Məhkəmə qərarları › İş №2-1(103)-992/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-992/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-992/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X11, cavabdehin nümayəndəsi X6 iştriakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyi) qarşı Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “şəhid statusunun bərpa olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1997-ci ildə əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona verilmiş şəhid ailəsi statusunun 11 il sonra - 2008-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əsl cavabdeh DSMF Binəqədi rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyi) ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üçüncü şəxslər qismində işə cəlb olunmaqla əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı iş üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qərarının təsviri hissəsində yol verilmiş yanlışlıq düzəldilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı “əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləvğ edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2155/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-793/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş , işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışıdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-4810/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin hallarına «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 1-ci, 2-ci, 5-ci bəndini, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndini, 4.1-ci bəndini, İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü, 73.1-ci maddələrini tətbiq etməklə iddianın təmin edilməməsi qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, vəsiqə mövcud olduğu halda təqaüdün verilməsinin dayandırılmasının hüquqi əsası müəyyən edilməmişdir. Həmçinin iddiaçıya məxsus vəsiqənin hazırda hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş: - İddiaçı məxsus xx.xx.2004-cü il tarixdə BakıBinəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1938-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - AЗ seriyalı 015016 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 arasında 1963-cü ilin may ayının 14-cü günündə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. - İİ-ЖГ seriyalı 412970 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü ildə Gəncədə sinəsindən aldığı atəş yarasından vəfat etmişdir. - Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında xx.xx.1993-cü il tarixli “Akt”dan görünür ki, X7 xx.xx.1993-cü ildə saat 09:00 radələrində döyüş bölgəsinə hərbi sursat apararkən mərmi partlamış, sağ qolu, sinəsindən xəsarət almış, həmin xəsarət nəticəsində Gəncə hərbi hospitalına çatdırılmış və orada həlak olmuşdur. Həmin Akt mərhumun işlədiyi Avtomobil dəstənin rəhbəri və həmkarlar itifaqı sədri tərəfəindən imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********9 №li və xx.xx.2018-ci il tarixli **********1 saylı məktublarda müraciətçiyə bildirilmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Şəhidlik statusunun müəyyən edilməsi üçün aidiyyat orqanlara müraciət edilməsi tövsiyyə olunur. Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli 03/11-11- 31/1776 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün 2007-ci ilin 8 fevral tarixində Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Qeyd edilən sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1952/d saylı məktubundan müəyyən edilir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X1 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumat Yasamal rayon İcra hakimiyyətində aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2-ci bəndində əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2.valideynlərinə; 2.3.18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Qaydaların 5-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Qaydaların 5-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə” 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, mülki vətəndaşlara şəhid ailəsi statusunun verilib verilməməsi məsələsinin rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğu halda, hazırki iş üzrə iddiaçının yaşadığı ərazi üzrə yerli icra hakimiyyəti orqanlarında (əvvəllər yaşadığı ərazi üzrə Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti və hazırda yaşadığı ərazi üzrə Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti) bununla bağlı heç bir sənədlərin mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçı müraciətinə əsasən, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti tərəfindən ona 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmiş, sonradan Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmiş, sonuncuya sənədin təqdim edilməsi üçün müvafiq bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. İşin araşdırılan hallarından da görünür ki, iddiaçı mərhum ərinin şəhid olması ilə bağlı nə inzibati orqana, nə də ki, məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləş ərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən X4 “Şəhid” statusunun verilibverilməməsinə dair məlumatın (əgər verilmişdirsə, buna dair sənədlərin ) məhkəməyə təqdim edilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti bildirmişdir ki, X1 adına “Şəhid” statusunun verilib-verilməməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Eyniliklə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin cavab məktubundan məlum olur ki, X5 “Şəhid” statusunun verilib-verilməməsi barədə hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də sorğuya eyni məzmunlu cavab verərək, X3 adına “Şəhid” statusunun verilib-verilməməsi ilə bağlı heç bir məlumat aşkar edilmədiyini bildirmişdirlər. Göründüyü kimi, Ali Məhkəmənin qərarındakı məcburi göstərişə uyğun araşdırma aparılaraq iddiaçıya məxsus olan “Şəhid ailəsi” vəsiqəsinin və müvafiq təqaüdün verilməsinə hüquqi əsas ola bilən sənədlərin mövcud olması müəyyən edilməmişdir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı ,18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı ,18 noyabr 2020-ci il tarixli qərarının qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar