Məhkəmə qərarları › İş №2-1(103)-987/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-987/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Koorperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-987/2023 (Açar sözlər: “artıq ödənilmiş vergilərin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanına göndərilməsi”) Bakı şəhəri 16 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından müəyyən olunur ki, İddiaçı Mənzil Tikinti Koorperativi xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış, qurumun əvvəlki adı “Kat Park” Mənzil Tikinti Koorperativi olmuşdur.

2. İş materiallarından müəyyən olunur ki, İddiaçı Mənzil Tikinti Koorperativi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, ərizəyə artıq ödəmənin məbləği və yaranma səbəbi barədə cədvəli əlavə etmişdir. Həmin cədvəldən görünür ki, artıq ödəmənin yarandığı tarix xx.xx.2021-ci il, artıq ödəmənin məbləği 560.000,0 manat göstərilmişdir.

3. 10.08.2022-ci il tarixə olan iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi üzrə xx.xx.2020-ci il tarixə 24000.00 manat, xx.xx.2020-ci il tarixə 23000.00 manat, xx.xx.2020-ci il tarixə 60000.00 manat, xx.xx.2020-ci il tarixə 250000.00 manat, xx.xx.2020-ci il tarixə 30000.00 manat, xx.xx.2020-ci il tarixə 100199.80 manat, xx.xx.2020-ci il tarixə 70032.01 manat ödəniş edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə dəqiqləşmiş bəyannaməyə əsasən 2.854.776,00 manat azalma aparılmış, bununla da vərəqənin çap tarixinə müsbət saldo 560452,42 manat təşkil etmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Mənzil Tikinti Koorperativi (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək 560000 manat artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmişdir.

5. Cavabdeh iddiaçıya ünvanladığı müraciətə cavab məktubunda bildirmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Məktubda Vergi Məcəlləsinin 38.3.4, 85.4, 38.3.6-cı maddələrinə istinad edilmiş və göstərilmişdir ki, iddiaçının iqtisadi göstəriciləri Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə məlumat veriləcəkdir.

6. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 560 000,0 manat vergilərin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin vergi orqanının üzərinə qoyulması, həmçinin qaytarıldığı günə kimi 0,1 faiz məbləğində pul vəsaitinə dair rəyin tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5599/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Mənzil Tikinti Koorperativi tərəfindən artıq ödənilmiş 560.000,0 manat məbləğin və xx.xx.2022-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutumuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 560.000,0 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir.

9. Cavabdehin hazırkı iddiaya etirazının əsas dəlillərindən biri iddianın mümkünlüyü ilə bağlı olmuşdur. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasının aparılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir.

10. Məhkəmə cavabdehin iddianın mümkün sayılmaması barədə bu vəsatəti ilə razılaşmır. Belə ki, qeyd edildiyi kimi iddiaçı artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə yuxarıda adıçəkilən Qaydaların tələblərinə uyğun olaraq artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə müraciət etmişdir. Cavabdeh nə Qaydalarda göstərilən müddət, nə də “İnzibati icraat haqqında” Qanunla icraat üçün nəzərdə tutulmuş müddət çərçivəsində iddiaçının müraciətini təmin etməmişdir. Belə olan halda hesab olunur ki, cavabdehin iddiaçının müraciətlərinə verdiyi cavab məktubları müraciətin təmin edilməsindən bilavasitə imtina hesab olunur.

11. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən artıq ödənilmiş məbləğ xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir.

12. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının müraciətinin araşdırılmasını göstərsə də, hansı halların araşdırılması və araşdırma materialları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, Qaydalarda müəyyən edilmiş 45 günlük müddətin uzadılmasının mümkünlüyü ilə bağlı hər hansı bir norma müəyyən edilməmişdir.

13. Cavabdeh, həmçinin ididaçının müraciət edərkən qanunvericiliyin tələblərinə əməl etməməsinə istinad etmiş, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş, iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi məktubunda da bu hala deyil, müraciətin araşdırılmasına istinad etmişdir.

14. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci maddəsinə, 85.5-ci və 87.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “DOSTLUQ R7" MTK (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonraBaş idarə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 560 000,00 manat artıq ödəmə məbləğinin və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə vergi ödəyicısinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytanlanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizinin ödənilməsinə dair rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.Aparılmış araşdırma zamanı, vergi ödəyicisi artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixli (AVİS tarixi və nömrəsi xx.xx.2022, **********524100) məktubla vergi orqanına müraciət etmişdir.Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli müraciəti xx.xx.2022-ci il tarixli **********076900 saylı məktubla cavablandırılmış, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması barədə məlumat verilmiş, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi üzrə hesablama verilərək ödəniş həyata keçirilmiş, lakin xx.xx.2021-ci il tarixdə qeyd olunan dövrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək hesablanmış vergi azaldılmışdır. Hesab edirlər ki, məhkəmə tətbiq edilməli olan normativ-hüquqi aktı tətbiq etməmişdir. Belə ki, vergi ödəyicisinin “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizəsinə “İnzibati icraat haqqında" Qanunun müddəaları tətbiq edilməklə baxılır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddələrin məzmunundan göründüyü kimi, işin tam və hərtərəfli araşdırılması inzibati orqanın nəinki hüququ, hətta vəzifəsidir. Lakin məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini tam şəkildə icra etməmişdir. Qeyd edir ki, İddiaçı MTK xx.xx.2021xx.xx.2021-ci il tarixində fəaliyyətini dayandırmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi ödəyicisi həmin müddətdə 11,02.2021-ci il tarixdən başiayaraq xx.xx.2020-ci i! tarixdə 2019-cu ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi üzrə hesablama j verərək ödəniş etdiyi 2 854 676 manat məbləğində vergi məbləğlərini azaltmışdır. Vergi ödəyicisi təkrar xx.xx.2022-xx.xx.2027-ci il tarixində fəaliyyətini dayandırmaqla bağlı vergi orqanına ərizə vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 16 iyul tarixli 313 nömrəli Qərarı İlə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının" 6.3-cü bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Bu səbəbdən, məhkəmənin ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 0.1 faiz məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyması tam əsassızdır və səbəbsiz olaraq büdcə gəlirlərinin azalması ilə nəticələnə bilər. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edir ki, birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli, qanunvericiliyin yuxanda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Avropa Məhkəməsinin Potocka və digərləri Polşaya qarşı iş üzrə qərarına əsasən qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır.Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır.Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirlər ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.İddiaçı 28.01 2022-ci il tarixdə “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmiş, həmin müraciət 24,02.2022-ci il tarixli **********076900 saylı məktubla cavablandırılmışdır. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması barədə məlumat verilmiş, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçıhğın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Lakin məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, cavabdeh tərəfindən imtina cavabının verilmədiyinə baxmayaraq, iddia mümkün hesab edilərək qanunvericiliyin tələbi pozulmuşdur.Birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamış, vergi ödəyicisinin artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı ərizəsi üzrə inzibati araşdırmanın məhz hansı səbəbdən yekunlaşmaması araşdırılmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən büdcəyə artıq ödənilmiş 560000 manat məbləğində ödənilmiş artıq ödəmənin geri qaytarılması barədə cavabdeh vergi orqanına müraciət edilmişdir.Cavabdeh tərəfindən bu ərizə ilə bağlı Vergi Məcəlləsinə uyğun araşdırmanın aparılacağını və buna uyğun münasibət bildiriləcəyi bildirilmişdir.Cavab məktubunda səyyar vergi yoxlamasının təyin edilməsi barədə müddəalara istinad edilmiş və ərizəsi bununla bağlanılmışdır. Bu cavab məktubundan sonra vergi orqanı tərəfindən iddiaçıya hər hansı məktub göndərilməmiş, səyyar vergi yoxlaması təyin edilməmiş və iddiaçı tərəfindən göndərilmiş ərizə məktubunda hər hansı dəqiqləşdirmələrin aparılması tələb edilməmişdir.Bundan sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə artıq ödənilmənin qaytarılması və ödəmə gününə kimi 0.1 faiz məbləğində pul vəsaitinin hesablarına qaytarılması barədə iddia tələbi təmin edilmişdir.Məhkəmə araşdırması zamanı vergi orqanına əlavə müddət də müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması açılsın, lakin vergi orqanı tərəfindən əslində bu yoxlalmanıri açılmasının təmənnasız olmasını, vergi ödəyicisı tərəfindən tikinti ilə bağlı bütün layihələrin ləğv edilməsini bilməsi səbəbindən sadəcə onlara məktub yazmaqla pullarını qaytarmamaq barədə qərar qəbul edilmişdir.Bildirlər ki, onlar onsuz da öz vəsaiti hesabına bu ödənişləri büdcəyə ödəmişlər, yəni bina tikintisi fəaliyyəti ilə bağlı həmin dövrdə vergi hesablaması təməlqoyma işlərindən hesablandığını nəzərə alaraq ödənişləri etmişlər.Lakin sonradan layihə baş tutmadığı üçün, tikinti aparılmadı və bina tikilmədiyi üçün dəqiqləşmə aparılmaqla ödədikləri artıq ödəmələri geri istəmişlər. Lakin vergi orqanı onların qanuni tələbini icra etməmiş və onlara qanunsuz olaraq imtina vermişdir.Həm birinci instansiya məhkəməsində, həm də təqdim edilmiş apleyyasiya şikayətindən vergi orqanı tərəfindən imtinanın edilmədiyini və sadəcə araşdırmanın aparıldığı bildirilmişdir. Lakin hələ də araşdırma aparılıb qurtarmadığı bəlli olur. Çünki hələ də vergi orqanı tərəfindən bir hərəkət edilməmişdir. Bundan əlavə cavabdeh vergi orqanı bu hərəkətləri ilə dövlət büdcəsini əlavə xərclərin ödənilməsinə gətirib çıxarıdır. Çünki qanuna əsasən hər gecikdirilmiş gün üçün əlavə olaraq 0.1 faiz məbləğində pul vəsaitinin qaytarılması bir başa Nazirlər Kabinetinin qərarında göstərilmişdir. Həmin qərarda həmçinin artıq ödəmənin 45 gün ərzində qaytarılması barədə rəyin verilməsinin vergi orqanlarının üzərinə qoymuşdur.Əlavə olaraq onu da bildirmək istəyir ki,əslində məhkəmə tərəfindən də tez bir zamanda qərar çıxarılmalıdır.Çünki hər ötmüş günə görə büdcədən əlavə vəsait qaytarılmalıdır.Ümumiyyətlə, vergi orqanı tərəfindən apellyasiya şikayətinin verilməsi anlaşılan deyildir. Belə ki, apellyasiya şikayətini oxuduqda vergi orqanı məhkəmənin hansı prosessual və maddi hüquqlarının pozulduğunu bildirə bilməmişdir. Faktiki olaraq vergi orqanı tam qanunsuz və sadəcə verilmiş hüquqlardan sui-istifadə etmiş, dövlət maraqlarını kənara qoymuş, vergi ödəyicisinin xeyrinə və dövlətin xeyrinə olan halları, yəni tez bir zamanda qaytarılacağı halda az faiz ödənilməsini nəzərə almamışdır. Nəticədə büdcəni ziyana salmaqda davam etmişdir.Bir daha bildirmək istərdilər ki, apellyasiya şikayətində yalnız bir əsasa - imtinanın olmamasına istinad edilmişdir və sadəcə araşdırmanın aparılacağını bildirmişlər. Onda sual çıxır ki, bu araşdırma müddəti nədən ibarətdir və hələ də araşdırma başa çatmayıb ki, bunlar bu əsasa hələ də istinad edirlər.Belə çıxır ki, Vergi Məcəlləsinin və Nazirlər Kabinetinin 45 günlük müddəası heç vaxt işləmir və vergi orqanlarının hərəkətlərini qanunvericilik deyil özləri istədikləri, kimi müəyyənləşdirirlər.Yəni hansı müddətə cavab veriləcəyini hansı tərzdə hərəkət edəcəklərini vergi orqanlarının şəxsi istəklərinə görə yaradılır. Qanunvericilik vergi orqanlarına şamil edilmir. Qanun yalnız vergi ödəyiçiləri üçündür.Qeyd edilənləri, o cümlədən Vergi Məcəlləsini, Nazirlər Kabinetin qərarını və haqlı iddianı nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişlər.

c) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) yazılı etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12- ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

25. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

30. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 31.Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

32. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

33. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

34. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı artıq ödənilmiş 560 000,0 manat vergilərin və qaytarıldığı günə kimi 0,1 faiz məbləğində pul vəsaitinin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin vergi orqanının üzərinə qoyulmasını xahiş edir.

39. Tətbiq edilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.

40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımından ilk olaraq qeyd edir ki, cavabdehin hazırkı iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlillərindən biri iddianın mümkünlüyü ilə bağlı olmuşdur. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasının aparılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir.

41. Məhkəmə Kollegiyası cavabdehin iddianın mümkün sayılmaması barədə vəsatətinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, qeyd edildiyi kimi, iddiaçı artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə xx.xx.2022ci il tarixdə yuxarıda adıçəkilən Qaydaların tələblərinə uyğun olaraq artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə müraciət etmişdir.

42. Cavabdeh nə yuxarıda adıçəkilən Qaydalarda göstərilən müddət, nə də “İnzibati icraat haqqında” Qanunla icraat üçün nəzərdə tutulmuş müddət çərçivəsində iddiaçının müraciətini təmin etməmişdir. Belə olan halda hesab olunur ki, cavabdehin iddiaçının müraciətlərinə verdiyi cavab məktubları müraciətin təmin edilməsindən bilavasitə imtina hesab olunur.Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən artıq ödənilmiş məbləğ xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir.

43. Məhkəmə Kollegiyası vurğulayır ki, cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının müraciətinin araşdırılmasını göstərsə də, hansı halların araşdırılması və araşdırma materialları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.Cavabdeh tərəfindən iddiaçının ərizəsi ilə bağlı Vergi Məcəlləsinə uyğun araşdırmanın aparılacağını və buna uyğun münasibət bildiriləcəyi göstərilmişdir.Cavab məktubunda səyyar vergi yoxlamasının təyin edilməsi barədə müddəalara istinad edilmiş və iddiaçının ərizəsi bundan sonra cavablandırılmamışdır.İlkin cavab məktubundan sonra vergi orqanı tərəfindən iddiaçıya hər hansı məktub göndərilməmiş, səyyar vergi yoxlaması təyin edilməmiş və iddiaçı tərəfindən göndərilmiş ərizə məktubunda hər hansı dəqiqləşdirmələrin aparılması tələb edilməmişdir.

44. Bundan əlavə, Qaydalarda müəyyən edilmiş 45 günlük müddətin uzadılmasının mümkünlüyü ilə bağlı hər hansı bir norma müəyyən edilməmişdir. Cavabdeh, həmçinin ididaçının müraciət edərkən qanunvericiliyin tələblərinə əməl etməməsinə istinad etmiş, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş, iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi məktubunda da bu hala deyil, müraciətin araşdırılmasına istinad etmişdir.

45. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, vergi ödəyicisinin “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizəsinə “İnzibati icraat haqqında" Qanunun müddəaları tətbiq edilməklə baxılır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddələrin məzmunundan göründüyü kimi, işin tam və hərtərəfli araşdırılması inzibati orqanın nəinki hüququ, hətta vəzifəsidir. Lakin məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini tam şəkildə icra etməmişdir.

46. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ümumi sözlərlə mövqeyini ifadə etmişdir ki, məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini tam şəkildə icra etməmişdir.Lakin cavabdeh, məhkəmə işin hərtərəfli araşdırılmasında əhəmiyyətli olan hansı sübutu araşdırmadığını, bununla da üzərinə düşən hansı vəzifələrini tam şəkildə icra etmədiyinə dəlili kimi istinad etdiyi sübutu (sənədləri) nə apellyasiya şikayəniə əlavə etməmiş, nə də apellyasiya baxışı zamanı da təqdim etməmişdir.

47. Apellyasiya şikayətində cavabdeh qeyd edir ki, İddiaçı MTK xx.xx.2021- xx.xx.2021-ci il tarixində fəaliyyətini dayandırmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi ödəyicisi həmin müddətdə 11,02.2021-ci il tarixdən başiayaraq xx.xx.2020-ci i! tarixdə 2019-cu ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi üzrə hesablama verərək ödəniş etdiyi 2 854 676 manat məbləğində vergi məbləğlərini azaltmışdır. Vergi ödəyicisi təkrar xx.xx.2022-xx.xx.2027-ci il tarixində fəaliyyətini dayandırmaqla bağlı vergi orqanına ərizə vermişdir.

48. Məhkəmə kollegiyası məlumat xarakterli bu dəlilin işin obyektiv həlli üçün hansı əhəmiyyət kəsb etdiyinin əsaslandırılmasını cavabdehin nümayəndəsinə təklif etmiş, lakin cavabdehin nümayəndəsi şikayətdə yazılanları müdafiə etdiklərini bildirməklə kifayətlənmişdir.

49. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 16 iyul tarixli 313 nömrəli Qərarı İlə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının" 6.3-cü bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Bu səbəbdən, məhkəmənin ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 0.1 faiz məbləğinin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyması tam əsassızdır və səbəbsiz olaraq büdcə gəlirlərinin azalması ilə nəticələnə bilər.

50. Göstərilən dəlilə münasibətdə Kollegiya qeyd edir ki, tətbiq edilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.Cavabdeh, həmçinin ididaçının müraciət edərkən qanunvericiliyin tələblərinə əməl etməməsinə istinad etmiş, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş, iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi məktubunda da bu hala deyil, müraciətin araşdırılmasına istinad etmişdir.

51. Cavabdeh apellyasiya şikayətində vergi ödəyicisinin qaydaların tələbinə riayət etməməsini bildirməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı İlə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının" 6.3-cü bəndinə istinad etsə də mövcud qaydaların hansı tələbinə riayət etməməsinin nədədə ifadə olunduğunu əsaslandıra bilməmişdir.

52. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar