Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-985/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatdadır.
2. İddiaçının əmək kitabçasının surətinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək 16 nömrəli TPQU-da təhsil almışdır. xx.xx.1974-cü il tarixdə Bakı şəhər İcraiyyə komitəsi nəzdində “Bakı Baş Tikinti İdarəsi” yüksək mərtəbəli bina tikinti tresti 304 nömrəli tikinti idarəsinə 3-cü dərəcə ilə rəngsaz-malakeş qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 1 №-li Trestin 15 №-li Tikinti İdarəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilir. xx.xx.1975-ci il tarixdə 1 №-li Trestin 15 №-li Tikinti İdarəsinə 3-cü dərəcə ilə rəngsaz qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə verdiyi ərizə əsasında öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1976-cı il tarixdə M.Əzizbəyov adına Sumqayıt xlorüzvi məhsullar zavodu 8 №-li sexə 3-cü dərəcə ilə soyutma aparatçısı qəbul edilmişdir. xx.xx.1976-cı il tarixdə Sovet Ordusuna getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixədək Azərbaycan Xüsusi Təmir-Tikinti İdarəsində müxtəlif sahələrdə 3-cü dərəcəli rəngsaz işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Ust-İlimsk tikinti idarəsində 3-cü dərəcəli malakeş-rəngsaz, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bratsk Hidro-elektrik stansiyası tikintidə boru kəməri çəkmə üzrə 3-cü dərəcəli fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980- cı il tarixədək fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək “Bratsk Su-tikinti” Tresti 7 nömrəli PMK-da müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra işdən azad olunma haqqında qeyd etibarsız hesab edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan xüsusiləşdirilmiş “Metallurqtəmirmərkəzi” trestində elektrik qaynaqçısı işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Zeytun” aqrofermasında¸ xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Bilgəh Zəfəran” sovxozunda xarrat vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdə "xxxx" şirkətinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə “Bilgəh Zəfəran” sovxozuna su çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 iyun 2024-cü il tarixli, 3-21-3/2-9832/2024 saylı məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" Şirkəti barədə hər hansı məlumat yoxdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, idarədə olan reyestrdə "xxxx" şirkəti adlı kommersiya hüquqi şəxsi aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 avqust 2024-cü il tarixli, 3-21-3/2-14420/2024 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı “X3” müəssisəsində əmək fəaliyyətinə dair məlumatların təqdim edilməsinə köməklik göstərilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X3” müəssisəsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 22 avqust 2024cü il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində “Bilgəh-Zəfəran Sovxozu” adlı kommersiya qurumu aşkar edilməmişdir.
7. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon X3nda işləmiş İddiaçı 1995-ci ildə sovxozda işləməsi barədə 3 aylıq (oktyabr, noyabr, dekabr) əmək haqqı siyahısını və onun sovxoza işə qəbul edilməsi barədə 21 nömrəli, xx.xx.1995-ci il tarixli əmr ilə əmrin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. X2 sovxozunun 1998-ci ilə dair sənədlərinin Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi bildirilmişdir.
8. X3 üzrə 21 saylı, xx.xx.1995-ci il tarixli əmrinə əsasən iddiaçı işə qəbul edilmişdir.
9. İddiaçıya Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından (xx.xx.2018-ci ilə qədər) ərizə təmin edilməmişdir. Tələb edilən faktiki sığorta stajı tamamlanarsa, xx.xx.1992-xx.xx.1997-ci illər araşdırıldıqdan sonra pensiya hüququna baxılacaqdır.
10. Cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi” haqqında qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. Cavabdehin xx.xx.2024-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarının qeyd hissəsində göstərilmişdir ki, monitorinq araşdırması əsasında xx.xx.1995-xx.xx.1997-ci illəri əhatə edən dövrlər təsdiqini tapmadığından, xx.xx.1995-ci il tarixdə işə qəbul olma tarixi və xx.xx.1997-ci il tarixdə işdən azad olma tarixi bazar gününə təsadüf etdiyindən həmin illərin sığorta stajına daxil edilməsi qanuna müvafiq sayılmır. Faktiki staj 23 il 4 ay 5 gün. Tələb olunan sığorta stajı pensiya kapitalı olmadığı üçün xx.xx.2023-cü il tarixli qərar ləğv edilir. xx.xx.2022- xx.xx.2024-cü il tarixədək 4769,36 manat artıqvermə sosial müavinət ödənişində nəzərə alınsın.
12. Cavabdehin xx.xx.2024-cü il tarixli “Sosial müavinətlər üzrə” qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş, qərarda qeyd olaraq göstərilmişdir ki, xx.xx.2022-xx.xx.2024 dövr üzrə yaşa görə müavinət hüququ olduğundan ödənilməmiş məbləğ ödənilsin. Müavinətin ödənişində xx.xx.2024 tarixli pensiya qərarı nəzərə alınsın.
13. Cavabdehin 10 may 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə xx.xx.2022-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən dayandırılmış əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. O, əmək fəaliyyətinə başladığı müddətdən halhazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı tamam olduqdan sonra xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, yaşa görə əmək pensiyasının verilməsi dayandırılaraq, əmək pensiyası sosial müavinətlə əvəz edilmişdir. O, xx.xx.2022-ci il tarixdən, yəni 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı əmək kitabçasının surətində qeyd edilmiş X3nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən sözügedən dövrün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3T-51/2024 saylı məktubuna əsasən Bilgəh şirkətinin xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan arxiv sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyindən əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən ona imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
17. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti üzrə imtina məktubu ünvanlanmışdır. İddiaçının əmək kitabçasında bir sıra saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. Belə ki: X3nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə xx.xx.2024-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının həqiqətən xx.xx.1995-ci il tarixində X3nda işə qəbul edilməsi faktı öz təsdqini tapmışdır. Bu iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının həmin dövrə aid olan əmək haqqı cədvəllərinin saxlanmaması isə iddiaçının təqsiri deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2024-cü il tarixindən dayandırılmış əmək pensiyasının həmin dövrdən bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçının arxiv sənədində xx.xx.1995-ci il tarixdə X3nda işə qəbul edilməsi faktı öz təsdiqini tapması və qeyd ediilən illərin əmək kitabçasında qeyd edilməsi nəzərə alınaraq iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı əmək kitabçasında bir sıra saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. Belə ki, X3nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı).
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
32. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
33. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
34. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (Həmin Qanunun 27.1-ci, 29.1-1-ci maddəsi)
35. Həmçinin, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
36. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
37. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
38. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.
39. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
40. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi” haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
41. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyasının təyin edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü ildən hesablanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli “Sosial müavinətlər üzrə” qərarına əsasən iddiaçıya yaşa görə müavinət təyin edilmiş, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir.
42. İddiaçı cavabdehə müraciət edərək ona əmək pensiyasının dayandırılmış tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona imtina edilərək iddiaçının xx.xx.1995-xx.xx.1997-ci illəri əhatə edən dövrlər təsdiqini tapmadığından, xx.xx.1995-ci il tarixdə işə qəbul olma tarixi və xx.xx.1997-ci il tarixdə işdən azad olma tarixi bazar gününə təsadüf etdiyindən həmin illərin sığorta stajına daxil edilməsi qanuna müvafiq sayılmadığı bildirilmişdir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
44. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, iddiaçının X3nda işə qəbul edildiyi və işdən azad edildiyi günlər bazar gününə təsdadüf etmişdir. Həmçinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna istinad edilmişdir. Halbuki həmin məktubda Bilgəh şirkətinin sənədlərinin saxlanması üçün dövlət arxivinə verilmədiyi, lakin iddiaçının X3nda 1995-ci ilin oktyabr və noyabr ayları aylarında 13915 manat əmək haqqı aldığı qeyd edilmişdir.
45. Həmçinin, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçının arxiv sənədində xx.xx.1995-ci il tarixdə X3nda işə qəbul edilməsi faktı öz təsdiqini tapması və qeyd ediilən illərin əmək kitabçasında qeyd edilməsi nəzərə alınaraq iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı əmək kitabçasında bir sıra saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. Belə ki, X3nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda göstərilənlərdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə sorğusu əsasında isə Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının 1995-ci ildə sovxozda işləməsi barədə 3 aylıq (oktyabr, noyabr, dekabr) əmək haqqı siyahısı və onun sovxoza işə qəbul edilməsi barədə 21 nömrəli, xx.xx.1995-ci il tarixli əmr məhkəməyə göndərilmişdir.
47. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının həqiqətən xx.xx.1995-ci il tarixində X3nda işə qəbul edilməsi faktı öz təsdqini tapmışdır. Bu iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının həmin dövrə aid olan əmək haqqı cədvəllərinin saxlanmaması isə iddiaçının təqsiri deyildir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
49. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
50. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.
51. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9883/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.