Məhkəmə qərarları › İş №2-1(103)-987/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-987/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4014/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2022-ci ilədək Heydər Əliyev adına X3 (NEZ) çalışmış, xx.xx.2022-ci ildən halhazıradək "xxxx" MMC-də Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. Heydər Əliyev adına X4 (NEZ) mexaniki təmir üzrə 13 nömrəli sahəsində xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək rəis vəzifəsində işləmişdir. O, 28 avqust 2023-cü il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin qurumdan ünvanlanan 19 sentyabr 2023-cü il tarixli cavabda onun işlədiyi SOCARın “Heydər Əliyev adına X6”nun mexaniki təmir üzrə 13 nömrəli sahəsində rəis vəzifəsinin bu bənddə nəzərdə tutulmadığını əsas gətirilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. SOCAR-ın “Heydər Əliyev adına X6”nun iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli, 14-2- 27/2-1606/2023 nömrəli arayışda göstərilir ki, iddiaçı xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun mexaniki təmir üzrə 13 nömrəli sahəsində rəis vəzifəsində ağır əmək şəraitində işləmiş, ona peşə və vəzifələrin Siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və karbohidrogen, benzin buxarı) onun vəzifə (tarif) maaşına 12% artım əmsalı tətbiq edilmişdir. Zavodun mexaniki təmir üzrə 13 nömrəli sahəsində işlədiyi müddət istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsində ağır iş olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 10-cu bölməsi, 10.5.2-ci bəndi, “b” yarımbəndi ilə güzəştli şərtlərlə əmək təqaüdü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə güzəştli şərtlərlə təqaüd hüququna malik peşədə (vəzifə) işləməklə güzəştli təqaüd hüququ qazanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr bəndində (10.5.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sahə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Cavabehə təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X6”nun iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 14-2-27/2-1606/2023 nömrəli arayışında iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində sözügedən idarənin Mexaniki təmir üzrə 13 nömrəli sahədə rəis vəzifəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi sahə yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4014/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli staja aid edilmədiyi ilə bağlı məhkəmə tərəfindən düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, iddiaçının qeyd olunan dövr ərzində işlədiyi sahə rəisi vəzifəsindəki fəaliyyəti sexin, sahənin əsas məqsədi ümumi zavod avadanlıqlarının, texnoloji qurğuların, boru xəttlərinin, sahədaxili və sahədən kənar kommunikasiyaların təsdiq olunmuş cədvəllər əsasında bütün növ təmirlərinin, yeni avadanlıqları quraşdırılması işlərinin vaxtlı - vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, təmirlər arası profilaktik işlərin icrasını təmin etmək olmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsinə aid olmasına və bu fakt məhkəmə sorğusuna cavab olaraq X5 adına X4 02 avqust 2024-cü il tarixli məktubu və Socar "Heydər Əliyev adına X6”nun İddiaçı verdiyi xx.xx.2023-cü il tarixli 14-2-27/2-1606/2023 nömrəli arayışla öz təsdiqini tapmasına, eləcə də iddiaçıya verilmiş bu arayış “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli Əlavəsinə uyğun tərtib edilməsinə baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan xüsusa diqqət yetirilməmiş, beləliklə də iddiaçının Nazirlər Kabinetinin sözügedən qərarının 10-cu bölməsi, 10.5.2-ci bəndi, “b” yarımbəndi ilə güzəştli şərtlərlə əmək təqaüdü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə güzəştli şərtlərlə təqaüd hüququna malik peşədə (vəzifə) işləməklə güzəştli təqaüd hüququ yaranmasına baxmayaraq bu hal nəzərə alınmamış və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərar ilə nəticələnmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 19 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-M-2015508/2023 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: kişilər - 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcuddursa. xx.xx.2022-ci il tarixdən sonraki (qanunun 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan meyarlar: kişilər - hüquq verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalı; Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının qeyd olunan şərtlər daxilində qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İddiaçıya məxsus ИТ-İ № 127962 nömrəli, 03 yanvar 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı X4 2 nömrəli sex, mexaniki təmir bazası, texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1985 - xx.xx.1986-cı il tarixlərdə 2 nömrəli sex, 22 və 23 nömrəi qurğularının mexaniki vəzifələrində işləmiş, xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1989-cu il tarixdə Bakı X6na mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə texniki nəzarət şöbəsinin rəisi vəzifəsinə, xx.xx.1992-ci il tarixdən 13 saylı mexaniki təmir sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli, 25 nömrəli əmrinə əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" X6 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 №-li əmrinə əsasən "xxxx" X6 “Heydər Əliyev adına Bakı X6” adlandırılmışdır. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək İdarəetmə aparatının təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin iş sağlığı və təhlükəsizliyi qrupuna 14-cü dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Heydər Əliyev adına Bakı X4 02 aprel 2015-ci il tarixli SOCAR/15-1700/xx-xx-000078 №-li əmrinə əsasən Heydər Əliyev adına Bakı X6 adlandırılmışdır. İddiaçı xx.xx.2016-cı ildə İdarəetmə aparatının əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin əməyin təhlükəsizliyi şöbəsinə rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə İdarəetmə aparatının Sağlamlıq Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin əməyin mühafizəsi şöbəsinə 15-ci dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" Cəmiyyətinə Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İddiaçının istinad etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 1983- 1986-cı illəri və 1992-2014-cü illəri əhatə edir. Lakin cavabdeh iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Heydər Əliyev adına X6”nun Mexaniki təmir üzrə 13 nömrəli sahədə rəis vəzifəsində işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalı sahəsinə aid olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Məhkəmə sorğusuna cavab olaraq X5 adına X4 02 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilədək çalışdığı Heydər Əliyev adına X4 mexaniki təmir üzrə 13 N-li sexin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li siyahısının Xİİ bölməsinə əsasən zərərli iş şəraitinə aid edilməmişdir. Belə ki, 13 N-li sexin, sahənin əsas məqsədi ümumi zavod avadanlıqlarının, texnoloji qurğuların, boru xəttlərinin, sahə daxili və sahədən kənar kommunikasiyaların təsdiq olunmuş cədvəllər əsasında bütün növ təmirlərinin, yeni avadanlıqların quraşdırılması işlərinin vaxtlı - vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, təmirlər arası profilaktik işlərin icrasını təmin etməkdir. Göründüyü kimi iddiaçının işləmiş olduğu SOCAR-ın “Heydər Əliyev adına X6”nun yuxarıda qeyd olunan “Qaydalar”ın 2 nömrəli əlavəsində göstərilmiş formaya uyğun tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışında iddiaçının yalnız xx.xx.1983-11.10.186-cı illərdə işlədiyi dövr güzəştli staja aid edilmişdir. Həmin zavodun xx.xx.2024-cü il tarixli məktubunda isə iddiaçının xx.xx.1992-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli staja aid edilmədiyi qeyd edilmişdir. İddiaçı yalnız SOCAR-ın “Heydər Əliyev adına X6”nun 10 avqust 2023-cü il tarixli arayışına əsaslanır ki, həmin arayış ümumi xarakterli olmaqla “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli Əlavəsinə uyğun tərtib edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən stajı xx.xx.2006-ci il tarixədək, xx.xx.2006-cı ildən sonra və xx.xx.2017-cı ildən sonrakı və həmçinin hazırda qüvvədə qanunvericilikdə nəzərdə tutulmuş həddən az olduğu üçün cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb olunan müddətdən az olması əsası ilə iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4014/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar