Məhkəmə qərarları › İş №2-1(103)-986/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-986/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-986/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və həbrbi xidmətə qəbul olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9667/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş cavabdehin xx.xx.2019- cu il tarixli 0119 nömrəli əmr qanunsuzdur. Çünki həmin inzibati akt qəbul edilən zaman iddiaçının evli, himayəsində iki azyaşlı uşağının olması, ali hərbi təhsili, 12 il 05 ay 22 gün hərbi xidmət illəri, hərbi xidməti zamanı əldə etdiyi nailiyyətlər, fəxri fərmanlar və medallar, hərbi xidmət zamanı nümayiş etdirdiyi nümunəvi hərbi intizam nəzərə alınmamışdır. İddiaçı barəsində N nömrəli hərbi hissənin komandiri tərəfindən 2 xidməti xasiyyətnamə tərtib olunmuşdur. Bir xidməti xasiyyətnamə cinayət işində təqsirləndirildiyi zaman prokurorluğa və məhkəməyə təqdim olunmuş, digər xidməti xasiyyətnamə isə dəyişdirilmiş formada barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrə dair sənədlərə əlavə edilmişdir. Barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə çox böyük fərq vardır. Bir xidməti xasiyyyətnamədə hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunmuş, digərində isə tam əksidir. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. Barəsində qəbul edilən xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrin çıxarışını və digər sənədləri xx.xx.2022- ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə əldə etmiş və həmin tarixdən sonra həmin əmrin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə bərpa olunması üçün 06 may 2022-ci il tarixində poçt vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət göndərmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9667/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia müddətinin tətbiqi barədə vəsatətin detallarının araşdırmayıb və iddia müddətinin ötürülməməsi barədə dəlillərə münasibət bildirməyib. İddia müddətinin keçməsi nəticəsinə gəlməsinin heç bir dəlillə sübut edilmir. Ona görə də, məhkəmə heç bir qanuni əsas olmadan preyudisiyaya istinad etməyə çalışıb. Halbuki preyudisiya isə faktların müəyyən olunmasını nəzərdə tutur və prosessual hərəkətlər üzrə qərardadlar preyudisiya müəyyən edə bilməz. İşin hallarından görünür ki, inzibati akt alınmamış və ona görə də iddia müddəti başlamamışdır. Məhkəməninin iddia müddətinin keçməsi barədə nəticəsi işin hallarına uyğun deyildir. Belə ki, məhkəmələrə edilməli olan müraciətlərin əsaslı və qanuni olması, o cümlədən iddiaların əsaslandırılması üçün inzibati aktdan məlumatlı olmaq yox, onun nüsxəsini əldə etmək zəruridir və iddia müddətinin tətbiqinin aktın alındığı gündən deyil, məlumatlı olduğu gündən hesablanması qanunsuz və əsassızdır. Bu dövlət orqanlarının qanunsuz aktlarından insanların səmərəli müdafiəsinin qarşısını alır. Halbuki, Konvensiyanın 13-cü maddəsi dövlətlərin üzərinə həmdə insanların hüquqlarının səmərəli müdafiəsinə şərait yaratmaq öhdəliyi qoyur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin izahatı ilə razı olduğunu bildirmiş, eyni zamanda, məhkəmənin verdiyi sualları cavablandırmışdır ki, 2019-cu ildə ehtiyata buraxılmışdır. Sərəncmda idi. İşə çıxmırdı. Müraciət etdi, dedilər ki, məxfidi , əmrə gələndə xidməti xasiyyətnamə ilə tanış olanda oldu. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsini və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyin cavabdehə həvalə edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsini nəzərdə tutur. İşə əlavə olunmuş iddia ərizəsindən isə görünür ki, iddiaçı qanunla müəyyən edilmiş həmin iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ona elan olunduğu və xidmətdən həmin əmrə görə ehtiyata buraxıldığı halda, 3 (üç) il keçdikdən sonra məhkəmədə həmin əmri mübahisələndirilmişdir. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin imperativ tələbinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi nə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. İddiaçının iddia ərizəsində şərh etdiyi hallardan və onun hazırkı məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, xidməti uyğunsuzluğa görə mübahisələndirilən əmrlə ehtiyata buraxılması barədə əmr barədə ona məlumat verilmiş, xidmətdən buraxılarkən barəsində xasiyyətnamə də tərtib olunaraq tanış edilmiş və bu zaman əmr də ona elan edilmiş, hətta həmin əmrin təqdim olunmasını tələb etdikdə məxfi olduğu ona bildirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, ehtifata buraxılması barədə əmr ona elan olunmuşdur. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, bir daha o, hərbi xidmətə buraxılmamış, mülki həyat tərzinə keçirmişdir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “...Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...” İnzibati icraat haqqında Qanunun 67.11-ci maddəsinə əsasən isə maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Eyni zamanda, İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddia müddətinin ötürülməsi, konkret halda iddianın mümkünlüyünü istisna edir. Digər tərəfdən, işə əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından həmçinin görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməyərək iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadında aşağıdkılar qeyd olunur: “...iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir və mövcud qanunvericilik inzibati aktın mübahisələndirilməsi ilə bağlı 1 ay iddia müddəti müəyyən etmişdir. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 4 fevral 2019-cu il tarixli əlverişsiz inzibati aktın (əmrin) mübahisələndirilməsi tələbi ilə iddianı 13 oktyabr 2020-ci il tarixdə, yəni inzibati aktın qəbulundan 1 il 8 ay müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 4 fevral 2019-cu il tarixli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, daşıdığı vəzifəni icra etmədiyi halda xidməti münasibətlərdə digər nəticələrin (işə gəlməməyə, vəzifəni lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur, halbuki, belə nəticə olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı özü də əmrin ona həmin vaxt elan olunmasını inkar etmir və bununla bağlı müəyyən dəlillərlə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi dəlilləri müddətin buraxılmasının üzürlü sayılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı İPMin 24.4-cü maddəsində göstərilən hallara dair heç bir dəlil və sübut bildirnir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməlidir, iddia isə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır...” İddiaçı hətta həmin qərardaddan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Onun həmin qərardan kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 2163/2021 saylı qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “iddiaçı məhkəməyə 1 il 8 ay müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə müraciət etmiş, eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətin ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.” İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanuni qüvvəsini almış məhkəmə qərarılarından da göründüyü kimi, iddiaçı tərəfindən əvvəllər də cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmri buraxılmış və onun tərəfindən iddia müddətinin buraxıldığından iddiası mümkün sayılmamışdır. Konkret halda isə nəinki 1 il 8 ay, 3 ildən də çox müddət keçmişdir. Beləliklə də, iddiaçının hazırkı iddiasının İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olan əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi, məhkəmə işdə olan sübutlara düzgün hüququi qiymət vermiş və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddianı mümkün saymamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin məhkəmənin iddia müddətinin tətbiqi barədə vəsatətin detallarının araşdırmadığını, iddia müddətinin ötürülməməsi barədə dəlillərə münasibət bildirmədyini və müddətin keçməsinin heç bir sübutla təsdiq edilmədiyini, qəbul etdiyi qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9667/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9667/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar