Məhkəmə qərarları › İş №2-1(103)-990/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-990/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-990/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “X4” X8rşı “iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh “X4” X8rşı “iddiaçının qeydiyyatdan keçdiyi peşə hazırlığı kurslarına dərslərə başlamağı, kursu bitirdikdən sonra işlə təmin edilməsi və işsiz kimi qeydiyyata alındığı 22 noyabr 2021-ci il tarixindən işsizlik müavinəti ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 noyabr 2021-ci il tarixində 4 saylı DOST Mərkəzində işsiz kimi qeydiyyatdan keçmiş, sonra isə peşə kurslarının birində İnformasiya və texnologiya (Proqram Təminatı) üzrə kursa yazılmışdır. Kursdan ona bildirilmişdir ki, 10-15 gün ərzində cavab gələcək və iddiaçı maksimum 1 aydan sonra dərslərə başlayacaqdır. 2 ay gözləməyinə baxmayaraq, ona heç bir cavab gəlməmişdir. Sonra “Start İT” kurslarının birində test imtahanı vermiş və müsabiqədən də uğurla keçmişdir. Bu dəfə də yenidən ona bildirilmişdir ki, guya 10-15 gün ərzində ona cavab gələcək, sonra isə dərslərə başlayacaqdır. İddiaçı yenə bir neçə ay gözləməli olmuş, amma heç bir cavab gəlməmişdir. Bu müddət ərzində dəfələrlə X2 və DOST Mərkəzinə zəng etsə də, zəngləri cavabsız qalmışdır. Hər dəfə X2 və DOST Mərkəzinə gedəndə isə gözləməyini bildirmişlər. 4 saylı Məşğulluq Mərkəzi tərəfindən hər dəfə dərslərə nə vaxt başlayacağını soruşanda isə “yer yoxdur, müəssisə bağlanıb, struktur dəyişib, qol çəkən yoxdur” kimi çoxsaylı bəhanələr gətirilmişdir. 3 aydan sonra isə Məşğulluq Mərkəzində işinin icraçıları iddiaçının istəyi və razılığı olmadan ixtisasını dəyişmişlər. 2-ci ixtisası Sosial Media Meneceri üzrə kursa yazılmış və 2 gündən sonra yenə də test imtahanı verib müsabiqədən keçmişdir. Yenə də ona 10-15 gün ərzində sənədlərə qol çəkiləcəyi və sonra dərslərə başlanacağı bildirilmişdir. 5 aydan sonra isə bildirilmişdir ki, iddiaçı müsabiqədən keçməmişdir. Halbuki, əvvəl ona müsabiqədən keçdiyi bildirilmişdir. Test imtahan vərəqini əməkdaşlardan istədikdə işinin icraçıları bundan imtina etmişlər. 20 aprel 2022-ci il tarixində 1 saylı Məşğulluq Mərkəzinin direktoru X6 və X1 sədri Nihal Muxtarovun qəbulunda olmuşdur. Onu dinləyəndən sonra əmin edib demişlər ki, 1 həftə ərzində sənədlərə qol çəkiləcək və məsələ həll olunacaqdır. Lakin belə olmadı. X7 gedəndə isə əməkdaşlar 3-cü dəfə ixtisasını dəyişdirməyə onu məcbur etdilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, həmin müraciətlərinə heç bir cavab verilməmişdir. Özü Nazirliyə gedib məsələni öyrənmək istəyəndə isə bildirilmişdir ki, guya ona zəng edilmişdir, lakin o, cavab verməmişdir. Halbuki, telefonuna heç bir zəng gəlməmişdir. 12 oktyabr 2022-ci il tarixində Məşğulluq İdarəsinə gedib 3-cü dəfə kurslara yazılmış, yenə də 10-12 gün ərzində cavab gələcəyi bildirilsə də, heç bir xəbər verilməmişdir. Məşğulluq İdarəsində işinin icraçıları işini ləngidir, onu incidir, kobud rəftar edirlər, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yazıldığı kursların birində dərslərə başlamaq istəyir, kursu bitirəndən sonra isə işlə təmin olunmaq istəyir. Çünki ailəsində işləyən yoxdur. Özü ali təhsilli olsa da, özünə münasib iş tapa bilmir. Qardaşı əvvəl atasının pensiyasını alırdı, hal-hazırda isə hərbi xidmətdədir və heç yerdən gəlirləri yoxdur. Anası heç bir yerdə işləmir və yalnız ev işlərini görə bilir. Atası isə 10 il bundan əvvəl vəfat edib. Sosial baxımdan ailəsi həssas ailələr qrupuna daxildir. Hazırda çox çətinlikəri və problemləri vardır. Maddi tələbatlarını ödəyə bilmirlər. 22 noyabr 2021-ci il tarixində 4 saylı DOST Mərkəzində işsiz kimi qeydiyyata alınmasına baxmayaraq, ona işsizlik müavinəti ödənilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2023-cü ildən "4MAPS ACADEMY” MMC tərəfindən təşkil olunan 3 aylıq "informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə həmin kursu bitirmişdir. Bununla yanaşı vətəndaşa peşə hazırlığına cəlb olunduğu dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən minimum aylıq əmək haqqı məbləğinə uyğun olaraq 3 ay müddətində hər ay 345 (üç yüz qırx beş) manat olmaqla təqaüd ödənilmişdir. Agentlik tərəfindən iddiaçı peşə hazırlığına cəlb edilmiş və qanunvericiliyin tələbləri çərçivəsində peşə hazırlığının təşkil edildiyi dövr ərzində iddiaçıya təqaüd ödənilmişdir. İşsizlikdən sığorta ödənişinin verilməsi “İşsizlikdən sığorta haqqında" Qanun (bundan sonra - Qanun) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası" ilə tənzimlənməkdədir. İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı qeyd edilməlidir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən şəxslərin işsizlikdən sığorta ödənişi əldə etməsi üçün Qanunun 13.1-ci maddəsində qeyd edilən 3 tələb təmin edilməlidir: 1) şəxsin işsiz kimi qeydiyyatda olması; 2) şəxsin əmək münasibətlərinə Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilməsi; 3) şəxsin işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olması. İddiaçı 17 aprel 2023-cü ildə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün Agentliyin Bakı Regional Məşğulluq filialına müraciət etmişdir. Qeyd edilən müraciətin araşdırılması zamanı İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçı işsizlikdən sığorta ödənişinin təyinatı üçün müraciət edən zaman isə onun daha əvvəlki dövrdə əmək müqaviləsi aşkarlanmamış, dolayısı ilə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olmadığı aşkarlanmış və bu səbəbdən də iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun 37-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli 170-İİQ nömrəli Qanununun ləğv edilməsi nəticəsində işsizlik müavinəti institutunun tətbiqi dayandırılmışdır. Hazırda həmin sosial təsisatın yerini işsizlikdən sığorta ödənişi almışdır ki, onun təyini ilə bağlı da yuxarıda istinad edilən normativ hüquqi aktlar və həmin aktlarda nəzərdə tutulan şərtlər tətbiq edilir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının xx.xx.2023-cü il tarixli müraciət vərəqinə, xx.xx.2023-cü il tarixli elektron müraciətinə əsasən iddiaçı ƏMAS-da işsiz kimi qeydiyyatda olduğu dövr ərzində ona işsizlik müavinətinin təyin olunması üçün müraciət etmişdir; - cavabdehin Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı 3 aylıq informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi peşəsi üzrə hazırlıq kursuna cəlb edilmişdir; - Birbank Biznes arayışına əsasən iddiaçıya 2023-cü ilin mart, aprel, may aylarında hər ay 345 manat təqaüd ödənilmişdir; - xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı xx.xx.2023-cü ildən "xxxx" MMC mağazalar şəbəkəsində paketləyici peşəsinə qəbul edilmişdir; - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdən “4MAPS ACADEMY" MMC tərəfindən təşkil olunan 3 aylıq "informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə həmin kursu bitirmişdir. Bununla yanaşı, vətəndaşa peşə hazırlığına cəlb olunduğu dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən minimum aylıq əmək haqqı məbləğinə uyğun olaraq 3 ay müddətində hər ay 345 (üç yüz qırx beş) manat olmaqla təqaüd ödənilmişdir. İddiaçı 17 aprel 2023-cü il tarixdə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün Agentliyin Bakı Regional Məşğulluq filialına müraciət etmişdir. Vətəndaşın məlumatları araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) əmək müqaviləsi aşkar edilməmişdir. İşsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Nazirliyin MEİS-nin ƏMAS-da İddiaçı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilmiş əmək müqaviləsi aşkar edilmədiyindən vətəndaşa işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. Müraciətlə bağlı aparılan araşdırma çərçivəsində müəyyən olunmuşdur ki, İddiaçı Nazirliyin MEİS-nin ƏMAS-da xxxxxxx000100 nömrəli aktiv əmək müqaviləsi bildirişi mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı hazırda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1-ci maddəsinə əsasən məşğul şəxs hesab edilməkdədir; Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, o işsiz kimi qeydiyyatdadır, müraciəti qeydə alındıqdan sonra “Start İT” kurslarında ilkin peşə bacarıqlarının yoxlanılmasında iştirak etmiş, lakin bilikləri yetərli olmadığı üçün seçdiyi sahədə peşə hazırlığına cəlb edilməsi mümkün olmamışdır, iddiaçıya digər sahələr üzrə təşkil edilən peşə hazırlığı kurslarına müraciət etmək təklif olunmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Həmin Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 5.9-cu maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir: 5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda. Həmin Qanunun 5.11-ci maddəsinə əsasən aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir: 20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda; 20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən aşağıdakı şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur: 20.2.1. işsiz şəxslərin; 20.2.2. bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin; 20.2.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin. Həmin Qanunun 20.2-1-ci maddəsinə əsasən bu Qanunun 20.2.2-ci və 20.2.3cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir: 28.1.1. müəssisədən sərbəstləşdirilmiş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq təminatların verilməsi; 28.1.2. peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün ödənilməsi; 28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə bu Qanunun 20.2.1-ci və 20.2.2-ci maddələrinə uyğun olaraq peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. Həmin Qanunun 13.1-1-ci maddəsinə əsasən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən təşkil olunan 3 aylıq “informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və xx.xx.2023cü ildə həmin kursu bitirmişdir, eyni zamanda iddiaçıya peşə hazırlığına cəlb olunduğu dövrdə iddiaçıya 3 ay müddətində minimum əmək haqqı məbləğində hər ay təqaüd ödənilmiş, bununla da cavabdeh tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci, 20.5-ci, 28.1-ci, 29.1-ci maddələrinin tələblərinə iddiaçıya münasibətdə əməl edilmiş, iddiaçının qeyd edilən qanunvericilik normalarında təsbit edilmiş hüquqları təmin edilmişdir, həmin hüquqların pozulmasına yol verilməmişdir. İddiaçı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsində göstərilmiş (həmin normada nəzərdə tutulan əsaslarla əmək müqaviləsinə xitam verilmiş) və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində göstərilmiş (işsiz şəxslər) kateqoriyasına daxil deyildir, belə ki, iddiaçı işsiz şəxs deyildir, hal-hazırda "xxxx" MMC-də işləyir, eyni zamanda işaxtaran qismində müraciət edilənə qədər əmək müqaviləsi bağlamış şəxs olmamışdır. Odur ki, iddiaçı işsiz şəxs və əmək müqaviləsinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsində göstərilmiş əsaslarla xitam verilmiş şəxs olmadığı üçün, habelə hazırki qanunvericilikdə işsizliyə görə müavinət verilməsi nəzərdə tutulmadığından ona işsizlikdən sığorta ödənişinin təyin edilməməsində və işsiz şəxs kimi müavinət təyin edilməməsində ifadə olunan cavabdehin hərəkətləri ilə qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar