Məhkəmə qərarları › İş №2-1(103)-993/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-993/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-993/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vergi borcunun tələb edilməsinin qadağan olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 12425/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «İddiaçı səlahiyyətlərinin de fakto olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənimsənilməsini və buna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış şəraiti nəzərə alaraq İddiaçındən vergi borcunun tələb edilməsinin qadağan olunması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 oktyabr 2003-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və öz öhdəliklərini vaxtında icra etmişdir. Lakin sonradan kommunal xidmətlərə görə borclarını ödəməkdən yayınan bəzi bina sakinləri birləşərək binanın idarə olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı təşkilat təsis etmişlər. Hazırda binanın əvvəlki idarəedici təşkilatı ləğv olunmamış və eyni bina üzrə eyni vaxtda iki idarəedici təşkilat qeydiyyata alınmışdır. İddiaçı faktiki olaraq fəaliyyət göstərə bilmir və sakinlərdən kommunal xidmət haqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti toplayır. Buna baxmayaraq cavabdeh tərəfindən İddiaçınə vergi borcu hesablanmışdır. Hesab edir ki, Binanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idarə etdiyindən artıq İddiaçındən vergi öhdəliyinin tələb olunması qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbi vergi borcunun tələb edilməsinin qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da vergi ödəyicisi hansı vergi borcu üzrə həmin tələbi irəli sürdüyünü, hansı hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağa çalışdığını göstərməmişdir. İddiaçı iddia ərizəsində heç bir hüquqi əsas göstərmədən belə bir dəlil gətirmişdir ki, onun fəaliyyət göstərdiyi bina üzrə kommunal xidmət haqlarını idarəedici təşkilat kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti toplayır və bu halda ona vergi hesablanmalı deyil. Ancaq "xxxx" Mənzil-Tikinti Kooperativinin iddia ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində iddiaçının hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12425/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq ərizəni məhkəmə təqdim etmişdir. Daha sonra iddia ərizəsinin mümkünlük iclasına xx.xx.2022-ci tarixində baxılacağı haqqında məlumatlandı. Səhhətində yaranmış səbəblərə görə həmin tarixdə məhkəmədə iştirak edə bilməmişdir. Növbəti gün məhkəməyə yaxınlaşıb keçirilmiş iclas haqqında məlumat almaq istədi. Amma işin nəticəsi barədə heç bir şey öyrənə bilmədi. Daha sonra məhkəməyə yollansa da, nəticənin öyrənə bilmədi, qərarı isə tezliklə ona göndəriləcəklərini bildirdilər. Yalnız sonradan xx.xx.2022-ci tarixdə çıxarılmış qərardadın xx.xx.2022-ci ildə elektron kabinetdə yerləşdirildiyini gördü. Həmin qərarda görə guya, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən hüquqi yardım göstərilmiş, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməsini və vergi borcunun hesablanmasına əsas olmuş qərarı təqdim etməklə iddia tələbinin həmin qərarın (nömrəsi və tarixi qeyd edilməli) mübahisələndirilməsi kimi dəyişdirilməsini təklif etmişdilər. Halbuki belə bir məlumatlandırma olmamış, ona heç bir şəkildə yardım göstərilməmişdir. Həmin məcəllənin tələbinə görə belə bir yardım göstərmək məhkəmənin vəzifəsidir. O, məhkəmə iclasının keçirilmə vaxtını da şifahi şəkildə öyrənmişdir. Ərizənin qeyri-mümkün olmasını və onun səbəblərini o yalnız 25 gündən sonra öyrənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, məhkəmə qərarı qanunidir, çünki qarşı tərəflə aralarında mübahisə mövcud deyil. İddia ərizəsindən anlaşıldığı qədər hər hansı gələcəkdə yaranacaq öhdəliyi nəzərdə tutur. Şəxsi hesab vərəqəsində borc yoxdur və heç bir borc tələbi irəli sürülməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin, həmin Qərarın 4.1., 4.2. və 5.1.-ci bəndlərində göstərilmişdir ki, İPMin 35ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki “vergi borcunun tələb edilməsinin cavabdehə qadağan olunması” barədə iddia tələbi üzrə cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi və ya qərarı nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hansı hallara yol verməsi aydın deyil. Belə ki, iddia ərizəsinin məzmununa əsasən, iddiaçı onun barəsində müəyyən edilmiş vergi borcunun tələb edilməsinə etiraz etmiş, lakin, iddiaçı öz ərizəsində bu barədə cavabdehin hər hansı bir qərarına istinad etməmişdir. Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona vergi borcunun hesablanmasına dair qərarı məhkəməyə təqdim etməmiş, ümumiyyətlə cavabdeh tərəfindən qəbul edilmiş hər hansı qərarı mübahisələndiribmübahisələndirməməsi barədə məhkəməyə məlumat verməmişdir. Bu barədə ona məhkəmə tərəfindən hüquqi yardım göstərilsə də, iddiaçı tələbini dəqiqləşdirməmiş və məhkəməyə tələbini əsasdlandıran hər hansı dəlil təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən müvafiq şərtlər mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). Apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçınə məxsus şəxsi hesab vərəqəsindən də iddiaçnın hər hansı borcunun olduğu müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hüquqi yardım haqqında məktubu (bildirişi) xx.xx.2022-ci il tarixdə iddiaçıya xəbərnaməyə imza edilməklə təqdim edilmişdir. Lakin iddiaçı tələbini dəqiqləşdirməmiş və məhkəməyə tələbini əsasdlandıran hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12425/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar