Məhkəmə qərarları › İş №2-1(103)-988/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-988/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-988/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqitsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizə üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqitsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli “müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi” barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də Səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçınə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan dövr üzrə səyyar vergi yoxlanılması keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan yoxlama nəticəsində cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh təşkilat tərəfindən aparılan səyyar vergi yoxlaması il yarımadək davam etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əsasən yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər tam olaraq tərəflərindən vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Uzun sürən yoxlamalardan sonra, yəni xx.xx.2019-cu il tarixdə Səyyar vergi yoxlaması barədə **********148279 nömrəli Akt tərtib edilərək onlara təqdim edilmişdir. Qeyd olunan yoxlamanın nəticəsi olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********186998 nömrəli Qərarı qəbul edilmiş, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********435400 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin qərara və tələbnaməyə əsasən əlavə hesablanmış vergilər üzrə 182110.87 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 73843.27 manat ümumilikdə büdcəyə ödənilməli olan məbləğ 255954.14 manat təşkil etmişdir. Həmin yoxlamanın nəticəsinə görə büdcəyə ödənilməli olan 255954.14 manat tərəflərindən ödənilmişdir. Lakin Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yoxlama ilə əhatə olunan vergi dövrü İddiaçındə əvvəl yoxlanılmış, yəni yanvar 2017-ci il tarixdən fevral 2018-ci il tarixədək olan dövrü və yanvar 2017-ci il tarixdən iyun 2019-cu il tarixə olan dövrü əhatə edir. Onlar bu yoxlamanı qanunsuz hesab edirlər. Qeyd olunan qərar qanunvericiliyin tələblərinə zidd olduğundan həmin qərarın ləğv edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Vergi Məcəlləsinin qeyd olunan normasının tələbindən də göründüyü kimi, vergi orqanı növbəti yoxlama barədə qərarı bir il sonra qəbul etməli idi, çünki müəssisənin yoxlanılması xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akt əsasında başa çatmışdır. Göründüyü kimi, İddiaçındə yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərar qanunvericiliyin tələbi pozulmaqla qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə inzibati mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və mübahisələndirilən qərarın icrası ilə bağlı hər hansı digər hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2532/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)208/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2532/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilərək işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəəsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1213/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)2007/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1213/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə ərizəçi ona hüquqi nəticə yaradan aktın-inzibati aktın icrasının dayandırılması məqsədilə məhkəməyə müraciət edə bilər. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyici üçün hüquqi nəticə yaradır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyəti olub, vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və məhkəmə mümkün olmayan iddianın uğurluluq ehtimalını araşdıraraq düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə həmin qərarın dayandırılması nəticəsində onun inzibati orqan üçün yaradacağı nəticələri araşdırmamışdır. Hazırda mübahisələndirilən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarla təkrar yoxlama ilə əhatə edilən dövr yanvar 2017-fevral 2018-ci illəri təşkil edir. Səyyar vergi yoxlamasının aparılmasının dayandırılması nəticəsində VM-in 36.3-cü maddəsi baxımından əvvəlcə əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və s., inzibati iş davam etdikcə isə mənfəət, torpaq və əmlak vergisi üzrə yoxlama müddəti keçəcəkdir və nəticədə inzibati mübahisə vergi orqanının xeyrinə nəticələnsə belə səyyar vergi yoxlamasının keçirilməsi mümkünsüz olacaqdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında **********148279 saylı xx.xx.2019-cu il tarixli akt əsasında İddiaçı MMC vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş və buna dair xx.xx.2019-cu il tarixdə **********186998 saylı qərar qəbul edilmişdir. Həmin qərar üzrə əlavə hesablanmış 182110,87 manat vergi borcu və 73843,27 manat maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesabından silinmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019- cu il tarixli aktdan görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bundan sonra vergi orqanı tərəfindən İddiaçı MMC-də yenidən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 saylı xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Hazırda İddiaçı MMC vergi orqanının növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********188906 saylı xx.xx.2019-cu il tarixli qərarının qəbul edilməsi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qanuni əsasların olmadığını iddia edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına əsaslanaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında vergi orqanının qəbul etdiyi qərarın inzibati akt olması məsələsinə hüquqi qiymət verərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.6-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsasları konkret olaraq göstərildiyindən və bu əsaslar olmadan həmin yoxlamanın keçirilməsi qanunsuz olduğundan, vergi ödəyicilərinin həm vergi yoxlamalarının təyin olunması ilə bağlı əsasları, həm də yoxlamanın nəticələrini mübahisələndirmək hüquqları vardır. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Vergi orqanının səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş qərarları publik hüquq sahəsinə (vergitutma və vergi nəzarəti) aid olan yazılı inzibati aktlardır və bu aktların hüquqi nəticəsi vergi ödəyicisi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasından ibarətdir. Həmin qərarlar yazılı inzibati aktın bütün rekvizitlərinə malikdir və qərarların məzmununda bütün yazılı inzibati aktlarda olduğu kimi, həmin qərarlardan şikayət vermə müddəti və qaydası qeyd edilir. Qeyd olunmalıdır ki, hazırkı iddia ilə mübahisələndirilən, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın özündə də qeyd olunmuşdur ki, «Qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət verilə bilər». Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında vergi orqanı tərəfindən qəbul edilmiş qərarın hüquqi nəticəsi olmadığına və bu qərarın inzibati akt olmadığı”na dair dəlillərini əsassız hesab edir. Digər tərəfdən, iş üzrə müəyyən olunur ki, vergi orqanının nümayəndəsi hazırda mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas kimi tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlamasının aktında dürüst olmayan və təhrif olunmuş məlumatların aşkar edildiyi, buna görə də tərəflərindən yenidən yoxlama aparılmasına zərurət yarandığını bildirmişdir. Vergi orqanının nümayəndəsi qeyd etmişdir ki, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilən gün şirkət tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyənnaməsi təqdim edilmiş və həmin bəyannamədə ezamiyyət xərcləri şişirdilərək təxminən 448.000 manat göstərilmişdir. Beləliklə, tərəflər 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsinin şirkət tərəfindən səyyar vergi yoxlaması dövründən əvvəl təqdim edilib-edilməməsi ilə bağlı ziddiyyətli fikirlər söyləmişlər. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, məhkəmələrin həll etməli məsələlərdən biri- iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsinin nə vaxt (xx.xx.2019-ci il tarixədək və ya bu tarixdən sonra) təqdim edilməsinin müəyyən edilməsindən ibarət olsa da, bu hal araşdırılmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərarını “iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi iddiaçı tərəfindən səyyar vergi yoxlaması başlandığı günədək vergi orqanına təqdim edilmiş və yoxlama dövründə həmin bəyannamələr nəzərə alınmışdır” kimi əsaslandırmışdır. Bu cür əsaslandırmasına baxmayaraq, iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsinin nə vaxt təqdim edilməsi iş materiallarından müəyyən olunmur. Məhkəmə ümumi şəkildə “iş materiallarından görünür” ifadəsini işlətmiş olsa da, bəyannamənin nə vaxt təqdim olunmasının hansı sübutla təsdiq edildiyi göstərilməmişdir. Bu da sözügedən qərarın, İPMnin 69.4-cü maddəsində məhkəmə qərarının əsaslandırma hissəsi üçün müəyyən olunmuş tələblərə cavab verməməsi deməkdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya instansiyası qaydasında yenidən baxılarkən iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin vergi orqanına nə vaxt təqdim edilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmək tərəflərə təklif olunmuşdur. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında bildirişə əsasən iddiaçı müəssisə tərəfindən təqdim olunmuş 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, sözügedən bəyannamə vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının başlandığı xx.xx.2018-ci il tarixdən əvvəl təqdim edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən həmin yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. İş üzrə müəyyən olunur ki, iddiaçı şirkət tərəfindən 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi vergi orqanına səyyar vergi yoxlamasının başlandığı xx.xx.2018-ci il tarixədək verilmiş və sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edildiyi üçün də yoxlama dövründə həmin bəyannamənin nəzərə alınmaması qeyrimümkündür. Lakin vergi orqanı tərəfindən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrin tələbinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə keçirilə bilər. Hazırki işdə növbədənkənar vergi yoxlamasının keçirilməsinə əsas olaraq vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların aşkar edilməsi, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halları vergi orqanı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İPM-in 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Prossessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsinin irəli sürülmüş məzmunda iddia tələbinin uğurluluq ehtimalını da şərtləndirdiyini (İPM-in 43.1.2-ci maddəsi) nəzərə alaraq qeyd edir ki, əsas iddia tələbi üzrə inzibati aktın ləğvi üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcud olduğu halda, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən artıq formal-hüquqi baxımdan qüsurlu hesab edilməlidir. Buradan, iddiaçının inzibati aktın icrasına yönələn hərəkətlərin dayandırılmasına (qadağan edilməsinə) dair hazırkı məzmunda ərizəsi əsas iddianın uğurluluq ehtimalına əsaslana bilər. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, hazırkı halda mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisələndirilən inzibati aktın icrası dayandırılmadığı təqdirdə hazırkı iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin əhəmiyyəti və zərurəti, o cümlədən vergi ödəyicisinin əsassız vergi yoxlamasına cəlb olunmasından müdafiə olunmaq imkanı aradan qalxdığından, eyni zamanda iş üzrə aparılmış ilkin məhkəmə araşdırması zamanı iddianın uğurluluq ehtimalı nəzərə alınaraq iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri görülməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMC-də Səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasının dayandırılması və hər hansı digər hərəkətlərin edilməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən bu barədə xx.xx.2019-cu il tarixli qərardad dəyişdirilmədən saxlanılmalı, cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-3825/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar