Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-992/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən ümumi sahəsi 910 kv.m olan torpaq sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəni təmin etməkdən imtina elmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın l-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin vaxt sözü gedən torpaq sahəsi üçün iddiaçıya Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cü il tarixli, 2465 saylı sərəncam verilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cü il tarixli. 2465 saylı sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün qeyd olunmamasını və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisində qeyd olunan yerləşmə və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğunu qeyd edərək torpaq sahəsi üzərində hüquqlarının qeyd alınmasından imtina elmişdir. Həmçinin cavabdeh sözü gedən torpaq sahəsi üçün onlara Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cii il tarxili, 2165 saylı sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində 1100 kv.m göstərilsədə faktiki ayrılan sahəsinin 910 kv .m təşkil etdiyini göstərmişdir. İddiaçı qeyd etmişdir ki, ona Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cii il tarixli. 2465 saylı sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində 1100 kv.m göstərilsə də faktiki ayrılan sahəsinin 910 kv.m təşkil etdiyindən cavabdeh tərəfindən faktiki 910kv.m təşkil edən torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmasına etiraz etmir. Daha sonra iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək “Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən ümumi sahəsi 910 kv.m olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə” qoyulması xahiş edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9077/2023 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən ümumi sahəsi 910 kv.m olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 2465 saylı Sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Belə ki, ayrılmış torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Müvafiq yerləşmə cizgisi xx.xx.2005-ci il tarixində tərtib edilmişdir. Belə ki, qeyd olunan maddənin məzmununa uyğun olaraq yerləşmə cizgisi torpaq sahəsi ayrılmamışdan əvvəl tərtib olunmuşdur Həmçinin torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisində qeyd olunan yerləşmə və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilən texniki baxış zamanı iddiaçı müvafiq iddia tələbi ilə bağlı İdarəyə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli müraciətində ********** nömrəli, xx.xx.2018-ci il tarixli müraciətində göstərdiyi sahədən 800 metr məsafədə tamamilə fərqli sahə göstərmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 2465 saylı Sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisində qeyd olunan yerləşmə və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Qeyd olunanlarla yanaşı torpaq sahəsi yerləşmə cizgisində 1100 kv.m göstərilsə də faktiki olaraq 910 kv.m təşkil edir. İş materiallarından görünür ki, iddiaçının vəkili Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli məktubla təkrar müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1994-cü il tarxili, 2465 saylı sərəncamla İddiaçı ayrılmış torpaq sahəsinin faktiki sahəsinin 910 kv.m olması müəyyən edilmişdir. Ayrılmış torpaq sahəsinin sərəncamda qeyd edilən torpaq sahəsindən az olmasına baxmayaraq sözü gedən torpaq sahəsinin özəlləşdirilməsinə müvafiq yardım göstərilməsini cavabdehdən xahiş etmişdir Cavabdehin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Tətbiq edilən hüquq normaları: “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.24-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmə Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: ........ 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri...... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahının: 2.7. Yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının “Badamdar qəsəbəsində Köhnə bağlar ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1994-cü il tarixli 2465 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahəsi İddiaçı adına sənədləşdirilərək, orada fərdi evin tikintisinə icazə verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin cizgidən” görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2465 saylı Sərəncamı ilə vətəndaş İddiaçı adına Badamdar qəsəbəsi, 5-ci Bağlar döngəsi, ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin ayrılmış və ayrılmış sahənin cizgisi və xəritədən çıxarışı tərtib edilmiş və RİHB-nın Badamdar qəsəbə nümayəndəsi və Səbail RİHB-nın müavini tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd edilən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncamin mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmir və hazırda qüvvədədir. Cavabdehin tərəfindən apellyasiya şikayətində mübahisələndirdiyi hallar aşağadakılardır: 1)Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2465 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmadığından ayrılmış torpaq sahəsinin ölcüsünü müəyyənləşdirmək mümkün deyildir. 2)Yerləşmə cizgisi sərəncamdan sonra (apelyasiya şikayətində texniki səhv olaraq əvvəl göstərilmişdir) tərtib olunmuşdur. 3)İddiacı əvvəlki müraciətində fərqli sahə göstərmişdir. Apelyasiya şikayətinin birinci dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncam ümumi sərəncam olmuş və həmin sərəncamda adları qeyd edilən digər şəxslərə münasibətdə də, ayrılmış torpaq sahəsinin ölcüsü göstərilməmişdir. Həm də, ayrılmış torpaq sahəsinin ölçüsü sərəncam əsasında tərtib edilmiş cizgidə öz əksini tapmış və həmin cizgi aidiyyəti üzrə sərəncamı vermiş inzibati orqanın vəzifəli şəxsi tərəfindən imzalanmaqla möhürlənmişdir. İş materiallarından görünür ki, cavabdeh torpaq sahəsinin yerləşmə cizgisində 1100 kv.m göstərildiyini, faktiki olaraq 910 kv.m təşkil etdiyini bildirmiş, iddiaçı isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı tələbini dəqiqləşdirərək 910 kv.m olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisində qeyd olunan yerləşmə və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olması ilə bağlıdır. Əvvəla, cavabdehin qeyd etdiyi uyğunsuzluq iddiaçının iradəsindən asılı deyil. Eyni zamanda uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. İddiaçının inzibati orqana əvvəlki müraciətində onların əməkdaşlarına fərqli sahə göstərməsi ilə bağlı cavbdeh nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Həm də, mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması birinci instansiya məhkəməsi tərəfindən kecirilmiş müayinə zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisələndirilən torpaq sahəsinə dair hər hansı şəxsin müraciətinin olması, həmçinin hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halıda müəyyən edilməmişdir. Kollegiyanın qənaətinə görə sərəncamın tərkib hissəsi olan digər sənədlərdə torpaq sahəsinin ölcüsü göstərildiyindən, sərəncamın özündə ayrılmış torpaq sahəsinin ölçüsünün göstərilməməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına maneə deyildir. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-992/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-992/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver