Məhkəmə qərarları › İş №2-1(103)-989/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-989/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-989/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8663/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 25910.45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30900 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 33486.55 manat borcuna görə 30900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müdətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2- ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd edilən borc məbləğindən dövlət büdcəsinə 25910.45 manat ödənilməmiş borcu qalmışdır.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, əsassız və qanunsuz olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarı ilə vergi borcunun bir hissəsi artıq silinmişdir. Həmin məhkəmə qərarından narazı qalan cavabdehin apellyasiya şikayəti Bakı Apellyaasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-162/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, tərəfindən kassasiya şikayəti verilmişdir. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8663/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməli olan 25910 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30900 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın....” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçının tələbini təmin etmişdir. Belə ki, məhkəmənin qərarında qeyd etdiyi xx.xx.2022-ci il tarixli **********9 nömrəli borcların ödənilməsi barədə bildiriş cavabdehə göndərilməmişdir. Həmçinin siyahıya alınmış əmlakın məbləğinin 30900 manat olduğunu qeyd etməklə ziddiyətli qərar qəbul etmiş, cavabdehin hansı məbləğdə əmlakının siyahıya alındığını müəyyən etməmişdir. Bundan başqa əmlakın siyahıya alınmasına dair protokol ona verilməmiş və onun tərəfindən imzalanmamışdır, ümumiyyətlə vergi orqanı ona məxsus olmayan əmlakları siyahıya almışdır. Məhkəmə vergi ödəyicisinə “vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə” xəbərdarlıq göndərildiyini qeyd etsə də, həmin xəbərdarlıq da ona göndərilməmişdir. Siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarı ilə vergi borcunun bir hissəsi artıq silinmişdir. Həmin məhkəmə qərarından narazı qalan cavabdehin apellyasiya şikayəti Bakı Apellyaasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-162/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərardan da verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin 2-1(102)-1637/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi məhkəmə qaydasında artıq silinmişdir. Şəxsi vərəqdən də görünür ki, onun 22573, 32 manat məbləğində borcu var. Odur ki, iddia tələbi əsassızdır. ...” Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməzdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək üçün malik olduğu səlahiyyətlərini (hüququnu) və bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə sadalanan üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh sadələşdirilmiş verginin ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmiş, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi eyniləşdirmə nömərəsi verilmişdir (VÖEN **********). Onun işə əlavə olunmuş şəxsi hesab vərəqsindən görünür ki, vergi orqanının cavabdeh vergi ödəyicisinə ünvanlanmış onun sahibkarlıq fəaliyyətindən yaranmış xx.xx.2022-ci il tarixə olan dövlət büdcəsinə əsas vergi borcu 42750,36 manat, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq ödənilməmiş borc məbləğin hər ötmüş gününə görə 0,1 faizlə hesablanmış 572,93 manat faiz borcu, ümumilikdə, onun 43,323.30 manat ödənilməmiş borcu mövcud olmuşdur. Eyni zamanda, işə əlavə edilmiş cavabdeh vergi orqanı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli **********9 saylı bildiriş təqdim edilərək, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 43,323.30 manat (2,721,00 vergilər üzrə +40,029.36 maliyyə sanksiyası üzrə + 572,94 faizlər üzrə) əsas yaranmiş borcunun ödənilməsi tələb olunmuşdur. Şəxsi hesab vərəqisindən görünür ki, 40,029.36 maliyyə sanksiyası vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələrinə dair qəbul edilmiş **********0114 No-li xx.xx.2021-ci il tarixli qərar əsasında hesablanmış olan 48000 manat maliyyə sanksiyası borcundan qalan bir məbləği özündə əks etdirir. Belə ki, apellyasiya şikaytində cavabdeh də bildirir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarına əsasən onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********0114 No-li qərarı qismən, 4 nəfər işçiyyə münasibətdə, 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Ləğv edilən həmin məblği isə sözügedən qərarla hesablanmış 48000 manat məbəlğində maliyyə sanksiyasından çıxıldıqda, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu maliyyə sanksiyası 40 000 manat təşkil edir. Konkret halda isə iddiaçı tərəfindən cavabdeh vergi ödəyicisinin həyata keçirdiyi ödənişləri və dəqiqləşdirilmiş bəyannamələri üzrə tətbiq edilmiş azalmalar nəzərə alınmaqla, onun yuxarıda qeyd olunan borcundan xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 25910.45 manat məbləğində ödənilməmiş borcu qalmışdır ki, həmin borcun da ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarı ilə ümumilikdə 30900 manat dəyərində əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, həmin protokola iki vərəqdən ibarət əmlakın siyahısı əlavə edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə akt tərtib olunmaqla cavabdehə məsul saxlamaya verilmiş və AR CM-nin 303-cü maddsi il məsuliyyət daşıdığı barədə ona xəbərdarlıq olunmuş, bütün bunlar müsbət nəticə vermədiyindən sonuncuya qarşı sıyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə hazırkı iddia qaldırılmışdır. Beləliklə də tədiq olunan sübutlarda müəyyən edilən hallar onu deməyə əsas verir ki, burada aydın olumayn və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini zəruri edən hər hansı bir qaranlıq məqam yoxdur. Başqa sözlə, mübahisəli borc məbləği mürəkkəb bir hesablamanı əks etdirmir və şəxsi hesab vərəqəsi üzrə adi riyazi üsulla xronoloji ardıcıllıqla izləmə aparıldıqda, qalıq borcun yaranma səbəbləri aşkar olunmaqla hesablamanın borcun miqdarının hesablanması mümkün olduğundan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olduğunu vurğulayan dəlillərini işi uzatmaq məqsədi daşıyan formal xarakterli dəlillər kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir əsas olmadan iddianın təmin olunması barədə əsassız qərar olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8663/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8663/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar