Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-990/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2- 1(112)-1253/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 10.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması; 20.04.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlaması Aktına əsasən artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi faktiki olaraq sair ixtisaslaşmış topdan satış ilə məşğul olur. “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əsasnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28.09.1999- cu il tarixdə ilkin qeydiyyata, 06.09.2011-ci ildə isə 2-ci redaksiyada qeydiyyata alınmış və nümayəndəliyə Dövlət qeydiyyatı haqqında 555 №li şəhadətnamə verilmişdir. 09.07.2004- cü il tarixdən ********** №-li VÖEN ona məxsusdur. Nümayəndəlik Rusiya Federasiyasının «X7» MMC tərəfindən təsis edilmişdir. Təsdiq edilmiş Əsasnaməyə əsasən vergi ödəyicisinin təşkilati hüquqi forması nümayəndəlikdir. Nümayəndəlik ünvan 1 ünvanında idxal olunmuş malların emalı (digər hüquqi şəxsə "xxxx" MMM-yə) verilməsi və emal olunmuş hazır məhsulların ixrac fəaliyyəti ilə məşğul olur. Bu müddət ərzində mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Hesabatları vaxtlı-vaxtında ödəmiş və üzərinə düşən vergiləri vicdanlı vergi ödəyicisi kimi ödəmişdir. Bütün əməliyyatlar, hesabatlar, vergi hesab fakturaları elektron qaydada göndərildiyindən bütün məlumatlara, gömrük bəyannamələrinə, xərclərə nəzarət edilməsi mümkündür. İlk öncə cəmiyyətin fəaliyyəti zamanı heç bir vergidən yayınma halları baş verməmiş, qanunvericilik çərçivəsində bütün vergi hesabatlarını vermiş və vergilər vaxtlı vaxtında ödənilmişdir. Müraciətin əsas səbəbi 21.12.2018-ci ildə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən şəxsi hesab vərəqəsindən artıq ödəmə olan 1.864.930.70 manatın silinməsi ilə bağlıdır. Belə ki, 21.12.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən **********915300 “Tələb etmə və əvəzetmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş” göndərilmiş və 21.12.2018- ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930,7 manat artıq ödəmə, VM-nin 85.5-ci maddəsinə əsasən silinmişdir. Belə ki, iddiaçının şəxsi vərəqəsində olan məlumata görə 18.12.2018-ci il tarixə 2.041.792.24 manat artıq ödəmə öz əksini tapır. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. Yuxarıda qeyd edilən müddəaya əsasən 2016-cı ilin sonu iddiaçının şəxsi hesab vərəqəsindən artıq ödəmə silinməsi halı baş verdi və 2017-ci ildə məhkəmədə artıq ödəmənin geri qaytarılması iddiası ilə məhkəmədə iş vardı. Bundan əlavə 14.02.2017-ci ildə təkrar olaraq 24.02.2017-ci ildə və yenidən təkarar olaraq 13.03.2017-ci il tarixdə artıq ödəməninin geri qaytarılması barədə ərizələr tərəflərindən cavabdeh təşkilata təqdim edilmişdir. Ərizələrə cavablar müxtəlif olmuşdur. İlkin olaraq cavab alınmışdır ki, müraciətdə göstərilən məbləğ müəyyən edilməmişdir. 13.03.2017-ci il tarixli ərizəsinə isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılaraq 20.04.2017-ci il tarixli Qərar əsasında səyyar vergi yoxlaması təyin edilmişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş məhkəmə qaydasında araşdırılaraq 05 iyun 2017-ci il tarixli 2-1(81)-1377/2017 saylı Qərardad ilə iddia mümkün sayılmamış, əsas kimi isə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.04.2017-ci il tarixli Qərarı əsasında səyyar vergi yoxlamasının təyin edilməsi və yoxlamanın başa çatmaması, nəticəsinin bəlli olmaması əsas götürülmüşdür. 15.08.2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollügiyasının qərardadı ilə şikayət təmin edilməmişdir. 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlama Aktı qəbul edilərək bu yoxlama nəticəsində ciddi nöqsanlar aşkar edilməmiş və eyni tarixli qərarla Nümayəndəlik 11.70 manat həcmində vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlaması aktının 13/16 səhifəsinin 2.3-cü bəndində şəxsi vərəqədə 15.01.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olduğu qeyd edilir. Səyyar vergi yoxlaması artıq ödəmənin qaytarılmasına görə 2017-ci ildə yazılmış ərizə əsasında başlandığından bu Səyyar vergi yoxlamasının nəticəsində artıq ödəməninin geri qaytarılıb qaytarılmaması məsələsi həll edilmədi, qərar qəbul edilmədən açıq qaldı. Nəticə etibarı ilə nəticəsi onlara bildirilməli idi. Tərəflərindən 2016-2017-ci illər ərzində dəfələrlə müraciətlər olmuş, səyyar vergi yoxlaması keçirilib, lakin bu günə kimi müvafiq orqan tərəfindən yazılı cavab onlara təqdim edilməmiş və müvafiq rəy göndərilməmişdir. Bundan əlavə Departamentin baş direktorunun müavini, baş vergi xidməti müşaviri Vüqar Rzayev tərəfindən 31.10.2017-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, “Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olması əsası ilə səyyar vergi yoxlaması aparılır və nəticəsi barədə əlavə məlumat veriləcəkdir”. Lakin nəticəsi barədə onlara heç bir məlumat verilməmişdir. Həmin vaxtdan aylar keçməsinə baxmayaraq 21.12.2018-ci il tarixdə onlara heç bir məlumat, qərar, üzləşmə aktı, bildiriş (qanunvericiliklə müəyyən edilən müvafiq hüquqi akt) elektron qaydada göndərilmədən şəxsi hesab vərəqədən 1.864.930.70 manat silinmişdir. 1.864.930.70 manat silinməsi barədə məlumatı isə 27.12.2018-ci il tarixdə aldıqları “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” barədə olan bildiriş oldu. Azalmanın hansı illəri, hansı illərə aid olan məbləğlərin silinməsi barədə bildirişdə ətraflı məlumat yazılmamışdır. Müraciətlərində də onlara bu barədə açıqlamalar, qərar və ya akt təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Onlar tərəfdən heç bir müddət ötürülməsi baş verməmiş, əksinə qanunvericiliklə 20 günə qaytarılmalı olan artıq ödəmə barədə onlara heç bir yazılı məlumat verilməmiş və məbləğ geri qaytarılmamışdır. 27.12.2018-ci il tarixli Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən göndərilən Bildirişə 03.01.2019-cu ildə cavab yazaraq, şəxsi vərəqədən silinən 1.864.930.70 manatın düzgün olaraq silinmədiyi, heç bir müddəti ötürmədiklərini bildirərək bundan əvvəl yazdığı ərizə, akt, məktub və məhkəmə qərarlarını göndərmişlər və 1.864.930.70 manatın şəxsi vərəqə geri qaytarılmasını və şəxsi vərəqədə olan bütün məbləğin onlara geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Lakin təkrar olaraq onlara 31.01.2019- cu ildə 03.01.2019-cu il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, 2.083.800 manat vəsait şəxsi hesab vərəqəsində yoxdur. Axı onlar müraciət etdiyi 2017-ci il idi və həmin məbləğ şəxsi hesab vərəqədə var idi. Hətta keçirilən Səyyar vergi yoxlaması aktında da artıq ödəmə məbləği dəqiq həmin günə, yəni 15.01.2018-ci ilə 2.014.373,44 manat yazılmış, 18.12.2018-ci ildə şəxsi hesab vərəqəsində iki milyon artıq ödəmə var idi. Vergi orqanı tərəfindən artıq ödəmənin geri qaytarılması barədə ərizə əsasında təyin edilmiş Səyyar vergi yoxlamasının nəticəsi bəlli olmadan, onlara cavab yazılmadan 21.12.2018-ci ildə yenidən şəxsi vərəqədən 1.864.930.70 manat silinmişdir. Hesab olunur ki, qanunvericiliyin tələblərinə ziddir və sahibkar kimi onların hüquqları pozulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərindən vaxtında müraciət edilmiş, müraciətləri icra edici orqanın icraatında olmuş, tələb etmə müddətinə əməl edilmişdir. Halbuki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanlarının vəzifələri: vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Dəfələrlə cavabdeh orqana izahat və məktublarla müraciət edilmiş, lakin dəqiq cavab alınmamışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi, 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.04.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilmiş və 21.12.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş 15.01.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. 18.01.2021-ci il tarixdə qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , 21.12.2018-ci il tarixə "X7" MMCnin (VÖEN **********) şəxsi hesab vərəqəsində tələbnamə müddətini keçmiş 1864930.70 manat "Artıq ödənilmiş vergilərin,faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" Komissiya tərəfindən çıxarılmış 20.12.2018ci il tarixli **********889700 saylı Qərara əsasən silinmiş və bu barədə iddiaçıya **********915300 nömrəli 27.12.2018-ci il tarixli bildiriş göndərilmişdir. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb edilmədiyindən qanunvericiliyə uyğun olaraq, 1864930.70 manat məbləğ "Artıq ödənilmiş vergilərin,faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" Komissiya tərəfindən çıxarılmış 20.12.2018ci il tarixli **********889700 saylı Qərara əsasən silinmişdir. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, sahibkarlıq fəaliyyətinə başladığı dövrdən iddiaçı cəmi 62.157,78 manat vergi ödəmişdir. Göstərilənlər bir daha sübut edir ki, məhkəmə araşdırma aparmadan, prosessual pozuntulara yol verməklə əsassız qərar qəbul etmişdir.Həmçinin qeyd etmək istəyirlər ki, məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının xərclərini vergi orqanının üzərinə qoymuşdur. Qeyd etmək istəyirlər ki, vergi orqanı tərəfindən edilən hərəkətlər qanuni və əsaslı olduğundan məhkəmənin mövcud qənaəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əliyeva, nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2- 1(112)-1253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 26.02.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 10.10.1999-cu il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X3r. - vergi orqanı tərəfindən iddiaçının 31.10.2017-ci il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində keçirilən səyyar vergi yoxlamasının yekunlaşdırılması və artıq ödəmənin qaytarılması barədə 31.10.2017-ci il tarixli müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasındakı Nümayəndəliyində Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanskiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olması əsası ilə səyyar vergi yoxlaması aparılır və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. - Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış 24 fevral 2017-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, iddiaçı 2.083.800 (iki milyon səksən üç min səkkiz yüz) manat məbləğində artıq ödəmənin qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. - 15.01.2018-ci il tarixli, **********092069 saylı səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.04.2017-ci il tarixli, **********091510 saylı qərarına əsasən Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 21.04.2017-ci il tarixdə başlanıldı və 11.01.2018-ci il tarixdə başa çatdırılmışdır. Həmin aktın 2.3-cü bəndindən görünür ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında 15.01.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə müəyyən edilmişdir. Vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyənnamədə göstərilən məbləği verginin göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 23,40 manat vergi məbləğinə 50% miqdarında, yəni 11.70 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama 20.04.2017-ci il tarixli, **********756900 nömrəli xidməti məlumat əsasında təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2056/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərardadına əsasən iddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1377/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardada əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1377/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qərardadı ilə iddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsi hesab vərəqəsində “artıq ödəmə” kimi qeyd edilən məbləğin – 2.079.354,39 manatın qaytarılması üçün müvafiq rəyin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. - Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçıya ünvanlanmış “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” 21.12.2018-ci il tarixli, ********** saylı bildirişdən görünür ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 21.12.2018 tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930.7 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçının 03.01.2019-cu il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, onun artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. O, 03.01.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 2.083.800,00 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Müraciətə baxılarkən təqdim edilmiş ərizədə qeyd edilən artıq ödəmə məbləğinin şəxsi hesab vərəqədə mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2019-cu il tarixli, **********982200 saylı məktubdan görünür ki, iddiaçının 11.02.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində dondurulmuş artıq ödəmə məbləğinin geri qaytarılması ilə bağlı müraciətinə Vergilər Nazirliyində baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsinə uyğun olaraq 21.12.2018-ci il tarixə cəmiyyətin şəxsi-hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930,70 manat artıq ödəmə məbləği müəyyən edilərək, “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. - Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apelyasiya Şurasına göndərilmiş 02/19 saylı, 14.03.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı əsassız olaraq 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsində silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 2-ci bəndinə uyğun olaraq həmin məbləğdən istifadə hüququnun icra edilməsi üçün (artıq ödənilmiş vergilərin qaytarılması və əvəzləşdirilməsi) şəraitin yaradılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında Komissiya tərəfindən çıxarılmış” Qərarından görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 20 dekabr 2018-ci il tarixinə dövlət büdcəsinə artıq ödənilmiş 1.864.930,7 manat məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddəti bitmiş hesab edilmişdir. - İnternet Vergi İdarəsinin Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının şəxsi hesab vərəqəsindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 21.12.2018-ci il tarixində 1.864.930,70 manat məbləğində azalma aparılmışdır - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli, 9/1232 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 13.04.2010-cu il tarixindən 24.02.2017-ci il tarixədək Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirildiyi, o cümlədən 24.02.2012-ci il tarixdən 24.02.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir; 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Hazırkı iş üzrə iddiaçı 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi, 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.04.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi ilə bağlı tələbetmə müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 10 aprel 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində 21.12.2018-ci il tarixdə onlara heç bir məlumat, qərar, üzləşmə aktı, bildiriş (qanunvericiliklə müəyyən edilən müvafiq hüquqi akt) elektron qaydada göndərilmədən şəxsi hesab vərəqədən 1.864.930,70 manat məbləğin silinməsini göstərmişdir. Qərar cavabdeh tərəfindən işin birinci instansiya icraatı zamanı 30 may 2019-cu il tarixdə iddiaçıya rəsmi təqdim edilmiş, daha sonra isə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qərarın mübahisələndirilməsi ilə bağlı qanunla müəyyən edilmiş 30 gün müddət ötürülmədən tələb irəli sürülmüşdür. İş materiallarında olan ekspert rəyinə əsasən, həmçinin iddiaçının şəxsi hesab vərəqəsində iddiaçının 13.04.2010-cu il tarixdən artıq ödəməsinin yaranması müəyyən edilsə də, lakin qüvvədə olan qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, fəaliyyətdə olan vergi ödəyicisi olaraq iddiaçının ilk artıq ödəməsinin yarandığı 2010-cu il tarixinin əsas götürülməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilən əsaslarla 5 il ərzində tələb etmək hüququnu itirmiş hesab edilməsi, göstərilən əsasla 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərar əsasında 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən 1.864.930.70 manat artıq ödəmə məbləğinin silinməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 20.12.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” qərarının əsassız olduğundan ləğv edilməsi, həmin qərar əsasında 21.12.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması ilə bağlı nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının artıq vergi ödəməsinə dair müraciəti əsasında cavabdehin 20 aprel 2017-ci il tarixli qərarı ilə Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlama əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında 15.01.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olması müəyyən edilmişdir. Göstərilən hal iş materiallarında olan ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20.04.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və 15.01.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi ilə bağlı tələbi də əsaslıdır. Eyni zamanda işin apellyasiya icraatı zamanı cavabdeh 31.03.2021-ci il tarixdə vəsatət təqdim edərək, iddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddia tələbləri üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış səyyar vergi yoxlaması başa çatana kimi icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Baş İdarənin **********140131 nömrəli, 21.09.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama hal-hazırda davam edir. Göstərilənlərə uyğun olaraq, qeyd olunan iş üzrə aparılan yoxlama tətbiqinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar yoxlama tətbiqi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri mümkündür. Azərbaycan Respublikası İPM-nin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Məhkəmə kollegiyası vəsatətlə bağlı qeyd edir ki, qanunvericilik normasının məzmunundan göründüyü kimi mübahisənin predmeti və ya məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə baxışının dayandırılmasına yol verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatətdə hazırkı iddia predmetinin cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olmasını sübut edən hər hansı sənəd-sübut təqdim edilmədiyindən, vəsatət əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinin vergi orqanının üzərinə qoyulması, vergi orqanı tərəfindən edilən hərəkətlər qanuni və əsaslı olduğundan məhkəmənin mövcud qənaətinin əsassız olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı olaraq təmin etdiyindən, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən ekspertiza xərcləri haqlı olaraq vergi orqanının üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-1253/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-990/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-990/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver