb olunan sənədlərin müvafiq qaydada alınması; - obyektin müvafiq qaydada istismara qəbul olunmasının təmin edilməsi.” Eyni zamanda, həmin müqavilə ilə tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - birgə fəaliyyət üçün istifadə edilən əmlak, o cümlədən həmin fəaliyyət çərçivəsində yaradılan daşınmaz əmlak bu müqavilədə ayrı qayda nəzərdə tutulmadığı hallarda "xxxx" MMC-nin mülkiyyətini təşkil edir(3.1); - tərəflərin biri digərinin əmlakından istifadəsi ümumi razılıq əsasında həyata keçirilir (3.2); -birgə fəaliyyət nəticəsində inşa olunan yaşayış binasının sahəsi hazırkı müqavilənin 1 saylı əlavəsində göstərilən surətdə bölüşdürüləcəkdir (5.1). Həmin müqavilənin 1 saylı əlavəsində isə göstərilmişdir ki, inşa olunan iki bloklu yaşayış binasının sahəsinin müqavilənin 5.1-ci bəndinə əsasən bölünür, “A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv. metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə "xxxx" MMC-nin, müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra mülkiyyət hüququ əldə edir, binanın yerdə qalan sahələrinə isə "xxxx" EİM mülkiyyət hüququnu qəbul və təsdiq edir (“A” blokunda yaşayış sahəsi 102.02 kv.metr olan 64 saylı mənzilin "xxxx" MMC-yə keçən mənzil olduğu işin mübahisələndirilməyən halıdır) Eyni zamanda, işdə olan “X5” MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqavilə bağlanmışdfr. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, icraçının sifarişçi ilə tikintisini razılaşdığı yer, 19 mərtəbəli, 2 bloklu bina, “A” bloklu, 14-cü mərtəbə, 64 nömrəli mənzil olmaqla, razılaşma qiyməti ümumi dəyəri 73500 manat, ümumi satış sahəsi 102.02 kv.metr, 2 otaqdan ibarət mənzildir. Həmin müqavilənin 3-cü bəndinə əsasən “İcraçı" aşağıdakıları öhdəsinə götürmüşdür: -müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək və tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün Sənədlərini “Sifarişçi”yə təhvil vermək; Həmin müqavilə ilə “sifarişçi" isə öhdəsinə aşağıdakıları götürmüşdür: -bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “İcraçı"ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini "xxxx"nın tələbinə uyğun hazırlayıb təqdim etmək, Sənədləşmə zamanı yaranacaq bütün notarial və digər xərcləri ödəmək. Tədqiq olunan xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqavilə şərtlərindən göründüyü kimi, məzmunu və mahiyyəti, eləcə də hüquqi təbiəti baxımından, faktiki olaraq həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi nəzərə alınmaqla podrat müqaviləsinin məzmununa uyğun gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin qeyd olunan 178.8-ci maddəsi isə nəzərdə tutur ki, Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Qeyd olunmalıdır ki, konkret halda, yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil əldə etmək istəyən iddiaçı, bu arzusunu reallaşdırarkən binanı inşa edən "xxxx"nı MTK və ya MMC olmasını fərqləndirməmiş, dolayısı ilə kooperativ üzvülüyünə qəbul olunmaq niyyəti ilə hərəkət edərək, mənzilə olan ehtiyacının öz vəsaiti hesabına ödənilməsi üçün həmin ünvanda inşa edilən binada yerləşən mənzilin tikilməsində iştirak etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən ünvanda yeni inşa edilən çoxmənzilli yaşyış binasında yerləşən 64 saylı mənzil, MTK binasında yerləşən mənzil kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, bu istiqamətdə artıq məhkəmə təcrübəsi də formalaşmışdır. Konkret halda, işin qeyd olunan faktiki hallarından da göründüyü kimi, icraçı tərəfindən faktiki olaraq mənzil tikilib sifarişçiyə (iddiaçıya) təhvil verilsə də, sonuncu tərəfindən onlar arasında bağlanmış müqavilə üzrə ödəməli olduğu 73500 manat dəyərində pay haqqından cəmi, 8000 manatı məbləği ödənilmiş, 65500 manatı ödənilməmiş qalmışdır ki, bu da iddiaçı tərəfindən apellyasiya şikayətində mübahisələndirilmir, etiraf olunur. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İddiaçı tərəfindən isə qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, onun özü də apellyasiya şikayətində etiraf etdiyi kimi, mənzilin dəyərindən cüzi bir qismini (8000 manat) ödəmin, yəni pay haqqını tam ödəməmişdir ki, bu da onun həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və müvafiq texniki pasport tərtib olunmasını istisna edir. Həmin mənzilə (64 saylı) mənzilə dair üçüncü şəxs "xxxx" EİM-nin adına aparılan qeydiyyata gəldikdə, cavabdeh orqan tərəfindən bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İş materialları üzrə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 13 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə ünvan 3 ünvanda "xxxx" Elmiİstehsalat Müəssisəsinə ayrılmış ərazidə körpü və yeraltı tunelin tikintisi ilə əlaqədar tikintisi nəzərdə tutulan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 295 saylı sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, 3123-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə həmin müəssisəyə ayrılmış torpaq sahəsində mövcud olan binaların (2 ədəd 1 qirişli) şərq hissəsində inşa olunaraq (1 ədəd 2 qirişli), onun həyətyani ərazisinin yaradılması, kommunal və mühəndisi qurğularının tikintisi məqsədilə əraziyə bitişik torpaq sahəsinin "xxxx" EİM-in icarə əsasında istifadəsinə verilməsi və torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək “0,8916 ha” müəyyən edilməsi qərara alınmışdır. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamına əsasən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 45 saylı müraciəti (BŞİH-nin xx.xx.2015-ci il tarixli, 7-4299/17 saylı qeydiyyatı) və sonradan iş qaydasında təqdim edilmiş tikinti sənədləri nəzərə alınaraq, Bakı şəhəri, ünvan 4 ünvanda "xxxx" Elmi- İstehsalat Müəssisəsinin sifarişi ilə, tikintisi qeydiyyatdan keçirilmədən və tikintiquraşdırma işlərinin aparılmasına icazə sənədi alınmadan 2008-2011-ci illərdə inşa olunmuş və istismara qəbul edilmədən artıq məskunlaşdırılmış 19 (+mansarda) mərtəbəli 2 girişli yaşayış binasının (1- ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) müstəsna hal kimi mövcud vəziyyətdə istismarına icazə verilmiş və «Tikinti obyektinin istismarına icazənin vahid formasının» təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetipin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. Eyni zamanda, xx.xx.2015-ci il tarixli 0027 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, sifarişçi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşayış binasının istismarına xx.xx.2015-ci il tarixdən icazə verilmişdir. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, xx.xx.2018-ci ildə "xxxx" EİM-ə ünvan 5 ünvanında yerləşən 22821 kv.metr sahəsi olan çoxmərtəbəli yaşayış binasına dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsində “A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv. metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə "xxxx" MMC-nin müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra "xxxx" MMC-nin mülkiyyətini təşkil edəcəyi göstərilsə də, işdən müəyyən olunur ki, həmin əmlaka "xxxx" MMC-nin deyil, "xxxx" EİM-in mülkiyyət hüququ qeydə alınmış, "xxxx" MMC tərəfindən bu hal mübahisələndirilməmişdir. Göründüyü kimi, 64 saylı mənzil qanuni əsaslarla üçüncü şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçı isə konkret halda, 64 saylı mənzilə dair "xxxx" EİM-nin adına aparılmış qeydiyyatın və tərtib olunmuş texniki pasportun ləğv edilməsini tələb edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, onun tərəfindən həmin mənzilin dəyərini tam ödəmədiyi halda mənzilə mülkiyyət hüququ yaranmasından söhbət gedə bilməz. Belə olan halda da o, 64 saylı mənzilə dair "xxxx" EİM-nin adına aparılmış qeydimyyatın və tərtib olunmuş texniki pasportun ləğv edilməsini tələb etməkdə haqlı hesab ooluna və hüquqları pozulmuş hesab edilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işdə olan sübutlarla və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların düzgün qiymətləndirilmədiyini, araşdırmanın hərtərəfli və tam aparılmadığını, maddi və prosessual hüquq normaları pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar