Məhkəmə qərarları › İş №2-1(103)-988/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-988/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-988/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X5, X7 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4675/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N saylı hərbi hissə tərəfindən verilmiş N saylı 27.06.2002-ci il tarixli arayışında yazılmış “hərbi xidmət yerinə yetirərkən vəfat etmişdir” sözlərinin əvəzinə “döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur” sözü ilə əvəz edilərək ilkin ölüm barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X8 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. İddiaçının mərhum oğlu əvvəlcə Sədərək döyüş bölgəsində sonra isə Havuş postuna manqa komandiri vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. 07 yanvar 2002-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsində aldığı güllə yarasından şəhid olmuşdur. İddiaçının oğlu 07 yanvar 2002-ci il tarixdə gecə saat 23- 30-da odlu silahdan açılan atəş nəticəsində döş qəfəsindən ağır yaralanmışdır. Yaralı vəziyyətdə səhər saat 04-00-a qədər yardımsız qalan iddiaçının oğlu dünyasını dəyişmişdir. Ekspert təyin edilmədən dəfin hərbi hissə komandirləri tərəfindən gecə həyata keçirilmişdir. Dəfin zamanı heç kim, hətta valideynlər yaxına buraxılmamışdır. Culfa rayon İcra Hakimiyyəti tərəfindən 01 iyul 2002-ci il tarixli 66 saylı sərəncamla mərhum X6 şəhid statusu verilmişdir. 2002-ci il tarixdən 2007-ci il tarixədək şəhid ailələri üçün nəzərdə tutulan təqaüd ödənilmişdir. Lakin 2007-ci il tarixdən həmin təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdün dayandırılmasına səbəb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon İcra Hakimiyyətinin 01 iyul 2002-ci il tarixli 66 saylı sərəncamının etibarsız hesab edilməsinə dair Culfa rayon məhkəməsində iddia qaldırılması olmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddianı onunla əsaslandırmışdır ki, Culfa rayon İcra Hakimiyyəti sərəncam verərkən heç bir sənədə əsaslanmamışdır. Məhkəmə prosesində izahatlar dinlənilərək müəyyən olunmuşdur ki, X1 döyüş mövgeyində hərbi xidmətini yerinə yetirən zaman 06 yanvar 2002-ci ildə saat 23-30 radələrində əsgər yoldaşı X11 tərəfindən odlu silahla öldürülmüşdür. X4 həmin silahdan atəş açaraq özünü öldürülmüşdür. Bununla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda bu hadisə ilə cinayət işi açılmışdır. Culfa rayon hərbi komissarı Culfa rayon İcra Hakimiyyətinə məktub göndərərək iddiaçının mərhum oğlunun N saylı hərbi hissənin tərkibində hərbi xidməti vəzifəsini yerinə yetirərkən 07 yanvar 2002ci ildə həlak olması barədə ona şəhid statusunun verilməsi üçün vəsatət qaldırmışdır. N saylı hərbi hissənin 27.06.2002-ci il tarixli N saylı məktubu əsas götürülmüşdür. Ölüm haqqında şəhadətnamədə də iddiaçının mərhum oğlunun hərbi xidmətini yerinə yetirərkən döş qəfəsini dəlib keçən odlu silahlı güllə yarasından həlak olması qeyd edilmişdir. Nəzərinə çatdırılmalıdır ki, iddiaçının oğlu X8 05 yanvar 2002-ci il tarixdə qardaşı Elvin Xəlilova zəng vuraraq bildirilmişdir ki, komandiri ermənilərlə benzin alveri edir bu məsələni əsgər yoldaşı X11 bilir. Komandir bu hadisə ilə bağlı onları hədələyir. X11 iddiaçının mərhum oğlu ilə dost olub. A.N.Abbasov tərəfindən iddiaçının oğlunu öldürüb sonra özünü öldürməsi agıla batan deyil. Çünki SHXÇDX-nin Nərimanov rayon şöbəsinin rəisi bildirmişdir ki, əsgər Anar Abbasov döyülərək öldürülmüşdür. Onun bədən nahiyəsində döyülmə izləri vardır, o, döyüldükdən sonra güllələnmişdir. İddiaçının oğlu X8 döyüşən ordunun tərkibində Havuç döyüş mövgeyində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. X10 ölüm səbəbi xidməti vəzifəsini yerinə yetirərkən zaman həlak olması olmuşdur. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən: “Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olu-bolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.” N nömrəli hərbi hissə komandanlığının 07.01.2002-ci il tarixli 8 nömrəli bildirişdə kiçik çavuş X3 həmin tarixdə əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəşlə yaralanması və aldığı sol döş nahiyəsindəki yaradan vəfat etməsi göstərilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. “Döyüş təminatı”nın anlayışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli “Quru qoşunları müvəqqəti döyüş nizamnaməsində verilmişdir. Həmin nizamnamənin 295ci maddəsinə əsasən döyüş təminatı düşmənin qəfil başqasına yol verilməsindən, onun qoşunlarımıza zərbələrin effektivliyinin azaldılmasından, döyüşə mütəşəkillik və vaxtında başlamaqdan, onun müvəffəqiyyətlə aparmaqdan ötrü qoşunlarımız üçün əlverişli şərait yaratmağa yönəldilmiş tədbirlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir. Taborda (bölükdə) döyüş təminatının keşfiyyat, kütləvi qırğın silahından mühafizə, maskalanma, mühəndis təminatı, kimya təminatı və mühafizə növləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası hərbi məhkəməsinin 23.05.2002-ci il tarixli İ-37/2002 nömrəli hökmünün surəti, Naxçıvan Hərbi Prokurorluğunun 03.04.2002-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin 01.07.2002-ci il tarixli 66 saylı sərəncam ilə mərhum X6 şəhid adının verilməsi barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd edilən sərəncamın etibarsız hesab edilməsinə dair iddia ərizəsi Culfa rayon məhkəməsinin 28.12.2007-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 14.03.2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Culfa rayon Məhkəməsinin 28.12.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 02.07.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. X3 ölümü şəxsi münasibətlər nəticəsində əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində olmuş istintaq aparıldığından, hərbi hissəsinin arayışında düzəliş edilərək “döyüş tapşırığını yetirərkən həlak olmuşdur” sözlərinin yazılması tələbin təmin edilməsi AR MPM-nin 82.4-cü maddəsinə ziddir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4675/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-4675/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının hərbi məhkəməsinin 23.05.2002-ci il tarixli İ-37/2002 nömrəli hökmünə əsasən müəyyən edilir ki, iddiaçının oğlu X3 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil;o, əsgər yoldaşı tərəfindən odlu silahdan açılmış atəş nəticəsində aldığı yaradan ölmüşdür. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15 yanvar 1994-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; həmin Qərarın 1.2.6-cı bəndinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Müdafiə, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilir. Lakin belə halın mövcudluğu işdə olan sübutlarla təsdiq edilmir. Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4675/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar