Məhkəmə qərarları › İş №2-1(103)-992/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-992/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-992/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə birjasının “xxxx” MMC) “pul vəsaitinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3379/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” ASC 17.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə birjasının “xxxx” MMC göstərilməklə) “20.12.2019-cu il tarixli, 276/1 saylı hesabfaktura və 30.12.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında iddiaçı tərəfindən “xxxx” MMC-nin (hərrac təşkilatçısı) hesabına ödənilmiş, hərrac təşkilatçısı tərəfindən də öz növbəsində 30.12.2019-cu il tarixli, müvafiq olaraq 175,176,177 №-li və 07.01.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655,720.65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (Bank) ilə “xxxx” firması arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 04 oktyabr 2018-ci il tarixinədək qaytarmaq, illik 16 % ödəmək şərti ilə 17 000 000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə ‘‘xxxx” firmasının öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə Borc alan arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ipotekaya qoyulması barədə 08.07.2015-ci il tarixli **********8815/SİM №-li Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.07.2015-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasına görə Bank tərəfindən borc alan, eyni zamanda ipoteka qoyan “xxxx” firmasına qarşı kreditin vaxtından əvvəl qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinin irəli sürülməsi ilə əlaqədar məhkəmə mübahisəsi yaranmış və qeyd edilən məhkəmə mübahisəsi çərçivəsində “xxxx” firması tərəfindən ASC “Xalq” Bankına qarşı “08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi” haqqında ilkin iddia, ASC "Xalq” Bankı tərəfindən isə “xxxx” firmasına qarşı "08.07.2015-ci il tarixli **********58815 №-li Kredit xətti müqaviləsi üzrə İddiaçının Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” qarşılıqlı iddia tələbləri irəli sürülmüşdür. Həmin işə mahiyyəti üzrə baxılmasını yekunlaşdıran Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qətnaməsi ilə xxxx” firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına (bundan sonra birlikdə “Qeyri-yaşayış sahəsi” adlandırılacaq) tutma yönəldilməsi və „xxxx” firmasından Kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119,08 ABŞ dollar məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmiş. Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 38 600 000 manat məbləğində müəyyən edilmiş, ,, xxxx firmasının ASC „Xalq ” Bankına qarşı ilkin iddiası isə rədd edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Respublika Xammal və Əmtəə Birjasının “xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin Qeyriyaşayış sahəsi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq" Bankına təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilərək əmlakın satın alınması üçün dəyərinin 0.25% miqdarında xidmət haqqı və həmin məbləğ üzrə hesablanmış əlavə dəyər vergisi Hərrac təşkilatçısına köçürmə yolu ilə 25.12.2019-cu il tarixdə ödənilmişdir. Lakin Hərrac təşkilatçısı AR Vergi Məcəlləsinə 30.11.2018-ci il tarixli 1356- VQD nömrəli qanunla edilmiş dəyişikliyi əsas gətirərək, 655 720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsini də Bankdan tələb etmiş və bu məqsədlə 20.12.2019-cu il tarixli, 276/1 saylı Hesab-fakturanı Banka təqdim etmişdir. Bank tərəfindən Hərrac təşkilatçısına qeyd edilən məbləğin tərəflərindən deyil, əmlakın mülkiyyətçisi olan "xxxx” firması tərəfindən ödənilməli olması barədə 26.12.2019-cu il tarixli məktubla bildirilmişdir. Bundan sonra Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərracların nəticəsi olaraq ASC “‘Xalq’’ Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi nəticəsində qanunvericiliyin tələblərinə əsasən ipotekaya xitam verilmə təhlükəsi yarandığından Bank tərəfindən Hesab- fakturada nəzərdə tutulan məbləğ 30.12.2019-cu il tarixdə 29034 №-li Ödəniş tapşırığı əsasında "xxxx'’ MMC-nin hesabına ödənilmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində 30.12.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 və 07.01.2020-ci il tarixli 01 №-li Ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. Bundan sonra Qeyri-yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı, Nərimanov Rayon İcra və Probasiya Şöbəsi və Bank tərəfindən imzalanmış müvafiq olaraq Hərracın Yekunları barədə 67/01 nömrəli protokol, həmçinin Bank ilə Hərrac təşkilatçısı arasında bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq Qeyri-yaşayış sahəsinin son satış qiyməti 24 607 500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bank tərəfindən əldə edilməsinə baxmayaraq, Borc alanın Kredit xətti müqaviləsi üzrə qətnamə ilə əmlak hesabına ödənilməsi qət edilən borcunun təxminən 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi ödənilməmiş qalmışdır. Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak ASC “Xalq” Bankına deyil, müvafiq kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən “xxxx” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş maddələrinə əsasən “xxxx” firması ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki. həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırkı halda isə faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bankın həmin əməliyyat üzrə sadələşdirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab etmirlər. Belə ki, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar olaraq birinci növbədə "xxxx’’ firmasının vergi öhdəliyinin yerinə yetirilməsi, sonradan isə Bankın tələblərinin ödənilməsi qanunvericiliklə ipoteka hüququnun sahibi olan ipoteka saxlayanın öz tələblərinin birinci növbədə ödənilməsi ilə bağlı üstünlük hüququnun pozulmasına gətirib çıxarır. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı Bank tərəfindən borc alanın əvəzinə sadələşdirilmiş vergisinin ödənilməsi borc alanın borcunun ipoteka predmeti hesabına Bankın haqlı olaraq gözlədiyi kimi müvafiq məbləğdə azalması əvəzinə Borc alanın Banka olan borcunun sadələşdirilmiş vergi məbləğində artırılmasına gətirib çıxarır. İpoteka haqqında qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, kreditorun (ipoteka saxlayanın) borc alana qarşı tələbləri ipoteka hesabına üstün qaydada təmin olunmalıdır. Yəni kreditora elə bir hüquqi imkan yaradılmalıdır ki, təminat olaraq ipotekaya götürdüyü əmlak hesabına borcu tam şəkildə təmin edilsin. Bu mövqe həmçinin qanunvericinin daşınar əmlakın yüklülüyü zamanı hesabdan pul vəsaitinin silinməsi ardıcıllığında tutduğu mövqeyə də uyğundur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidməti) əvəzinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-3379/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “20.12.2019-cu il tarixli, 276/1 saylı hesab-faktura və 30.12.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında iddiaçı tərəfindən “xxxx” MMC-nin (hərrac təşkilatçısı) hesabına ödənilmiş, hərrac təşkilatçısı tərəfindən də öz növbəsində 30.12.2019-cu il tarixli, müvafiq olaraq 175,176,177 №-li və 07.01.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655,720.65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 05.01.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin “şikayət” kimi göstərilməsini yazı xətası kimi qəbul edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxs üçüncü şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə birjasının “xxxx” MMC lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə nümayəndələri gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni iddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə ilə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş məbləğin qaytarılmasından cavabdehin imtina edilməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında iddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə ilə cavabdeh orqana müraciət etdiyini göstərsə də, artıq ödənilmiş məbləğin qaytarılmasından cavabdehin imtina edilməsi barədə məlumatın məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında imtinaedici məktubun olmadığını qeyd etsə də, bu məktubun mövcudluğu ilə bağlı hər hansı araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdehin imtina məktubunun mövcudluğu ilə bağlı araşdırma aparılmalı, iş üçün əhəmiyyətli olan sübutların təqdim edilməsi tərəflərə təklif edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3379/2020 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-3379/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “20.12.2019cu il tarixli, 276/1 saylı hesabfaktura və 30.12.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında iddiaçı tərəfindən “xxxx” MMC-nin (hərrac təşkilatçısı) hesabına ödənilmiş, hərrac təşkilatçısı tərəfindən də öz növbəsində 30.12.2019-cu il tarixli, müvafiq olaraq 175,176,177 №-li və 07.01.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655,720.65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar