Məhkəmə qərarları › İş №2-1(103)-989/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-989/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-989/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “onun 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “onun 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. AA seriyalı 082996 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür. İT-İ seriyalı 17.07.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işləmişdir. İddiaçı ona əmək pensiyasının hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********89 saylı 12.06.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının 1976-2004-cü illər üzrə iş stajının düzgünlüyü öz təsdiqini tapmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasınıqəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17.06.1976-cı ildən 28.12.2004-cü ilə qədər 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun işlədiyi dövrlərin düzgünlüyünün öz təsdiqini tapmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, İddiaçı 13 saylı Regionlararası İstehlak Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı il tarixdən 28.12.2004-cü ilədək çalışdığına istinad etsə də, həmin müəssisədə işlədiyi təsdiq olunmadığından onun tələbi düzgün olaraq təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar araşdırılmamışdır. Şöbə tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti ********** saylı VÖEN-lə 13.06.2005-ci il tarixdən yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyətinə başlamışdır. Dövlət mülkiyyətinə aid olan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 30.10.2009-cu il tarixdən fəaliyyəti dondurulmuşdur. Həmin trestin 4 saylı Təmir Tikinti İdarəsi isə DSMF-nin Laçın rayon şöbəsində sığortaedən kimi qeydiyyatda olmamışdır. Məhkəmə qərarında qeyd olunur ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmənin 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsi də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006- cı il tarixə yaranmış borclarının 01.04.2018-ci il tarixdən silinməsini əsas gətirərək, İddiaçı 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işləməsi qənaətinə gəlməklə, iddiaçının iddiasının təmin edilməsi barədə çıxardığı qərar “Sosial sığorta haqqında”, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının, eləcə də müvafiq dövrlərdə məcburi dövlət sosial sığortası üzrə borcların restrukturizasiya edilməsi barədə verilmiş sərəncamların tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, 1992-ci ildən hal-hazıradək olan dövr ərzində yuxarıda qeyd olunan qanun və sərəncamlarla məcburi dövlət sosial sığortası üzrə əsas borcların silinməsi nəzərdə tutulmamışdır. Silinməsi həyata keçirilən borclar sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə əsas borcların vaxtında ödənilməməsinə və sosial sığorta sahəsində müvafiq qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borc məbləğlərindən ibarət olmuşdur. Məcburi dövlət sosial sığortası üzrə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaranmış borcların silinməsi sosial sığorta stajının təsdiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə çıxarıldığına görə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-602/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2149/2020 saylı 12 28 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-602/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 12.06.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə iş materiallarında sübut mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 17.07.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı tələbi “ona 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 1976- 2004-cü illər üzrə iş stajının düzgünlüyünün öz təsdiqini tapmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AzərbaycanRespublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci mddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx xxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 64 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normalara görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. İddiaçı 25 il iş stajının olmasını təsdiq edən sübut kimi məhkəməyə əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasında onun 17.06.1976-cı ildən 28.12.2004-cü il tarixədək 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi müddət cavabdeh tərəfindən qəbul edilmir. Belə ki, cavabdeh tərəf həmin iş stajının düzgünlüyünün öz təsdiqini tapmamasına istinad edir. Qeyd olunan müddət birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iş stajı kimi qəbul olunsa da, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanaraq sözügedən dövrlərdə adı çəkilən müəssisədə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi barədə iddiasının yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq 2-1(102)-2149/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, işin təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iş materiallarının 85 və 86-cı səhifələrində olan Füzuli rayon Vergilər şöbəsinin (VÖEN **********) olan 4 saylı Rayonlarası Xüsusi Təmir Quraşdırma İdarəsinin və Xocavənd rayon Vergilər şöbəsinin (VÖEN **********) olan 13 saylı Rayonlarası İstehsalat Təmir Tikinti Trestinin iddiaçının əmək kitabçasında işlədiyi kimi göstərilmiş müəssisələrlə eyni olub-olmaması araşdırılmalı və buna düzgün hüquqi qiymət verilməlidir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən müvafiq olaraq Vergilər Nazirliyinin saytlarında Füzuli rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinin və Xocavənd rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin mövcud olub-olmamasının, olduğu təqdirdə onların eyni müəssisə olub-olmamasının və hansı illərdə fəaliyyət göstərməsinin, Vergilər Nazirliyinin saytlarında Füzuli rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinin və Xocavənd rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmamasının, alındığı təqdirdə həmin müəssisələrin eyni olubolmamasının və hansı dövrlərdə fəaliyyətdə olmasının müəyyən edilməsi, 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin müəssisənin ilkin qeydiyyat tarixi barədə məlumat verilməsi və onun ilkin qeydiyyatına dair sənədlərin (hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və ya vergi orqanında qeydiyyatı barədə) təqdim edilməsi, Birliyin 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin hüququ varisi olub-olmaması, Trestin tabeliyində 4 saylı Təmir-Tikinti İdarəsinin yaradılması, həmin İdarənin hansı dövrlərdə (il, ay, gün dəqiq göstərilməklə) fəaliyyət göstərməsi ilə bağlı məlumatın verilməsi, İddiaçı həmin İdarədə17 iyun 1976-cı il tarixdə baş usta vəzifəsinə təyin edilməsi barədə 27 saylı 17 iyun 1976-cı il tarixli əmrin, 1 mart 1999-cu il tarixdə iş icraçısı təyin edilməsi barədə 7 saylı 1 mart 1999-cu il tarixli əmrin və 28 dekabr 2004-cü il tarixdə onun işdən azad edilməsi barədə 41 saylı 28 dekabr 2004-cü il taixli əmrin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Xocavənd rayon Vergilər Şöbəsinə və Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinə müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 03.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 226 saylı 9 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Azərbaycan Respublikası Presidentinin 1017 saylı 12.05.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Bununla bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə olunmuşdur. 04.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Xocavənd rayon Vergilər Şöbəsinin 27.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Tresti (VÖEN 6********) 13.06.2005-ci il tarixdə vergi orqanında hüquqi şəxs kimi qeydiyyata alınmış, 24.01.2008-ci il tarixdə hüquqi ünvan dəyişikliyi edərək Xocavənd rayon Vergilər şöbəsinə keçirilmiş, həmin trestin 19.12.2012-ci il tarixədək fəaliyyətdə olduğu bildirilmişdir. 17.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Füzuli rayon Vergilər Şöbəsinin 27.04.2021-ci il tarixli sorğuya cavab məktubundan (müəssisənin hüquqi statusu və fəaliyyəti barədə məlumatdan) görünür ki, məktubda adı şəkilən hüquqi şəxs 4 saylı rayonlararası xüsusi təmir quraşdırma idarəsi (**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən 28.09.2005-ci ildə vergi orqanında qeydiyyata alınmış, fəaliyyətini 13.02.2014-cü il tarixdən 14.02.2024-cü il tarixədək dayandırmışdır. Müəssisə Xocavənd rayon Vergilər şöbəsində uçotda olan 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Trestindən (**********) ayrı müəssisədir. Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin 52 saylı 02.04.2021-ci il və 55 saylı 21.09.2021-ci il tarixli məktublarının məzmunundan müəyyən olunur ki, 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin tabeliyində 4 saylı Təmir- Tikinti İdarəsi mövcud olmuş və həmin müəssisə 31.12.2005-ci il tarixədək fəaliyyət göstərmişdir. Trestlər və İdarələr Sovet Sosialist Respublikası dövründə mövcud olmuş müvafiq müəssisələrin bazasında yaradıldığından və Trestlər Azərbaycan Respublikası dövründə yenidən qeydiyyata alındıqlarından bir çox Trest və İdarələrin yaradılması bütün sənədlərin arxivinin Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyində formalaşdırılması tam mümkün olamamış, məlumatları təqdim edilmiş trestlər və idarələrin arxiv məlumatları saxlama müddəti başa çatdığından məhv edilmişdir. Trestlərin və onların tərkibinə aid olan İdarələrdə işləyən şəxslərin uçotu aparılmadığından bu barədə məlumat Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyində olmamışdır. Bundan başqa məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Xocavənd rayon Vergilər Şöbəsi tərəfindən 12.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 05.07.2021-ci il tarixli cavab məktubu və ona əlavə olunmuş sənədlərdən aydın oldu ki, Rayonlararası İstehsalat Təmir- Tikinti Birliyinin nəzdində Bakı şəhəri Nəsimi rayonunda 13 No-li Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin yaradılması haqqında nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04 may 1994-cü il tarixdə qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 may 1994-cü il tarixli qərarından çıxarış əlavə olunmuşdur. Sonradan 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Tresti Rayonlararası X1 12 saylı 10 fevral 2005-ci il tarixli əmri ilə həmin Birliyin tabeliyinə keçirilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən onun 17.06.1976-cı il tarixdən 28.12.2004-cü il tarixədək 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi qeyd olunsa da, bu barədə aparılan araşdırmalar nəticəsində və verilmiş sorğulara cavab olaraq daxil olmuş sənədlərdən müəyyən olundu ki, iddiaçının işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin nəzdində olduğu 13 saylı Rayonlararası İstehsalat Təmir- Tikinti Tresti 04 may 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınmış, sonradan həmin müəssisənin VÖEN-ni dəyişdirilib, müəssisə başqa Birliyin tabeliyinə verilsə də, fəaliyyəti 2005-ci il tarixədək olmuşdur. Həmin müəssisənin nəzdində olan 4 saylı Təmir Tikinti İdarəsinin də işdə olan Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi tərəfindən verilmiş məlumat əsasında 31 dekabr 2005-ci il tarixədək fəaliyyət göstərdiyi məlum olur. Belə olan halda, iddiaçının 1976-cı il tarixdən 2004-cü il tarixədək işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin ən tezi nəzdində olduğu baş idarənin, yəni 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin ilk dəfə hüquqi şəxs kimi qeydiyyata alındığı 04 may 1994-cü il tarixdən mövcud ola biləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin müəssisədə 04 may 1994-cü il tarixdən əvvəl, həmçinin 1976-cı ildən işləməsi qeyri-mümkündür, bu fakt iş materialları ilə də təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi qərarında 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsi də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borclarının 01.04.2018-ci il tarixdən silinməsini əsas gətirərək, İddiaçı 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işləməsi və iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Bu barədə qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığortası üzrə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaranmış borcların silinməsi iddiaçının tələb etdiyi müddətin onun sığorta stajına daxil edilməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3219/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar