Məhkəmə qərarları › İş №2-1(103)-991/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-991/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-991/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(103)-10826/2022 saylı xx.xx.2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndəsi (atası) İddiaçı vasitəsilə məhkəmədə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq, ona “məcburi köçkün” statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Dəqiqləşdirilmiş iddia). İşin faktiki hallarına görə iddiaçının atası İddiaçı məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Qubadlı rayonu olmuşdur. İddiaçının özü də Qubadlı rayonuna qeydiyyatdadır. Onun qanuni nümayəndəsi cavabdehə müraciət edərək iddiaçıya məcburi köçkün statusunun verilməsini xahiş etmiş, lakin cavabdeh imtina edrəkə bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı bununla razılaşmır. Çünki, o məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət alır. Yemək xərcini alan məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmışdır. Onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-10826/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Qanuni nümayəndə məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı əsassızdır və heç bir etibarslı sübuta əsaslanmır. Belə ki, iddiaçı Qanuni nümayəndə yetkinlik yaşına çatanadək valideyni İddiaçı himayəsində olmaqla, dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Komitəi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Təsadüfi deyil ki, istər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4.2 və 4.3-cü bəndlərində, istərsə də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması sərtləşdirilmis, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qanuni nümayəndə anası X6 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olduğundan, Qaydaların 4.1.6-cı yarımbəndinin tələbinə uyğun olaraq, iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsi 2022-ci il 19 sentyabr tarixli qərarında qeyd etmişdir ki, “Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir”.Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi əsaslandırma, ümumiyyətlə, qəbuledilməzdir. Qaydalar uşaqların köçkün statusunu əldə etməsi üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etməsini şərtləndirərək, müvafiq subyektiv hüququn yaranması məqamını müəyyənləşdirir. Belə ki, uşaqlar şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müvafiq sənəd toplusu ilə birlikdə Komitəyə müraciət edə bilərlər.Qanuni nümayəndə isə şəxsiyyət vəsiqəsini Asan l qurumundan xx.xx.2016-cı il tarixdə əldə etmişdir. Nəticədə, iddiaçının şəxsiyyət vəsiqəsini əldə etdiyi tarix onun müvafiq subyektiv hüququnun,həmçinin mübahisəli hüquq münasibətinin yaranması məqamı kimi qiymətləndirilməlidir...” Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. İşə əlavə olunmuş cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AA seriyalı 063079 №-li məcburi köçkün vəsiqəsinin surətinə, BRİHB-nin Xocahəsən qəsəbəsi üzrə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 875 saylı arayışına, habelə, ******** saylı (“ASAN1”xx.xx.2014) əsasən müəyyən olunur ki, iddiaçının atası İddiaçı Qubadlı rayonundan gəlmiş məcburi köçkündür, Qubadlı rayonu Əliquluuşağı kəndində rəsmi qeydiyyatdadır və o, Binəqədi rayonu Xocahəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində qeydiyyatsız yaşayır. -Eyni zamanda işə əlavə edilmiş xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 700720 №li doğum haqqında şəhadətnamənin və AA******* saylı şəxsiyyət vəsiqəsinin, habelə, ünvan 3 ünvanlanmış 15 avqust 2022-ci il tarixli İHB-nın arayışına əsasən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü iddiaçı X1 atası İddiaçı ilə anası X2 birgə nikahdan döğulmuş övladıdır və o, Binəqədi rayonu Xocahəsən qəsəbəsi Motodrom yaşayış sahəsində qeydiyyatsız yaşayır, xx.xx.2005-ci il tarixdən hal-hazıra kimi cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsindən yemək xərci alır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən, iddiaçının anası X2 daimi yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş rayon (şəhər) olmadığı əsas gətirilərək, iddiaçıya məcburi köçkün statusu verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin təqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının atası İddiaçı Qubadlı rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdığı və övladı Fatimənin (iddiaçının) onunla Xocahəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində qeydiyyatsız yaşadıqları və sonuncuya məcburi köçkünlərə ödənilən müavinət (yemək xərci) ödənildiyi təqdirdə, “Qaydalar”ın 4.1.6-cı bəndi hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi onun konstitusion hüquqları pozulmuş olur . Ən azından ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın qeyd olunan normalarındən irəli gələn tələbləri, eləcə də, iddiaçının böyüməsi və onun təhsil almasının - birlikdə yaşadığı məcburi köçkün düşmüş atasının ailə və maddi vəziyyətindən, eləcə də, məcburi köçkünlərə edilən imtiyazlardan da asılı olması nəzərə alınmalıdır. Qeyd olunanlar baxımdan, cavabdeh tərəfindən məcbur köçkün statusuna malik olan atası ilə birlikdə yaşayan, məktəbli və 2005-ci ildən məcburi köçkünlərə ödənilən müavinət alan iddiaçıya məcbur kiçkün statusu verilməsindən imtina olunması Konstitusiyaının qeyd olunan tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsi də onu nəzərdə tutur ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarında məhz haqlı olaraq qeyd olunanlar nəzərə alınmaqla, iddiçının tələbi təmin edilərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Cavabdehin apellyasiya şikayətinin, şəxsiyyət vəsiqəsini əldə etdiyi tarixdən iddiaçının məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müvafiq sənəd toplusu ilə birlikdə Komitəyə müraciət edə bilmək hüququna malik olmasını mübahisələndirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki, iddiaçının qanuni nümayndəsi olaraq atası İddiaçı müvafiq ərizə ilə Komitəyə müraciət etmiş, sonuncu isə onun xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina cavabı vermişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 10826/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-10826/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar