Məhkəmə qərarları › İş №2-1(103)-985/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-985/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-985/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «çıxarışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********13 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış mərtəbə planı ərizəyə əlavə edilməmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “llkin-Y" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.3-cü maddəsinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi təqdim edilməlidir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-02/2-F-0016-8/2022 saylı xx.xx.2023- cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işı icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair həı hansı huquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əvvəl daxil olmuş eyniməzmunlu müraciətə xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

3. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 021 saylı protokoldan çıxarışa əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmişdir. İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilən 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilmişdir.

4. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci girişinin 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə görə İddiaçı kooperativə borcu yoxdur.

5. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş İM-16/22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanda tikilən 12 mərtəbəli yaşayış binasının mansardında, ümumi sahəsi 167 kv.m olan faktiki mənzilə işıq xəttinin çəkilməsinə etiraz edilməmişdir.

6. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş İM-17/22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı məxsus ünvan 2 ünvanda tikilən 12 mərtəbəli yaşayış binasının mansardında, ümumi sahəsi 167 kv.m olan faktiki mənzilə su xəttinin çəkilməsinə etiraz edilməmişdir.

7. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş İM-18/22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanda tikilən 12 mərtəbəli yaşayış binasının mansardında, ümumi sahəsi 167 kv.m olan faktiki mənzilə qaz xəttinin çəkilməsinə etiraz edilməmişdir.

8. Bakı Şəhər İcra Hakimiyyətinin 523 saylı xx.xx.2014-cü il tarixli Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 3152-3156-cı məhəllədə inşa olunmuş yaşayış və qərargah binasının mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında sərəncama əsasən Azərbaycan Sosial Rifah Partiyasının ünvan 3 ünvandakı 12 mərtəbəli (+ mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3.30 m səviyyəsində zirzəmi və - 6.60 m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir.

9. Bakı Şəhər İcra Hakimiyyətinin 523 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktına əsasən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 3152- 3156-cı məhəllədə 12 mərtəbəli (+ mansarda) 1 girişli yaşayış və qərargah binası (1 və 2-ci mərtəbələri partiya qərargahı, - 3,30 m səviyyəsində zirzəmi və - 6,60 m səviyyəsində qaraj) istismara qəbul edilmişdir.

10. Azərbaycan Sosial Rifah Partiyası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 saylı xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Yasamal rayonunun Şərifzadə küçəsindəki 3152- 3156 saylı məhəllələrində sifarişçinin qərargah binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq ərazidə 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi, sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları podratçının xeyrinə güzəşt etməyi öz öhdəsinə götürmüşdür.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********019700 saylı xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin təsis sənədlərinin surəti təqdim edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 12117/2023 **********17 saylı xx.xx.2023-cü il tarixli məktubla ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansardında) ümumi sahəsi 167 kv.m olan qeyri-yaşayış sahəsinin (mənzilin) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən binaya dair tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “"xxxx" MTK-nın ümumi yığıncağının qərarı ilə payçı qəbul edildiyi ünvan 5 ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 167.0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Sosial Rifah Partiyası üçün ünvan 6 ünvanında 12 mərtəbəli, (+mansard) yaşayış və qərərgah binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Aralarında bağlanmış 03 iyul 2006-cı il müqavilə üzrə razılaşmış qaydada binanın 2-ci mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına və digər mənzillər isə paylara müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Həmin binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmişdir. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərərəfındən cavabdehə təqdim olunmuşdur. 05 noyabr 2009-cu ildə "xxxx" MTKnın Yasamal rayonu Şərifzadə küçəsi 3152-3156-cı məhəllədə tikdiyi 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kvadrat metr olan qeyri yaşayış sahəsinə payçı olaraq həmin MTK-ya üzv qəbul olmuşdur. "xxxx" MTK-nın Yasamal rayonu Şərifzadə küçəsi 3152-3156-cı məhəllədə tikdiyi 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ona məxsus ümumi sahəsi 167,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) pay haqqını tam ödəmişdir. Halhazırda həmin sahə mənzil kimi sərəncamında olmaqla su, işıq və qazdan istifadə edir. 05 mart 2021-ci il tarixdə sözugedən qeyri-yaşayış sahəsinə (mənzilə) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti **********13 saylı 15 aprel 2021-ci il tarixli cavab məktubunda sözügedən mənzilin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış mərtəbə planının ərizəyə əlavə olunmadığı, Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərildiyi, həmin çoxmərtəbəli binanın "xxxx" Mənzil- Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2.3-cü maddəsinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrin) texniki pasportu, planı-cizgisi təqdim edilməli olduğunu qeyd etmişdir. Sözügedən binanın razılaşdırılmış mərtəbə planı Dövlət qəbul komissiyasının xx.xx.2014- cü il tarixli tikintisi başa çatmış binanın istismara qəbul aktında öz təsdiqinin tapdığını, "xxxx" Məhdud Məsuliyytli Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilməsi və hüquqi varisi olması barədə məlumatın yəni, "xxxx" Mənzil Tikinti Kooperativin «Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı»nın surətinin cavabdehdə olmasını və texniki pasportunun cavabdeh orqan tərəfindən verilən sənədin olduğunu nəzərə alaraq cavabdehə 28 noyabr 2022-ci il tarixdə təkrar müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 3-21-0212-7- 0016-8/2022 saylı, 11 yanvar 2023-cü il tarixli cavab məktubunda Bakı Şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi Azərbaycan Sosial Rifah Partiyası, podratçı "xxxx" Məhdud Məsuliyytli Cəmiyyəti göstərildiyi, həmin çoxmərtəbəli binanın "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi və məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin dövlət reyestrinin xx.xx.2009-cu il tarixli **********433000 nömrəli «Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış»ında "xxxx" MMCnin "xxxx" MTK-ya çevrilməsi ilə əlaqədar "xxxx" MMC-nin hüquqi varisliyi "xxxx" MTKya keçdiyi öz təsdiqini tapmışdır. Həmin «çıxarış»ın surəti cavabdehdə var. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsin 3-21-0212-7-0016-8/2022 saylı, 11 yanvar 2023-cü il tarixli cavab məktubu əsassız hesab edilməli və ona məxsus olan qeyd olunan qeyri-yaşayış sahəsinin (mənzilin) dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

15. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər və qeyri-yaşayış sahəsinin razılaşdırılmış mərtəbə planı təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarışçı və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbində qeyd edilən mənzil yaşayış sahəsi kimi dəyişdirilmişdir.

17. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “ünvan 8 ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 167,0 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir.

20. Bundan əlavə mənzilin dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tam şəkildə ödənilmişdir. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan sahənin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin (Azərbaycan Sosial Rifah Partiyası) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarışçı və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin yerləşməsi düzgün müəyyən edilməmiş, qeyri-yaşayış sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

25. İddiaçının vəkili (nümayəndəsi) Vəkil ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

29. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2018-ci il tarixli 529 nömrəli Fərmanının: 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2018-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2018-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; 1.2 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

34. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

35. İşin hallarından müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 021 saylı xx.xx.2009-cu il tarixli protokoldan çıxarışa (notarial təsdiq edilmiş surəti 2-ci cild 34-cü səhifədə) əsasən İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilmişdir.İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156 məhəllədə tikilən 1 girişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində (mansard), ümumi sahəsi 167,0 kv.m olan qeyri-yaşayış sahəsinə payçı qəbul edilmişdir.

36. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də cavabdeh inzibati orqan tərəfindən müraciəti istismara icazə sənədində tikinti obyektınin sahibinin (sifarışçisi) Azərbaycan Sosial Rifah Partiyası göstərilməsini, qeyd olunan ünvanda yerləşən yaşayış binasının "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsini təsdiq edən sənədlər olmadığından qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqununun qeydiyyatının aparılması təmin edilməmişdir.

37. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Bundan əlavə qeyri-ya.şayış sahəsinin dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tam şəkildə ödənilmişdir. (Maliyyə arayışının notarial təsdiq edilmiş surəti 2-ci cild 33-cü səhifədə)

38. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan qeyri-yaşayış sahəsi yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin (Azərbaycan Sosial Rifah Partiyası) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür.

39. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir.

40. İş materiallarından müəyyən olunur ki, çoxmənzilli bina xx.xx.2014-cü il tarixdə istismara qəbul edilmişdir.İstismara qəbul Aktında mərtəbələrin sayı 12+mansard göstərilmişdir.( 1-ci cild 20-21-cü səhifədə)

41. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisini həyata keçərən qurumun təşkilatı hüququ forması, binanın yerləşdiyi torpaq sahəsi üzərində həbsin olması iddiaçının dəyərini ödəməklə əldə etdiyi və faktiki istifadəsində olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsas ola bilməz.

42. Bundan başqa apellyasiya baxışı cavabdehə məhkəmə sorğusu göndərilərək mübahisəli yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı çıxarış və məlumatların məhkəməyə təqdim olunması tələb olunmuşdur.

43. Təqdim edilən sənədlərdən və məlumatdan həmin binada 28 daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması ilə bağlı çıxarış verildiyi müəyyən edilmişdir.

44. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

45. Beləliklə, həmçinin, yuxarıda göstərilənlərə əsasən tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi ilə bağlı apellyasiya şikayətinin əsassız olduğu müəyyən edilir.

46. Apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin yerləşməsi düzgün müəyyən edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri baxımından iddiaçının təqdim etdiyi plansxem üzrə qeyri-yaşayış sahəsinin naturada düzgün yerləşib-yerləşməməsi, həmçinin 3-cü şəxslərə məxsus sahələrlə üst-üstə düşüb-düşməməsi və.sair baxımından məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndistexniki ekspertizası təyin olunmuşdur.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6625 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Həmin ekspert rəyi ilə müəyyən olunmuşdur ki: - Qərardadın birinci - üçüncü sualları üzrə: ünvan 8 ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 167 kvadrat metr olan sahənin faktiki vəziyyətdə təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin sahədə mebellərin, avadanlıq və aksesuarların quraşdırılmaması və hər hansı formada (yaşayış sahəsi və ya qeyriyaşayış sahəsi kimi) faktiki vəziyyətdə istifadə olunmaması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü bəndinə və AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normalarına əsasən, mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. -Qərardadın üçüncü və dördüncü sualları üzrə: ünvan 8 ünvanında tikilmiş 12 mərtəbəli binanın mansardında ümumi sahəsi 167 kvadrat metr olan sahədə naturada faktiki vəziyyətdə ayrı-ayrı tikililərinin (sanitar qovşağları, otaqlar zal və.s.) planlı yerləşməsinin və ölçüsünün (sahəsi) iş materiallarında olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayon Şərifzadə küçəsi 3152-3156 məhəllədə tikilən birgirişli 12 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin (mansard) sahəsinin ümumi sxeminə uyğun olduğu, 3-cü şəxslərin yaşayış və ya qeyri-yaşayış sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

48. Beləliklə, tətbiq edilən hüquq normalarına və Bu Qərarın 35, 37, 40, 42, 43, 47-ci bəndlərində işin müəyyən olunmuş hallarına əsaslanaraq məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

49. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6621/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar