Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-992/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, sonradan isə əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri X9 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə 4.000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur.İddiaçı hesab edir ki, həmin qərar əsassızdır. Belə ki, cavabdeh idarənin əməkdaşları tərəfindən 11 noyabr 2021-ci il tarixdə onun fərdi sahibkar (çay evi) kimi fəaliyyət göstərdiyi - Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 17 ünvanında yerləşən birmərtəbəli qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirmiş, 005375 nömrəli aktda tərtib olunmuşdur. Həmin aktda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozularaq, iki nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi qeyd olunmuşdur. Lakin müəssisədə fəaliyyət göstərən şəxslərlə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilələr bağlanmışdır. O, vergi orqanı tərəfindən tərtib olunmuş sənədlərdə adı çəkilən X6 və X4 tanımır, həmin şəxslər onun tabeliyində işləmir. Göstərilən hallar həmin şəxslərin Dövlət Vergi Xidmətinə təqdim olunan izahatlarında da öz təsdiqini tapır. Belə ki, hər iki şəxs həmin müəssisədə işləmədiyini və müştəri olaraq orada olduqlarını istintaq orqanına verilən izahatlarında da bildirmişlər. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən mübahisələndirilən qərarla o, əsassız olaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Nar” kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, 11 noyabr 2021-ci il tarixli DVX seriyalı 005375 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Operativ vergi nəzarəti tədbiri zamanı həm iddiaçıdan, həm də işçilər X8 və X7 təhrif olunmuş izahatlar vermişlər. İddiaçı 11 yanvar 2021-ci il tarixli izahatında X5 müştəri kimi obyektdə olduğunu, X2 isə onun dostu olduğunu və obyektə müştəri kimi gəldiyini bildirmişdir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş 11 noyabr 2021-ci il tarixli aktda operativ vergi nəzarəti tədbiri zamanı aparılan müşahidədə işçi G.Muradovun obyektə məxsus geyim formasında, R.Rzayevin işçi geyim formasında olduğunu, həmçinin X2 müştəriyə xidmət göstərdiyini və X5 işlər gördüyünü müşahidə etdiklərini qeyd etmişdirlər. İddiaçı operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatla iddia ərizəsində qeyd edilənlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ərizəsində X4 tanımadığını bildirsə də, operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatda X2 onun dostu olduğunu, müştəri kimi gəldiyini bildirmişdir. Əlavə olaraq, İddiaçı 18 noyabr 2021-ci il tarixli vergi orqanına ünvanladığı şikayətində G.Muradoun onun əvvəlki işçisi olduğunu və obyektdə onu gözlədiyini bildirmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5712/2022 saylı xx.xx.2022-il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Operativ vergi nəzarəti zamanı həm İddiaçı, həm də işçilər X8 və X7 təhrif olunmuş izahatlar vermişdirlər. Belə ki, İddiaçı xx.xx.2021 -ci il tarixli izahatında X5 müştəri kimi obyektdə olduğunu, X2 isə onun dostu olduğunu və obyektə müştəri kimi gəldiyini bildirmişdir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktda OVN tədbiri zamanı aparılan müşahidədə işçi X2 obyektə məxsus geyim formasında, X5 işçi geyim formasında olduğunu, həmçinin X2 müştəriyə xidmət göstərdiyini və X5 işlər gördüyünü müşahidə etdiklərini qeyd etmişdirlər. Həmçinin,İddiaçı operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatla iddia ərizəsində qeyd edilənlər arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ərizəsində X4 tanımadığını bildirsə də, operativ vergi nəzarəti zamanı təqdim etmiş olduğu izahatda X2 onun dostu olduğunu, müştəri kimi gəldiyini bildirmişdir. Əlavə olaraq, İddiaçı xx.xx.2021-ci il tarixli **********909700 nömrəli vergi orqanına ünvanladığı şikayətində X2 onun əvvəlki işçisi olduğunu və obyektdə onu gözlədiyini bildirmişdir. Məhkəmə qərar qəbul edərkən operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri təhrif olunmuş izahatları əsas götürülmüşdür. Qeyd olunanın əksinə, operativ vergi nəzarəti tədbiri zamanı Elyar adlı şəxs vergi işçilərinin yoxlama aparmasına, işçilərin düzgün izahat verməsinə maneə yaratmış və özünü obyektin sahibi kimi təqdim etmişdir.Bu səbəbdən də işçilərin izahatlarında əks etdirdikləri təhrif olunmuş məlumalar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Eyni zamanda, operativ vergi nəzarəti tədbiri zamanı işçi X5 texniki təyinatlı otaqda usta kimi çalışdığı, X2 masalara xidmət göstərdiyi müşahidə olunmuşdur. X7 yoxlamanın aparıldığını hiss etdikdə qaçaraq sanitar qovşaqda gizlənmişdir, (fotoşəkil əlavə edilir) Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsinin **********8754 nömrəli 5 yanvar 2022-ci il tarixli qərarına əsasən iddiaçının fərdi sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 17 ünvanında yerləşən “Nar” kafesində (çay evi) keçirilmiş operativ vergi nəzarəti zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, aşkar olunmuş faktlar 11 noyabr 2021-ci il tarixli DVX seriyalı 005375 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında qəbul olunmuş 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında ona 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Konkret halda, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə həmin qərarla qeyd edilən 2 nəfərə (X8 və X7) münasibətdə ona 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsini əsassız hesab edərək qərarın ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsi isə nəzərdə tutur ki, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunvericiliyin sadlanan tələbləri birmənalı olaraq onu deməyə əsas verir ki, konkret halda 2 nəfərə münasibətdə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin əsaslı olduğunu sübuta yetirmək məhkəmənin vəzifəsi yox, məhz, cavabdeh vergi orqanının qanunla üzərinə düşən öhdəliyidir və bununla bağlı artıq artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. İddiaçı tərəfindən iddia olunur ki, sözügedən 2 nəfər - X8 və X4 tanımır, həmin şəxslər onun tabeliyində işləmir, bu onların vergi orqanının əməkdaşlarına verdikləri izahatlarında da öz təsdiqini tapır. Ona görə də həmin şəxslərə münasibətdə onun vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. İş materiallarına işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli izahatlarından həqiqqətən görünür ki, onlar heç yerdə işləmədiklərini, o cümlədən, iddiaçı tərəfindən işə götürülmədiklərini bildirmişlər. Cavabdehin apellyasiya şikayətində iddiaçının ərizəsində həmin şəxsləri tanımadığını, G.Muradovun isə izahatında dostu obyektin sahibinin yanına gəldiyini deməsi mübahisələndirən dəlilinə gəldikdə, hər bir halda, G.Muradov onun iddiaçı tərəfindən işə götürülmədiyini və heç yerdə işləmədiyini bəyan etmişdir. Digər tərəfdən, onun iddiaçını özünə dost bilməsi nisbi bir anlayış olmaqla, əksinə, iddiaçının onu özünə dost sanması anlamını verə bilməz. Cavabdehin vergi orqanı tərəfindən operativ nəzarəti keçirən əməkdaşlar tərəfindən onların işlər gördüyünü müşahidə etdiklərini mübahisələndirməsinə gəldikdə, bu müşahidəni təsdiq edə bilən mötəbər sənəd-sübut, o cümlədən, həmin anın video görüntüsü mövcud deyildir. Apellyasiya şikayətinə ağ-qara fotoşəkil əlavə olunmaqla, R.Rzayev odlı şəxsin obyektə məxsus geyim formasında olduğunu və onun sanqovşaqda gizləndiyinin mübahisələndirilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, birincisi həmin fotoşəkildə başa ağa dikilmiş həmin şəxsin üz sifəti ümumiyyətlə görünmür, hansı geyimdə olmasına da qiymət verilməsi də mümkün deyildir. Əllərindən saçları qarışığı n üstündə nə varsa qaradır. Beləliklə də, həmin fotoşəkildəki şəxsin birincisi R.Rzayev olduğunu, ikincisi onun vergi orqanı əməkdaşlarından qaçaraq, yoxsa, başqa zərurət daxilində gəlməsini təsdiq edə bilən sübut kimi qiymətləndirilməsi mümkün deyildir Odur ki, qeyd olunanlar baxımından, adıçəkilən şəxslərin iddiaçı ilə əmək münasibətlərində olduqlarını mötəbər sübutlarla təsdiq olunmadığı halda iddiaçının vergi məsuliyyətinə cəlb olunmasına haqq qazandırmaq mümkün deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 2-4-cü hissələrinin imperativ tələblərinə görə: - “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Beləliklə də, cavabdehin 5 yanvar 2022-ci il tarixli **********8754 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının, qeyd olunan iki nəfər şəxsə münasibətdə iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə, hər birinə görə 2000 manatdan olmaqla, cəmi 4000 manat məbləğində maliyyə sanksiyası təbtiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmiş hesab oluna bilməz. İPM-in 70.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılaraq düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarına uyğun olaraq da mübahisələndirələn qərarın ləğv edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmadığını və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5712/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-992/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-992/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver