Məhkəmə qərarları › İş №2-1(103)-99/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-99/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-99/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı-nin (VÖEN **********, hüquqi ünvan-ünvan 123, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3, qanuni təmsilçi-X4, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2005ci il) Cavabdeh2nə qarşı (üçüncü şəxs Cümşüdova Könül Kamil qızı) “sərəncamın ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2-1(82)-1120/2017 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərilən ünvanda magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət təqdim edilmiş, xx.xx.2015-ci il tarixli məhkəmə iclas protokoluna əsasən vəsatət təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 18 mart 2015-ci il tarixli qərardadı ilə (hakim L.Talıbova) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2015-ci il tarixində məhkəməyə iddiaçı tərəfindən iddianın təmin tədbiri barədə ərizə daxil olmuş, ərizədə cavabdehin göstərilən ünvanda tikinti işlərinin aparılmasının qadağan olunması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 30 mart 2015-ci il tarixli qərardadı ilə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 01 aprel 2015-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 156-170 saylı yaşayış binasının yanında aparılan tikinti işlərinin dayandırılması və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 01 aprel 2015-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyi alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. xx.xx.2015-ci il tarixində qərardad icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2015-ci il tarixli, № 8336 ekspert rəyi məhkəməyə daxil olmuş, tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 156-170 saylı yaşayış binasının yanında iddiaçıya məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən diametri 630 mm-lik magistral istilik kəmərinin mövcud olduğu müəyyən edilir, aparılmış tikili Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 156-170 saylı yaşayış binasının yanında iddiaçıya məxsus RİQ-6-dan istilik məntəqələrinə gedən diametri 630 mm-lik magistral istilik kəmərinin üzərində quraşdırılmış konpensatorun üzərində yerləşmədiyi müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim R.Ataşova) iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8360/2015 saylı, 14 dekabr 2015-ci il tarixli qərardadı ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov, S.Hacıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1344/2015 saylı, 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri Xətai rayonu, R.Məmmədov küç., 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus magistral istilik kəmərlərinin üzərində tikilən tikilinin sökülməsi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizədə iddia tələbinin dəyişdirilərək “Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 98 saylı sərəncamının etibarsız sayılaraq istilik kəmərlərinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi” kimi hesab olunması xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi cavabdehin xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamının etibarsız sayılması və qeyri-yaşayış sahəsinin sökülməsi kimi göstərilmiş, cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin prosessual iştirakına xitam verilmiş, Cavabdeh2 cavabdeh, Cümşüdova Könül Kamil qızı üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia qeyri-yaşayış sahəsinin sökülməsi hissəsində mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilməmiş, işə mahiyyəti üzrə baxılıb qəbul olunmuş yekun qərar (və ya qərardad) qanuni qüvvəyə minənədək Cavabdeh2 98 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamındakı (Xətai rayonu,R.Məmmədov küçəsində yerləşən 50 kv.m ölçüdə) obyektin tikintisinin davam etdirilməsi və istismarı üçüncü şəxs Cümşüdova Könül Kamil qızına qadağan olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2016-cı il tarixli, 21202№-li ekspert rəyi məhkəməyə daxil olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-775/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2017-ci il tarixli, 5479 №-li ekspert rəyi məhkəməyə daxil olmuş, rəyin nəticəsi kimi qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən tikili 630 mm-lik magistral istilik kəmərindən 5.2 m məsafədə inşa edildiyini nəzərə alaraq həmin tikilinin Tikinti Norma və Qaydalarının İİ.36.73*8.14 bəndinin və 5-ci cədvəlinin tələblərinə əsasən minimum məsafə 5,0 m-dən az olmayan istilik borusunun mühafizə zonasına düşmədiyi müəyyən olunur. xx.xx.2017-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2nə və üçüncü şəxs qismində Cümşüdova Könül Kamil qızına qarşı “ Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 98 saylı sərəncamının ləğv olunması”nı xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayonu, R.Məmmədov küçəsi, 156-170 saylı yaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6- danistilik məntəqələrinə gedən, konkret olaraq Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpensatorun üzərində tikinti olduğu müəyyən edilmişdir ki, bu da magistral istilik xətlərinin istismarını mümkünsüz edərək Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən istilik xətlərinin istismarı məcburiyyət qarşısında dayandırılacaqdır. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertə tədqiqat obyektinə baxış keçirilərkən istilik xətlərinin yerləşmə koordinatları, tikilinin kompensatorun üzərində tikildiyi göstərilsə də, Mərkəzin nümayəndəsi tərəfindən tərtib edilmiş rəydə tədqiqatın nəticəsi olaraq tikilinin istilik kəmərinin kompensatorunun üzərində yerləşmədiyi göstərilmişdir. Payız-qış mövsümünə hazırlıqla bağlı qeyd edilən ünvanda istilik xətlərində təmir bərpa işlərinin aparılması nəzərdə tutulsa da qeyri-qanuni tikinti səbəbindən işin icrası mümkün olmamışdır. 1-ci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdrıma aparmamış, mahiyyət etibarilə əsassız və qanuna zidd qərar çıxarmaqla iddiaçının hüquqlarını pozmuşdur. Halbuki 1-ci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırsa idi, iddia tələbinin təmin edilməsinə dair kifayət qədər əsasların olduğunu müəyyənləşdirə bilərdi. Həmçinin 1-ci instansiya məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 180.1, 180.3, 240.1, 240.3-cü maddələrinin tələbləri nəzərə alınmayaraq maddi hüquq normaları pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 37/2018 saylı, 30 yanvar 2017-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2018-ci il tarixli, 5222 №-li ekspert rəyi məhkəməyə daxil olmuş, rəyin nəticəsi kimi qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən tikilinin həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəməri üzərinə və istilik xəttinin mühafizə zonasına düşüb-düşməməsi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilməsinə dair tədqiqat aparılmadı, lakin Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Xətai RİH başçısının xx.xx.1998-ci il tarixli, 98 nömrəli sərəncamında nəzərdə tutulmuş tikilinin həmin ərazisindən keçən 630 mm-lik magistral istilik kəməri üzərinə düşmədiyi, tikili 630 mm-lik magistral istilik xəttini mühafizə zonasına düşərək, binanın qarşı tərəfindən 1,5 m məsafədən keçdiyi və həmin tikilinin inşaat və norma qaydalarına uyğun tikilmədiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 37/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Cavabdeh2 Başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli sərəncamın etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs Cümşüdova Könül Kamil qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-460/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1305/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2019-cu il tarixli, 21420 №-li məktubu ilə ekspertiza aparmaqdan imtina haqqında məlumatı məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 36/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Baxışova, C.Yusifov, R.Qurbanov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı 22 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilərək Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin Cümşüdova Könül Kamil qızının adına sənədləşdirilməsi haqqında xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı ləğv edilmiş, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarına görə 300 manat ekspertiza xərci cavabdehə aid edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2021 saylı, 02 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, İ.Xələfov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 36/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1301/2021 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların nümayəndələri iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2-1(82)-1120/2017 nömrəli qərarı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Ali Məhkəmənin iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iş üzrə toplanmış, lakin bir-biri ilə ziddiyyət təşkil edən sübutlar (iddiaçının təqdim etdiyi sxem və fotoşəkillər, ekspert və mütəxəssis rəyləri, üçüncü şəxsin təqdim etdiyi fotoşəkillər və s.) tam və hərtərəfli tədqiq olunmalı, zərurət olduqda, mübahisənin düzgün həlli üçün həmin sübutlar icraatın iştirakçıları ilə birlikdə bilavasitə yerində - üçüncü şəxsə məxsus tikilinin yerləşdiyi və istilik xəttinin keçdiyi əraziyə baxış keçirtməklə - yoxlanılmalı və qiymətləndirilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd edilən göstərişə uyğun olaraq işin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixli, 2-1(103)-1301/2021 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “Bakı şəhəri, Xətai RİH başıçısının xx.xx.1998-ci il tarixli, 98 nömrəli sərəncamında nəzərdə tutulmuş, iş üzrə üçüncü şəxs Cümşüdova Könül Kamil qızına məxsus tikili həmin ərazidən keçdiyi iddia edilən magistral istilik kəməri üzərinə və ya mühafizə zolağına düşürmü?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4889 saylı ekspert rəyinə əsasən – “Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən tikili 630 mm-lik magistral istilik kəmərindən 1,9/2,0 m kənarda inşa olunduğundan, həmin tikilinin Tikinti Norma və Qaydalarının İİ.36.73* 8.14 bəndində və 5-ci cədvəlində göstərilən istilik təchizatı obyektlərinin və istilik xətlərinin tikintiyə qədər olan 5 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir.” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 03 may 2018-ci il tarixli, 37/34- 01936 nömrəli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyində «Azkommunlayihə» İnstitutunun mühəndisi Madər Nəbiyev məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, sözügedən Sərəncamda nəzərdə tutulmuş tikili diametri 630 mm olan magistral istilik kəmərinin üzərinə düşmür, lakin xəttin mühafizə zolağına düşür. Eyni zamanda həmin tikili Tikinti İnşaat Norma və Qaydalarına uyğun inşa edilməmişdir. İşə apellyasiya qaydasında ilk dəfə baxılarkən iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş 5222 nömrəli xx.xx.2018-ci il tarixli rəyində FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyi əsas götürülərək müəyyən edilmişdir ki, Cavabdeh2 başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli Sərəncamında nəzərdə tutulmuş tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə deyil, istilik kəmərinin mühafizə zonasına düşür. Rəydə istilik kəmərinin obyektin qarşı tərəfindən 1.5 m məsafədə keçdiyi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin «16» oktyabr 2017-ci il tarixli 08 №-li qərarı ilə təsdiq edilmiş “İstilik şəbəkələri Layihələndirmə Normaları” qüvvəyə minənədək Azərbaycan Respublikasında Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş МСН 4.02-02- 2004 “Тепловые сети” normativ sənədləri qüvvədə olmuşdur. Həmin Qaydaların 8.14-cü bəndində və 5-ci cədvəlində istilik xətləri ilə tikinti arasında saxlanılmalı olan ən kiçik məsafənin 5 metr olduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilən ekspertiza rəylərindən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq məktubundan müəyyən edilir ki, Cavabdeh2 başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli Sərəncamında nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin mühafizə zonasına düşür. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Cavabdeh2 tərəfindən xx.xx.2015ci il tarixli 98 nömrəli sərəncam verilərkən obyektin yerləşdiyi ərazidən istilik, qaz, su kəmərlərinin keçib-keçməməsi ilə bağlı müvafiq araşdırma aparıldığı barədə iş materiallarında sübutlar mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan və iş materialları ilə öz təsdiqini tapdığından təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2-1(82)-1120/2017 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2-1(82)- 1120/2017 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi təmin edilsin. Cavabdeh2 Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin Cümşüdova Könül Kamil qızının adına sənədləşdirilməsi haqqında xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı ləğv edilsin. Cavabdeh2ndən ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz manat) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar